Ölkə rəhbərliyi hər zaman kütləvi informasiya vasitələrinə diqqət və qayğı göstərib. Bu qayğının bariz nümunəsi də Prezident Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzetlərə maliyyə vəsaitinin ayrılmasıdır. Adıçəkilən fond tərəfindən ayrılan maliyyə vəsaiti hesabına redaksiya əməkdaşlarının maddi durumunun yaxşılaşdırılmasına nə kimi yardımçı olduğunu düşünürsünüz? Ümumiyyətlə, redaksiyalar layihələrin icrasını həyata keçirməklə, mətbuatın inkişafına nə kimi yeniliklər gətirəcək? Bu məsələ ilə bağlı mətbuat nümayəndələrinə müraciət etdik.
Bahəddin Həziyev,
"Bizim Yol" qəzetinin baş redaktoru:
- Bu layihənin icrasında bir neçə əməkdaşımız iştirak edir və onlar da əmək haqqı alırlar. Bu da, təbii ki, əməkdaşlarımızın sosial durumuna müsbət təsir göstərir. Mən başqa qəzetlərin layihələri haqqında danışa bilmərəm. Amma bu, bizim üçün ilk təcrübədir, eyni zamanda da, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun özü üçün də ilk təcrübədir. Çünki sözügedən fond birinci dəfədir ki, bizdə yaradılıb və fəaliyyətə başlayıb. Yəni bu, bizim üçün yeni bir sahə olduğuna görə, bəzi çətinliklərimiz var. Amma ümumillikdə götürdükdə, bu layihə çərçivəsində biz artıq müxtəlif bölgələrdən 10-a yaxın material hazırlamışıq. Fikrimcə, belə bir fondun yaradılması bizim üçün çox böyük xeyri olacaq. Gələcəkdə də biz fikirləşirik ki, sözügedən fonda layihələrimizi təqdim edərək, öz fəaliyyətimizi genişləndirək. Bütün bunlar qəzetin daha maraqlı olması üçün lazımdır. Ümumiyyətlə, bu fondun yaradılması və qəzetlərə layihələrin təqdim olunasını mən müsbət qiymətləndirirəm.
Akif Aşırlı,
"Şərq" qəzetinin baş redaktoru:
- Sözügedən layihələr jurnalistlərin sosial vəziyyətinin qismən yaxşılaşmasına səbəb oldu. Fondun vasitəsi ilə udduqları layihəni müəyyən məbləğlə həyata keçirən insanlar müəyyən mənada öz maddi imkanlarını qismən düzəldə bildilər. Burada, konkret olaraq, "Şərq" qəzetini götürsək, bizim demək olar ki, hər ay bütün işçilərimiz bu sözügedən layihədən yararlanıbdır.
Bu baxır layihənin keyfiyyətinə ki, bu mətbuata hansı yenilikləri gətirə bilər. Bizim layihəmiz regionlarla bağlı idi. Yəni regionlarda qaçqın şəhərcikləri və məcburi köçkünlərin sosial problemləri ilə bağlı layihəni həyata keçirdik. Bizim əməkdaşlarımız bəzi bölgələrdə sözügedən layihə ilə bağlı səfərdə oldular və bu səfər zamanı oradakı qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul oldular. Yəni onların problemləri ilə daha yaxından tanış oldular. Eyni zamanda, həmin rayonların sosial-iqtisadi vəziyyətləri ilə də tanış oldular. Bütün bunlarla bağlı yazılar dərc olundu. Rayonlara ezam olunmuş əməkdaşlarımızın xərclərinin müəyyən bir qismi fond tərəfindən ayrılan yardım hesabına ödənildi.
Sevinc Seyidova,
"Həftə İçi" qəzetinin baş reaktoru:
- Jurnalislər regionlara gedərək, reportajlar hazırlayırlar. Belə ki, əməkdaşlarımız bölgələrdəki mövcud vəziyyətlə bağlı materiallar toplayırlar və bu da qəzetimizdə işıqlandırılır. Onların, yəni əməkdaşalrımızın yol xərcləri, ümumən səfərə xərclənən vəsait ödənilir. Onlara əlavə vəsait verilir. Təbii ki, bütün bunlar jurnalistlərin sosial durumuna müəyyən mənada müsbət təsir göstərir.
Bu, hələ ki, qısa bir müddətdir. Yəni dörd ay müddət keçib. Ancaq bu müddət ərzində də müəyyən işlər görülüb.