Xəzərin statusu ilə bağlı mübahisələrə aydınlıq gətirilir
Bu günlərdə Xəzəryanı ölkələrin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Məsələ ilə bağlı yaranan mübahisələrə son qoymaq üçün Xəzərin statusuna dair konvensiyasının hazırlanması barədə məlumatlar artıq yayılıb. Bu konvensiyanın hazırlanaması haqqında qərar məhz Türkmənistanın paytaxtı Aşqabadda keçirilən toplantı zamanı qərara alınıb. Türkmənistan mətbuatının verdiyi məlumata görə, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinlərinin qatıldığı toplantıda bu konvensiyanın hızırlanmasına hər 5 dövlət razılıq verib.
Xəzərin statusu ilə bağlı uzun müddətdir razılığın əldə olunmamasına səbəb burada bəzi dövlətlərin yaratdığı narazılıqlar və Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı hansı modelin tətbiq olunması ilə bağlı yaranan fikir ayrılıqlarıdır. İranın Xəzəryanı dövlətlərin toplantılarına qatılmamasını onun bu sahədə olan narzılığının göstəricisi kimi qiymətləndirmək olar. Onun əsas narazıçılığı isə Xəzərin orta xətt prinsipi ilə bölünməsi istiqamətində aparılan işlər barədədir.
Bir müddət bundan öncə, Türkmənistan dövlətinin Xəzərdə mövcud olan neft yataqlarından istifadə ilə bağlı Azərbaycanı məhkəməyə verməsi Xəzəryanı ölkələrin statusunun müəyyənləşdirilməsində daha bir qalmaqalın yaranmasına səbəb oldu. "Kəpəz" və "Günəşli" yataqlarının ona aid olduğunu bildirməyə çalışan Türkmənistan Azərbaycanı adıçəkilən yataqlardan istifadəyə görə beynəlxalq məhkəməyə verdi. Lakin bu məsələ ilə bağlı mübahisələrin Azərbaycan dövlətinin səhvi ucbatından baş vermədiyi də məlumdur. İki dövlət arasında yaranan narazıçılığın tezliklə həlli istiqamətində Türkmənistanda keçirilən toplantı zamanı da müzakirələr aparılıb və bunun həlli yollarının tapılması qərara alınmışdır. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, ABŞ-ın bəzi rəsmi dairələri, daha dəqiq desək, Dövlət Departamentinin xüsusi səfirinin Avrasiya enerji məsələləri üzrə böyük müşaviri Daniel Steyn də Azərbaycanla Türkmənistan arasında narazılığın aradan qaldırılması ilə bağlı öz köməyini göstərəcəyini bildirib. O, bu sözləri də elə Aşqabadda keçirdiyi mətbuat konfransı zamanı deyib. Müşavir iki ölkə arsında vasitəçilik etməyi də öz öhdəsinə götürə bilcəyini vurğulayıb. Görünür, bu regionda ziddiyyətlərin artdığını hiss edən ABŞ da yeni bir münaqişə ocağının yaranmasından ehtiyat edir. Məsələyə digər bir tərəfdən baxdıqda isə ABŞ-ın burada öz mövqelərini qorumaq məqsədi güddüyünü də ehtimal etmək olar. Nəzərə alsaq ki, ABŞ-ın bu regionda fəaliyyət göstərən xeyli sayda müəssisələri var, onda onun belə addımı başa düşüləndir. Regionda təhlükəsizliyin təmin olunması ən vacib şərtlərdəndir. Həm də burada ABŞ-ın da tərəfdarı olduğu NABUCCO layihəsinin gələcək perspektivləri üçün təhlükə yaranmış olur.
Xəzərin statusu ilə bağlı dövlət başçılarının Astanada keçirilən son görüşü zamanı da bu məslənin dinc yolla və kompleks tədbirlər görülməsi vasitəsilə həyata keçirilməsi qərara alınıb. Bundan başqa, Aşqabadda keçirilən konvensiyanın yaradılması ilə bağlı işçi qrupunun iclasında da təkcə dəniz dibinin bölünməsi deyil, həm də nəqliyyat kommunikasiyalırının inkişafı, dəniz təhlükəsizliyinin təmin edilməsi, ekoloji vəziyyət və dənizin bioloji resurslarının qorunması ilə də bağlı məsələlərin öz həllini tapması vacib görülür.
Qeyd edək ki, Xəzərin statusu ilə bağlı işçi qrupun növbəti toplantısı 2010-cu ilin birinci rübündə Tehranda keçiriləcək ki, burada da bir çox məsələlərin öz həllini tapması gözlənilir.