PDF Oxu

Araşdırma

  • 5

Türkiyənin Ermənistana gizli yardımları onun dirçəlişinə səbəb olur

Türkiyənin Ermənistana gizli yardımları onun dirçəlişinə səbəb olur
Son günlərdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədilə həyata keçirilən prosesdə müəyyən durğunluğun yaşandığı danılmazdır. Protokollar imzalanmazdan öncəki dövrə nəzər salsaq, buna qədər prosesin daha sürətli olduğunu qeyd etmək lazımdır. Lakin məsələ protokolların ratifikasiya edilməsi mərhələsinə girəndən bəri bu sahədə heç bir işin görülmədiyini desək, yanılmarıq. Protokolların, ilk növbədə, Türkiyə parlamentində ratifikasiya olunması qərara alınsa da, Türkiyə ictimaiyyəti və parlamenti bu məsələnin qəti əleyhdarı olduğunu bildirməkdədir. Ötən müddət ərzində, Türkiyədə baş verən ictimai-siyasi hadisələr buna əyani sübut ola bilər. İstər Türkiyə müxalifəti liderlərinin çıxışları, istərsə də müxtəlif ictimai birlik və təşkilatların bu prosesə etiraz əlaməti olaraq seçki kampaniyalarına başlaması bu sıradandır.
Bu günlərdə Türkiyə dövlətinin Azərbaycandakı səfirinin verdiyi açıqlama da Türkiyə-Ermənistan münasibətlərində yaranmış vəziyyətə bir növ müəyyənlik gətirmiş oldu. O bildirib ki, artıq sərhədlərin açılması ilə bağlı məsələ qapanıb. Buna əsas səbəb kimi isə Türkiyə dövlətinin irəli sürdüyü tələblərin yerinə yetirilməməsi göstərilir. Bu tələblərin başlıcası Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərini azad etməkdən ibarətdir ki, Ermənistan hökuməti də, hələ ki, bununla razılaşmaq niyyətində deyil. Türkiyə hökuməti dəfələrlə bütün dünya ictimaiyyəti qarşısında da açıq şəkildə bu tələbi irəli sürüb. Bundan başqa, Ermənistanla sərhədlərin açılması məsələsinin ikinci plana keçməsini həm də Türkiyədə baş verən digər mühüm və tarixi siyasi hadisələrlə əlaqələndirmək olar. "Kürd açılımı" da bu sıradandır. Bununla bağlı aparılan müzakirələr də böyük qalmaqalla müşahidə olunmaqdadır.
Türkiyə tərəfindən Ermənistana müxtəlif sahələrdə göstərilən yardım və köməklər də Ermənistan hakimiyyətini daha da ruhlandırmaqda və onu maliyyə və iqtisadi cəhətdən təmin etməkdədir. Onun bəzi məsələlərdə, xüsusilə Dağlıq Qarabağ mövzusunda öz mövqeyini sərtləşdirməsi də Türkiyə tərəfindən ona verilən dəstəyin nəticəsidir. Bundan başqa, dünya ictimaiyyəti tərəfindən də Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması yönümündə göstərdiyi təzyiqlər Ermənistan hökumətinə əlavə stimul vermiş olur.  Türkiyə-Ermənistan münasibətlərindən danışarkən ABŞ-ın bu məsələyə olan aidiyyatını yaddan çıxartmaq olmaz. Nəzərə almaq lazımdır ki, məhz onun göstərdiyi təzyiq və təsirin nəticəsində protokollar imzalanmış, qarşılıqlı razılaşma əldə olunmuşdu. Hazırda da belə təsirin göstərildiyi iddia edilir. Bununla əlaqədar olaraq, Türkiyə baş naziri R.T.Ərdoğanın dekabr ayının əvvəlində ABŞ-a planlaşdırılan səfəri və orada prezident Barak Obama ilə görüşü zamanı müzakirə edəcəyi mövzular içərisində sərhədlərin açılması məsələsinin də olacağını istisna etmək olmaz. Hətta bu günlərdə Türkiyə mətbuatının yazdığına görə, baş nazir Obamadan Dağlıq Qarabağ probleminin aradan qaldırılması ilə bağlı tələblə çıxış da edəcək. Bu xəbərin hər nə qədər doğru olduğunu bilməsək də, bu deyilənlərdə həqiqətə uyğunluğun olmasını düşünmək olar. Türkiyə baş nazirinin prezident qarşısında qoyacağı tələbə gəldikdə isə, o, yəqin ki, bu tələbi gördüyü işlər müqabilində edəcək. Nəzərə alsaq ki, Türkiyə hökuməti Ermənistana aşkar şəkildə olmasa da gizli şəkildə külli miqdarda yardım göstərməsi bəllidir və bu danılmaz bir faktdır. Son günlərdə yayılan məlumata görə, Türkiyə hökuməti gizli şəkildə Ermənistanda yerləşən AES-in texniki cəhətdən təminatının maliyyələşdirilməsinə yardım göstərir. Belə faktlar çoxluq təşkil edir. Onu da qeyd etmək lazımdır ki, çoxlu sayda erməni Türkiyə ilə olan hava əlaqəsindən istifadə edərək, bu ölkəyə gəlir və orada işlə təmin olunur. Bəli, görünür, məhz bu amilləri nəzərə alan R.T.Ərdoğan ABŞ prezidentinə Dağlıq Qarabağ məsələsində ciddi addım atılması ilə əlaqədar tələb irəli sürmək məqsədi güdür. Bunların hamısının isə, bəzi siyasətçilərin də dediyi kimi, Türkiyə-Ermənistan danışıqlarının pərdəarxası məqamlarına aid olduğunu düşünmək olar. Yeri gəlmişkən, bu pərdəarxası məqamlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi çox ciddi şəkildə iddia olunmaqdadır.

Digər xəbərlər