Türkiyənin Ermənistana etdiyi güzəştlər Azərbaycanl münasibətləri korlaya bilər
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı iki ölkə arasında imzalanmış protokolların bu gün Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunması üçün müzakirəyə çıxarılacağı gözlənilir. Məlum olduğu kimi, bu ayın 10-da Sürixdə keçirilmiş imzalanma mərasimində iki ölkə xarici işlər nazirləri protokolları imzalayıblar. Bundan sonra artıq məsələnin həllində daha böyük addımların atılması gözlənilir ki, bunlardan biri və başlıcası protokolların parlamentlərdə ratifikasiya olunmasıdır. Əgər protokollar parlamentlərdə ratifikasiya olunarsa, onda iki ölkə arasında sərhədlərin açılmasında artıq heç bir maneə qalmayacaq.
Ötən həftə baş verən proseslər də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması sahəsində irəliləyişlər əldə olunmasının bariz göstəricisidir. Nəhayət ki, Ermənistan prezidentinin Türkiyəyə baş tutan səfəri iki ölkə arasında yaranan mehribançılığın ən yüksək həddiydi desək, yanılmarıq. Hər halda, Türkiyə prezidenti və ümumilikdə, dövlət səviyyəsində Ermənistan prezidentinə göstərilən hörmət tez-tez müşahidə olunan hal deyil. Türklərin belə münasibətinin Ermənistan tərəfini də arxayın salmağa başlaması artıq müşahidə olunmaqdadır. Əgər belə olmasaydı, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda da özünün onsuz da qeyri-konstruktiv olan mövqeyini daha da sərtləşdirməzdi. Türklərin ona göstərdiyi münasibət və verdiyi dəstəyin də bu sərtləşməyə birbaşa təsirinin olması şübhəsizdir. Türkiyə hökuməti isə bunun belə olmadığına özünü inandırmaqla yanaşı, bunu bizə də təlqin etməyə çalışır. Türkiyə rəsmiləri, hətta dövlət başçısı səviyyəsində də verdiyi son açıqlamalarında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyişin olduğunu bildirməkdən çəkinmirlər. Ancaq çox təəssüf ki, biz bu irəliləyişi görmürük. Türklər yalnız bu məsələnin öz həllini tapdıqdan sonra Ermənistanla sərhədlərin açılmasına razı olacaqlarını bildirirlər. Türkiyə hökumətinin tez-tez belə açıqlamalar verməsi sanki Azərbaycanla münasibətlərə xələl gətirilməsinin qarşısını almaq məqsədi güddüyü də ehtimal edilə bilər. Onların bu məsələyə yalnız Azərbaycan nümayəndələri ilə görüşlərdə və Azərbaycana səfəri zamanı verdikləri açıqlamalarda münasibət bildirdiklərinin də şahidi olmuşuq. Ermənistanla danışıqlarda isə, Dağlıq Qarabağ məsələsinə toxunulmaması faktdır. Türklər bu məsələni qaldırmağa nə qədər cəhd göstərsələr də, bunun üçün Ermənistan tərəfindən böyük etirazla qarşılanıb və ermənilər ikitərəfli münasibətlərin normallaşdılırmasında Dağlaq Qarabağ məsələsinin şərt kimi irəli sürülməsinin yolverilməz olduğunu bildiriblər. Göründüyü kimi, türklərin Ermənistan qarşısında Dağlıq Qarabağ məsələsini qaldırmaqda acizdirlər. Türklər, nəinki Dağlıq Qarabağ məsələsini Ermənistanla danışıqlarda irəli sürməkdən çəkinirlər, onlar heç adi bir futbol matçına Azərbaycan bayraqlarının buraxılmasına da şərait yarada bilmədilər. Ermənilərlə münasibətlər korlanmasın deyə onlar, hətta Azərbaycan bayraqlarına qarşı hörmətsizlik etməkdən belə çəkinmədilər. Belə olan halda, Türkiyənin Ermənistanla sərhədlərinin açılmasında əsas şərt kimi Dağlıq Qarabağ münaqişəsinin irəli sürülməsinə necə inanmaq olar. Əlbəttə, Türkiyə rəsmilərinin verdikləri vədə inanmasaq.
Türklər ötən həftə də verdikləri vədlərlə yadda qaldılar. Azərbaycan parlamentinin nümayəndələrinin Türkiyəyə səfəri zamanı türk parlamentarilər və baş nazir R.T.Ərdoğan onlarla görüşü zamanı Türkiyə-Ermənistan münasibətlərində Azərbaycanın mənafeyinin üstün tutulacağını bildirmişlər. Türklər bu məsələdə bizi razı salmağa çalışsalar da, Azərbaycan ictimaiyyətində buna münasibət heç də birmənalı deyil və buna inanmayanlar da var. Artıq türklərə qarşı yeni münasibət dövrünün yaranması da müşahidə olunmaqdadır. Türkiyə - Ermənistan münasibətlərində yeni dövrün başlaması kimi.