Rəqəmsal texnologiyalar MDB məkanını birləşdirəcək
"MDB məkanını birləşdirək" görüşünün ümumi vəzifəsi regionda iqtisadi və sosial inkişafın mühərriki olan rəqəmsal texnologiyaların əsas infrastruktur və xidmətlərinə sürətlə keçmək üçün zəruri texniki, maliyyə və insan resurslarını səfərbərliyə almaqdır. Birinci dərəcəli vəzifələr sırasına müasir texnologiyaların və rabitə vasitələrinin inkişafı, sərmayələrin cəlb olunması üçün əlverişli şəraitin yaradılması, normativ-hüquqi mühitin təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadə xidmətlərinin tətbiqi daxildir. Hazırda rabitə sahəsində regional birlik (RSS) ekspertlərinin işçi qrupu "MDB məkanını birləşdirək" mövzusunda yüksək səviyyədə görüşün struktur məsələlərini hazırlayır. RSS-nin göstərəcəyi xidmətin formatına və görüşün yekun sənədlərinə dair təkliflər müzakirə olunub. İşçi qrupun iştirakçıları RSS-nin rabitə administrasiyalarının və işçi orqanlarının zirvə görüşünün tematik istiqamətlərinə dair təkliflərini müzakirə ediblər. Diskussiyanın nəticələrinə əsasən, "MDB məkanını birləşdirək" mövzusunda görüşün tematik tamamlanmasına dair təkliflər" sənədi hazırlanıb. Sənəddə əsas diqqət elektron xidmət və əlavələrin yaradılması, genişzolaqlı rabitənin inkişafı, rəqəmsal yayıma keçid, insan potensialının inkişafı, rabitə və İKT sahəsini maliyyələşdirmək üçün əlverişli şəraitin yaradılması məsələlərinə xüsusi diqqət yetirilir.