PDF Oxu

Araşdırma

  • 15

Azərbaycanlıların alman cəmiyyətinə inteqrasiyası ilə bağlı tədbir keçirilib

Azərbaycanlıların alman cəmiyyətinə inteqrasiyası ilə bağlı tədbir keçirilib
Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) bu ölkəyə emiqrant kimi gəlmiş əcnəbilərin alman cəmiyyətinə inteqrasiyası ilə bağlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə bu problemin tarixi-sosial aspektlərinə nəzər salınıb, Almaniyaya köçmüş azərbaycanlı emiqrantların cəmiyyətə inteqrasiyasındakı nailiyyət və problemlərdən danışılıb.
Müzakirələrdə AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova, politoloq, Bundestaqın elmi işçisi Heiko Langner, Berlin şəhərinin İnteqrasiya, İş və Sosial məsələlər üzrə senatoru xanım Dr. Haydi Knake-Werner, Berlin Senatının üzvü, 2009-cu ildə keçiriləcək seçkilərdə Bundestaq üzvlüyünə namizəd, Sollar Partiyasının iqtisadi-siyasi məsələlər üzrə məsul katibi Ştefan Libix və digərləri çıxış ediblər.
Bildirilib ki, Almaniyada ötən əsrin 60-cı illərindən başlayaraq xarici ölkələrdən buraya işçi qüvvəsi axınının artması ilə əlaqədar olaraq "Əcnəbiləri qəbul edən ölkə" Dövlət Proqramının tətbiqinə başlanıb. Bu cür sürətli axın qarşısında alman cəmiyyətinin çoxmillətli bir topluma çevrilməsi və yeni məqsədlərin ortaya çıxması belə bir proqramın hazırlanmasını zəruri edib.
Qeyd edək ki, Almaniya əhalisinin beşdə bir hissəsini əcnəbilər təşkil edir. Lakin yerli əhali və əcnəbilərin birgə yaşaması, cəmiyyətdə eynihüquqlu təmsil olunması məsələsi uzun illər diqqətdən kənarda qalıb və emiqrantların yerli şərait və şərtlərə inteqrasiyasını ləngidib. Son zamanlarda bu sahədə ciddi elmi araşdırmalar aparılıb və belə bir nəticəyə gəlinib ki, Almaniyaya köçüb gəlmiş əcnəbilərin bir hissəsi biliklərini təkmilləşdirmək, öz ixtisasları üzrə çalışmaq baxımından cəmiyyətdən kənarda qalıblar. Eyni zamanda, hüquqlarından tam istifadə edə bilmir, dövlət yardımına ehtiyac duyurlar. Onlar arasında işsizlik geniş yayılıb. Hətta emiqrantların ilk nəsli alman dilinə lazımi qədər yiyələnmək problemi yaşayır. Onillərlə Almaniyada yaşamalarına baxmayaraq, onların təxminən 50 faizi Almaniya vətəndaşlığı almayıb və istər aktiv, istərsə də passiv şəkildə seçkilərdə iştirak etmək hüququna malik deyillər. Buna görə də, əcnəbilərin bir çoxu özünü yerli cəmiyyətdən təcrid olunmuş, məhdud çərçivəyə salınmış kimi hiss edir.
Tədbirdə Almaniyada yaşayan azərbaycanlıların bir qisminin sözügedən problemlə qarşılaşdığı barədə də geniş söhbət açılıb. Müzakirələrdə qeyd olunub ki, Berlində emiqrantların cəmiyyətə inteqrasiyası siyasəti sahəsində yeni imkanlar araşdırılıb. Berlin Senatı bu məsələ ilə bağlı ekspertlərin yüksək qiymətləndirdiyi yeni inteqrasiya konsepsiyası hazırlayıb və artıq onun həyata keçirilməsinə başlanıb. Bu sənədə görə əcnəbilərin bütün sahələrdə iştirakı, fəallaşması konkret və sınaqdan keçirilmiş "İnkişaf layihələri" vasitəsilə reallaşdırılmalıdır. Skandinaviya təcrübəsinə əsaslanan layihələrə görə, inteqrativ məktəblərdə oxuyanlar bir-biri ilə daha çox vaxt keçirməli və bir-birlərindən öyrənməklə yanaşı, fərdi şəkildə də inkişaf etməlidirlər. Aztəminatlı təbəqədən, eləcə də köçkün ailələrindən olan uşaqların erkən yaşlarından sosial baxımdan təcrid olunması uzunmüddətli proseslə aradan götürülməlidir.
Konsepsiyaya görə, müəyyən təşkilatların maliyyələşdirdiyi iş sektoru uzun müddət işsiz olmuş əcnəbilərin qarşısında yeni imkanlar açır. Bu sektorun təklif etdiyi iş yerləri işsizlərin öz əməyi sayəsində pul qazanmalarına və bütün sosial sığortaları ödəməsinə imkan verir. Bu konsepsiya ilə bağlı bütün sualları Berlin parlamentinin üzvü Stefan Liebich cavablandırıb və gələcəkdə görüləcək işlər barədə məlumat verib.

Digər xəbərlər