PDF Oxu

Araşdırma

  • 5

Türkiyə-Ermənistan protokollarının imzalanması tarixi səhvdir

Türkiyə-Ermənistan protokollarının imzalanması tarixi səhvdir
Nəhayət ki, imzalandı. Əlbəttə ki, söhbət Türkiyə ilə Ermənistan arasındakı protokollardan gedir. Ötən həftə İsveçrənin paytaxtı Sürix şəhəri tarixi bir hadisənin şahidi oldu. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sərhədlərin açılmasını nəzərdə tutan və uzun müzakirələrdən keçən protokollara imza atılması ilə böyük bir tarixi addım atıldı.
Protokolların imzalanması ilə bağlı danışarkən, bunun heç də asan başa gəldiyini demək olmaz. Belə ki, imzalanma mərasimi öncəsi yaşananlar artıq məlum olduğu kimi, böyük bir qalmaqala səbəb oldu. Bu barədə məsələnin qaldırılması nə qədər böyük səs-küyə səbəb olmuşdusa, protokolların imzalanması da bir o qədər əks-sədaya səbəb oldu. Sürixdə imzalanma mərasimi öncəsi yaşananlar bu prosesin gələcəkdə də nə kimi çətinliklərlə üzləşəcəyindən xəbər verirdi. Ermənilərin imzalanma mərasimində öz etirazlarını bildirməsi və sənədləri imzalamaqdan imtina etməsi onların düşdüyü çətin vəziyyəti bir daha əks etdirmiş oldu. Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı istər Ermənistan daxilində, istərsə də xaricdə ona qarşı olan təzyiqlər özünün ən böyük təzahürünü imzalanma günü Sürixdə göstərdi. Əgər belə olmasaydı, Ermənistanın üzündən protokolların imzalanması mərasimi gecikdirilməz və hətta təxirə salınmaq səviyyəsinə düşməzdi. Ermənistan xarici işlər nazirinin görüşə gecikməsi və verilən məlumata görə ABŞ Dövlət Departamentinin baş katibi Hillari Klintonun təzyiqi ilə imzalanma mərasiminə qatılması görüş zamanı da onun bu məsələyə razı olmamasından xəbər verirdi. Edvard Nalbandyanın narazıçılığı onun hərəkətlərindən və özünü aparma tərzindən də aydın sezilirdi.
Belə bir hal nə qədər gözlənilməz idisə, bir o qədər də bunun belə olacağı əvvəlcədən nəzərə alınmışdı. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanın daxili və xarici qüvvələrinin xüsusilə diasporanın görüş öncəsi prezident Serj Sarkisyana məsələ ilə bağlı öz etirazını bildirməsi bunun acı nəticələrə səbəb olacağını bildirmişdi. Bu acı nəticələr də erməni nazirin görüşdən qaçması şəklində təzahür etdi. Əlbəttə, məsələ ilə bağlı digər dövlətlər maraqlı olmasaydılar, yəqin ki, bu protokolların imzalanması da baş tutmayacaqdı. Amma burada böyük və söz sahibi olan dövlətlərin maraqlı olması məsələni daha da əhəmiyyətli və mühüm bir səviyyəyə qaldırırdı. ABŞ, Fransa, Rusiya kimi dövlətlər iki ölkə arasında münasibətlərin normallaşdırılmasında çox maraqlı olduqlarından onların da təsirinin nəzərə alınmaması düzgün olmazdı. Hətta onların bu məsələyə bilavasitə təsirinin olması da danılmaz bir faktdır. İmzalanma mərasimi də bunu sübut etmək üçün mühüm bir faktdır. Bu prosesi ifadəli şəkildə iki ölkə arasında bağlanan "nigah" da adlandırırlar ki, burada da yuxarıda adlarını çəkdiyimiz dövlətlər şahid rolunda çıxış edirdilər. Ermənistan isə burada "zorakı nigah"a cəlb olunmuş tərəf kimi təsvir olunur. Ermənistanın göstərdiyi narazı mövqeyi onun belə adlandırılmasına səbəb olub.
