KTMT NATO-ya qarşı güclü rəqib deyil
Məlum olduğu kimi, artıq dünəndən etibarən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində yaradılan Çevik Hərbi Qüvvələrin Qazaxıstanda hərbi təlimləri başlayıb. Qeyd edək ki, bu qüvvələr, bir müddət bundan əvvəl, Rusiyanın təşəbbüsü ilə yaradılmışdı. Çevik hərbi qüvvələrin tərkibinə isə Türkmənistan, Qazaxıstan, Özbəkistan və Ermənistan kimi postsovet ölkələri qoşulmuşdu. Bu qüvvələrin yaradılması böyük səs-küyə səbəb olsa və bəzi MDB dövlətləri tərəfindən etirazla qarşılansa da, buna heç bir məhəl qoyulmamışdı.
MDB dövlətlərinin burada iştirak etməsi üçün çox böyük səy göstərsə də, Rusiya buna tam nail ola bilməmişdir. KTMT-nin çevik hərbi qüvvələrindən danışarkən, ilk növbədə, onu qeyd etmək lazımdır ki, bu qüvvələrin tərəfdaş ölkələrinin Rusiyada keçirilən toplantısında onların nizamnaməsi qəbul olunmuş və bu nizamnamədə göstərilmişdir ki, bu qüvvələrin yaradılmasında məqsəd MDB ölkələri çərçivəsində terrorizmlə mübarizədə və digər bu kimi hadisələr zamanı bundan istifadə ediləcəyi nəzərdə tutulur. Əslində, bu müqaviləyə qoşulmayan ölkələr bunun gərəksiz bir qurum olduğuna inandıqlarını bildirmişlər. Rusiyanın NATO-ya alternativ bir hərbi qurum kimi yaratmaq istədiyi bu çevik qüvvələrin elə onun məqsəd və maraqlarına xidmət edəcəyi barədə də fikirlər yayılmışdı. Buna görə də, NATO-ya üzv olmaq istəyən və bunun üçün çox böyük addımlar atan Ukrayna və Gürcüstan kimi dövlətlər, həmçinin, Azərbaycan da bu quruma qoşulmaqdan imtina etdi. Əlbəttə, yaradılma məqsədi kimi digər bəhanələr gətirilsə də bu qüvvələrin yaradılmasında əsas məqsəd MDB məkanında NATO-ya qarşı hərbi qurum yaratmaq idi. Rusiya bu məqsədini həyata keçirmək üçün də öz tərəfdaşı olduğu ölkələri buraya cəlb etdi.
Çevik hərbi qüvvələrin yaradılması barədə təklifin özü də MDB məkanında böyük səs-küyə səbəb olmuşdu. Bunun Rusiyanın daim həyata keçirmək istədiyi keçmiş sovet ölkələrində öz ağalığını yenidən təmin etmək siyasətinin bir hissəsi olduğunu iddia edənlər də olmuşdur. Çünki yeni yaradılacaq bu qurum hərbi qurum idi və onun gələcəkdə hansı məqsədlər üçün istifadə ediləcəyi də tam bəlli deyildi.
MDB məkanında olan münaqişələrə bu qüvvələrin təsiri isə əsas diqqət mərkəzində olan məsələlərdəndir. Çünki hazırda bu regionda olan donmuş və aktiv münaqişələrin hər an böyük hərbi əməliyyatlarla müşayiət olunmaq ehtimalı da istisna edilmir. Belə əməliyyatların başlayacağı təqdirdə, bu çevik hərbi qüvvələrin hansı mövqe tutacağı da maraqlıdır. Ermənistanın bu quruma daxil olmasını nəzərə alsaq, bu məsələyə diqqət daha da artır. Belə ki, Ermənistan dövləti hazırda münaqişəli vəziyyətdədir. Dağlıq Qarabağ münaqişəsinin tərəflərindən biri olan Ermənistanın gələcəkdə münaqişənin həllində bu qüvvələrdən və onun verdiyi üstünlüklərdən məhz Azərbaycana qarşı istifadə etməsi də ehtimal edilə bilər. Belə olan təqdirdə, bu qurumun digər MDB dövlətlərinə qarşı yaradıldığını da söyləsək, yanılmarıq. Azərbaycana bu quruma üzv olmaq barədə rəsmi şəkildə təklif olunsa da, Azərbaycan tərəfi bununla razılaşmamış və bu qüvvələrin tərkibində iştirak etməkdən imtina etmişdi. Ölkəmizin belə bir qurumda iştirakı, əlbəttə ki, heç də məntiqli bir hadisə olmazdı. Burada təmsil olunan düşmən Ermənistan dövləti ilə birlikdə regional bir hərbi təşkilatda təmsil olunmaq Azərbaycanın xarici siyasi kursuna da zidd bir haldır.
Son günlərdə Qazaxıstanda keçirilən təlimlər zamanı da quruma üzv dövlətlərin ölkə başçılarının şəxsən təlimlərdə iştirakı ona olan yüksək marağın nəticəsi hesab oluna bilər. Bu maraq və diqqətin də onun gələcək perspektivlərini indidən açıb göstərmiş olur. Dünyada NATO kimi böyük bir hərbi təşkilatın olmasını əsas gətirənlərin bu quruma heç bir ehtiyac olmadığını düşündükləri vaxtda bu dövlətlərin çevik hərbi qüvvələrə belə diqqət göstərməsi də birmənalı qarşılanan hadisə deyil. Lakin bütün bu fikirlərin əsasında KTMT-nin NATO-ya qarşı güclü rəqib ola bilməyəcəyi ideyası dayanır.