Türkiyə-Ermənistan protokolları: kim uddu, kim uduzdu?
Oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Ermənistan-Türkiyə protokollarının imzalanması dünyanın gündəmində qalmaqda davam edir. Protokolların imzalanma mərasiminin 3 saat gec başlaması da maraqlı mətləblərdən xəbər verirdi. Türkiyə XİN rəhbəri A.Davudoğlunun üç dəqiqəlik yekun çıxışının mətnində Dağlıq Qarabağın adının çəkilməsinə Ermənistan nümayəndə heyətinin etirazı imzalanmanı təxirə saldı. Öz növbəsində Türkiyə nümayəndə heyəti də E.Nalbandyanın çıxışının layihəsində "soyqırımı" sözünün işlənməsi ilə əlaqədar narazılığını bildirdi. Nəticə etibarilə bəyanatlar verməkdən tam imtina etmək və yalnız protokolların imzalanması ilə kifayətlənmək kimi kompromis qərar qəbul edildi.
REGNUM informasiya agentliyinin verdiyi məlumata görə, bu hadisədən sonra Ermənistan prezidenti aparatının başçısının müavini Vigen Sarkisyan bundan sonra yalnız həmin sənədlərdə yazılanları oxumağı və onları görməyi tövsiyə edib. "Bu hüquqi sənədlərdə qarşıdakı addımların dəqiq ardıcıllığı və cədvəli nəzərdə tutulmuşdur"-o bildirib.
Xatırladaq ki, "Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlər yaradılması haqqında protokol"un mətnində, o cümlədən deyilir:
"Ermənistan Respublikası və Türkiyə Respublikası BMT-nin Nizamnaməsinə, Helsinki Yekun Aktına, Paris Yeni Avropa Xartiyasına müvafiq olaraq götürdükləri öhdəliklərə istinad edərək;
bərabərlik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət etmək barədə özlərinin ikitərəfli və çoxtərəfli öhdəliklərini təsdiq edərək;
iki ölkə arasında beynəlxalq hüququn müvafiq müqavilələri ilə müəyyən edilmiş ümumi sərhədin qarşılıqlı tanınmasını təsdiq edərək..."
Sürixdə protokollar imzalanan gün Ermənistan prezidenti Serj Sarkisyan radio ilə öz millətinə bəyanatla müraciət etmişdir. Bəyanatda deyilir: "Ermənistan-Türkiyə münasibətləri ayrıca bir proses olan Qarabağ məsələsinin həlli ilə əsla bağlı deyildir. Ermənistan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının adının çəkilməsi məsələlərini Qarabağ məsələsi ilə əlaqədar müzakirə etmir".
Burada bir incə məqam var ki, prezident Sarkisyan izahat xarakterli şifahi bəyanatla çıxış edir, onun administrasiyası isə yalnız və yalnız imzalanmış sənədlərə inanmağı tövsiyə edir. Tərəflərin BMT nizamnaməsinə, Helsinki Aktına, Paris Xartiyasına, habelə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə tərəfdar olmasını təsdiqləməsinə gəldikdə isə, imzalanmış protokollarda bu prinsiplərin qüvvəsinin Azərbaycana şamil olunmasını istisna edən və ya onların yalnız Türkiyəyə və Ermənistana şamil olunmasını nəzərdə tutan heç bir qeyd-şərt yoxdur.
Belə çıxır ki, həmin sənədlər imzalandığı gündən Yerevan regionda, o cümlədən, Azərbaycana münasibətdə ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına tərəfdar olmasını rəsmən etiraf edib. Protokollarda Helsinki Aktının və BMT-nin Nizamnaməsinin adının çəkilməsi isə xalqların "heç nə ilə məhdudlaşmayan" təyini-müqəddərat hüququ barədə Serj Sarkisyanın əvvəlki bəyanatını heçə endirir.
Belə çıxır ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququ hər halda Helsinki Aktı ilə, daha dəqiq desək, həmin sənədin VIII maddəsi ilə məhdudlaşır... və Ermənistan, hətta gələcəkdə Madrid prinsiplərini təkzib edəcəyi halda belə, dünəndən etibarən bunu rəsmən etiraf edir.
Sarkisyanın millətə şifahi müraciətinə gəldikdə isə, bu "izahatlara" onun öz administrasiyasının tövsiyəsinə uyğun olaraq yanaşmaq, yəni yalnız ən yüksək səviyyədə- dövlət səviyyəsində imzalanmış protokollarda yazılanı oxumaq və görmək lazımdır!
Bütün əvvəlki və sonrakı bəyanatlara isə sadəcə olaraq məhəl qoyulmamalıdır. Axı, bu izahatların ciddi qəbul edilməsi və tarixə daxil olması üçün onları protokolların mətninə daxil etməyə çalışmaq lazım idi. Lakin, bağışlayın, bunu etməmişlər və hətta hipotetik mənada da edə bilməzdilər.
Buna görə də indiki halda yuxarıda adları çəkilən dövlətlərarası protokolları rəsmən imzalamış ölkənin prezidentinin bütün şifahi bəyanatları onun şəxsi fikrinin ifadəsindən başqa bir şey deyil.
Hər bir halda beynəlxalq hüququn tələb etdiyi əsas şərtlər var və istənilən münaqişə beynəlxalq qanunlara, o cümlədən ərazi bötövlüyünə hörmət prinsipi ilə tənzimlənməlidir. Bu istiqamətdə danışıqlarda da məhz həmin beynəlxalq sənədlərə istinad edilir.
Bir sözlə, Ermənistan imzaladığı sənədlərlə "ərazi bütövlüyü" prinsipinin "öz müqəddaratını təyin etmə"dən üstün tutulduğunu etiraf və qəbul etdi. Münaqişənin gec-tez məhz ərazi bütövlüyü prinsipi əsasında həll olunacağını aydın dərk edən Yerevan söz oyunundan başqa çıxış yolu tapa bilmir. Amma artıq, qaçmağa yer yoxdur, qarşıda dalan var!