Türkiyəyə gəlincə isə, Türkiyə dövləti protokolların imzalanmasına qədər nümayiş etdirdiyi sabit və konstruktiv mövqeyini imzalanma prosesi zamanı da nümayiş etdirməkdə davam etdi. Onun məsələyə belə ciddi yanaşması və öz mövqeyində israrlı olması Türkiyə dövlətinin yeritdiyi siyasətin nə qədər sülhpərvər olduğuna işarə kimi qiymətləndirilir, onun qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq və regionda sülhə nail olmaq səylərinin nəticəsi kimi də dəyərləndirilir. Türkiyə tərəfi və dünya da elə başa düşürlər ki, bu protokolların imzalanması və sərhədlərin açılması ilə regionda sülh və mehriban qonşuluq, əməkdaşlıq kimi məfhumlar təmin olunacaq. Amma onlar bir şeyi anlamırlar ki, regionda dondurulmuş münaqişə var və bu münaqişə hər zaman alovlana bilər. Bunu dünya təcrübəsi sübut edir.
Türkiyəni belə bir mövqe tutması isə onun bunları görməməsi ilə deyil, sadəcə olaraq, öz mənafelərini həyata keçirməsi ilə bağlıdır. Türkiyə dövlətinin bugünkü siyasətinə diqqət yetirsək, onun çox böyük bir xarici və daxili siyasi fəaliyyətlə məşğul olmasının şahidi olarıq. Türkiyə dövlətinin həyata keçirmək istədiyi "kürd açılımı", "erməni açılımı" və digər bunun kimi "açılım"lar Türkiyədə çox böyük siyasi proseslərin getməsinə səbəb olur. Hətta ölkə ərazisində qeyri-sabit siyasi vəziyyətin olması da iddia olunur. Bu qeyri-sabitliyə səbəblərdən biri kimi də məhz Ermənistanla sərhədlərin açılması göstərilir ki, Türkiyə iqtidarı da bu məsələnin öz həllini tapması üçün əlindən gələni əsirgəmir. Lakin ölkə müxalifəti və ictimaiyyəti bu prosesin qəti şəkildə əleyhinədir. Dövlət isə israrla xalqı inandırmağa çalışır ki, bu, çox əhəmiyyətli bir prosesdir və onun həyata keçirilməsi Türkiyə üçün vacibdir. Protokolların imzalanması prosesinə qəti etirazlar olsa da, Türkiyə bu prosesə getdi və öz addımlarında haqlı olduğunu bildirmək istədi.
Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Dağlıq Qarabağ münaqişəsinə təsiri və iki proses arasında əlaqəni müxtəlif şəkildə dəyərləndirirlər. Bəziləri bunlar arasında heç bir əlaqənin olmadığını, digərləri isə hər iki prosesin bilavasitə bir-birinə təsir etdiyini bildirirlər. Əlbəttə, regionda gedən bu iki prosesi bir-birindən tamamilə təcrid olunmuş şəkildə təsəvvür etmək heç də məntiqli olmazdı. Bu qarşılıqlı təsiri Türkiyə rəsmilərinin mövqelərində də aydın hiss etmək olar. Onlar davamlı şəkildə öz açıqlamalarında Türkiyə-Ermənistan sərhədlərinin yalnız və yalnız Azərbaycan topaqlarının erməni işğalından azad olunduqdan sonra açılacağını bildirirlər. Hətta protokollar imzalanandan sonra belə bu mövqe nümayiş etdirilməkdədir.
Türkiyə baş naziri və xarici işlər naziri isə hələ də Dağlıq Qarabağ məsələsinin həllində ümidvar olduqlarını və bu məsələ həll olunmadan sərhədlərin açılmayacağını bildirirlər. Əlbəttə, bunun hər hansı nəticəsinin olacağı artıq şübhə doğurur. Belə bəyanatlar verə-verə Türkiyə protokolları imzaladısa, elə bu templə də sərhədləri açacağı şübhəsizdir. Sərhədlərin açılmasına isə hər hansı bir ciddi maneənin olmadığını demək olar. Bunun üçün, sadəcə olaraq, protokolların parlamentlərdə ratifikasiyası lazımdır ki, bu isə heç də çətin görünmür.
Qeyd edək ki, bütün deyilənlərə baxmayaraq, dünya ictimaiyyəti bu prosesə münasibətini bildirirəkən, bunun çox böyük bir tarixi addım olduğunu və gələcəkdə böyük uğurlara səbəb olacağını bildiriblər.

Digər xəbərlər