Nazim İbrahimov: “Gürcüstanda yaşayan soydaşlarımızın cəmiyyətə inteqrasiyası üçün layihələr bundan sonra da davam etdiriləcək”
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov Gürcüstanın Kvemo-Kartli bölgəsi qubernatorunun müavini Hüseyn Yusifovla görüşüb. Məlumatı "Səs" qəzetinə komitənin mətbuat xidməti verib. Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri, təhsil və torpaqla bağlı həllini tapmayan bəzi məsələlər və onların həlli yolları, soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı müzakirə aparılıb.
DİDK-nin dəstəyi ilə qonşu ölkədəki Azərbaycan məktəblərində açılan gürcü dili kurslarının fəaliyyətini və səmərəsini yüksək dəyərləndirən qubernator müavini deyib ki, Gürcüstan dövləti də Azərbaycan hökumətinin bu ölkədəki soydaşlarımızın cəmiyyətə inteqrasiyası ilə bağlı reallaşdırdığı layihələri dəstəkləyir və lazımi köməyi əsirgəmir. Belə ki, gürcü dili kurslarına Gürcüstan Təhsil Nazirliyi də dərsliklər təqdim edib.
Hüseyn Yusifov onu da bildirib ki, Kvemo-Kartli Qubernatorluğunun təşəbbüsü ilə Gürcüstandakı Azərbaycan məktəblərində gürcü dili üzrə olimpiada keçiriləcək. Görüşdə H.Yusifov Kvemo-Kartli qubernatoru David Kirkitadzenin DİDK rəhbərinin dəvəti ilə bu ilin sonunadək ölkəmizə səfərə gələcəyi barədə məlumat verib.
Qubernator müavininin sözlərinə görə, Gürcüstan dövləti dekabr ayının əvvələrinə nəzərdə tutulan Gürcüstanda yaşayan Azərbaycanlı Gənclərin Forumunun keçirilməsini dəstəkləyir və tədbirin təşkilinə kömək göstərməyə hazırdır.
DİDK-nin sədri Nazim İbrahimov bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın cəmiyyətə inteqrasiyası məqsədilə Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilən layihələr bundan sonra da davam etdiriləcək. O, qeyd edib ki, DİDK Gürcüstandakı Azərbaycan məktəblərində açılan gürcü dili kurslarının fəaliyyətini yaxın gələcəkdə daha da genişləndirməyi planlaşdırır, bunun nəticəsində aşağı sinif şagirdlərini də kurslara cəlb etmək mümkün olacaq.