Hüquqi-demokratik dövlət quruculuğu prosesində inamla irəliləyən Azərbaycanda qəbul edilən qanunlar, qərarlar yalnız insanların hüquq və azadlıqlarının daha geniş formada müdafiəsi üçün edilir. Məhz buna görə də, AŞ PA-nın, ATƏT-in və digər beynəlxalq qurumların hesabatlarında Azərbaycan ən inkişaf edən demokratik dövlət kimi dəyərləndirilir. Təbii ki, uğurlu demokratik islahatlar bundan sonra da davam etdiriləcək. Amma razılaşaq ki, prosesin inkişafı çətin və ağrılıdır. Çünki bəzən ayrı-ayrı fərdlər daha açıq və azad proseslərdən narahatlıq keçirirlər. Daha doğrusu, demokratik qanunlarla ayaqlaşa bilmirlər. Bu da bəzən neqativ halların baş verməsinə gətirib çıxarır. Necə ki, Baş Dövlət Yol Polisində ardıcıl islahatların həyata keçirilməsi fonunda ayrı-ayrı əməkdaşlar bu demokratik dəyişiklikləri qəbul edə bilmirlər. Qanunazidd əməllərin baş verməsi də, məhz bundan sonra üzə çıxır. Araşdırmalar zamanı bəlli olur ki, Baş Dövlət Yol Polisi idarəsinin Yol Patrul Xidməti əməkdaşlarınının müəyyən hisəssi ya təsadüfən polis sıralarına düşməsi, ya da ki, qanunları tam mənimsəyə bilmədiklərindən kobud səhvlərə yol verirlər. Əksər hallarda isə, demokratik təsisatların imkan verdiyi qaydaları polislərin həzm edə bilməməsi sürücülərlə konfliktlərin baş verməsinə gətirib çıxarır. Hətta bəzən bu tip konfliktlər məhkəmələrə qədər gedib çıxır. Bu yöndə jurnalist araşdırmamız zamanı bir neçə fakt üzə çıxartdıq. Nərimanov rayonunda Yol Patrul Xidməti əməkdaşları ilə təlim avtomaşınını idarə edən sürücülük məktəbinin müəllimi arasında böyük ictimai qalmaqalın yaranması da məhz Yol Patrul Xidməti əməkdaşının etik davranışa zidd mövqe sərgiləməsi səbəb olmuşdur. Belə ki, müvafiq lisenziya əsasında, sürücülük məktəbinin müəllimi 24-25 yaşlı bir xanıma dərs öyrədən zaman (Fətəlixan Xoyski küçəsində) Nərimanov rayon Yol Patrul Xidmətinin əməkdaşı mayor Firuz Əmirov tərəfindən saxlanılıb. Müəllim tələbəsini müdafiə etmək və problemi yoluna qoymağa cəhd göstərib. Amma istəyi nəticəsiz qalıb. DYP əməkdaşı əlavə polis qüvvələri çağırmaqla müəllimi Nərimanov rayon polis idarəsinə aparıb. Protokol tərtib olunub və məsələyə məhkəmədə baxılıb. Sonda müəllim saxta protokolun cəzası olaraq, hakim Arif İsmayılovun qərarı ilə 40 manat cərimə edilib.
Bu cür faktlardan kifayət qədər qeyd etmək olar. Sadəcə, onu bildirmək yerinə düşər ki, artıq məhkəmələrdə DYP əməkdaşlarının süni məhkəmə çəkişmələri yaratmalarından təngə gəliblər.
Adının çəkilməsini istəməyən "Səs"ə yaxın mənbənin dediyinə görə, məhkəmələr tərəfindən Baş Dövlət Yol Polisi idarəsinin rəhbərliyinə müraciət ünvanlayaraq, süni qalmaqalların aradan qaldırılması üçün tədbirlər görülməsini xahiş ediblər.
Redaksiyamıza daxil olan şikayət məktublarına və bu məktublar əsasında aparılan araşdırmalarımıza əsasən, demək olar ki, DYP əməkdaşlarının məharətləri müxtəlif xarakterlərdə olmaqla çoxşaxəlidir. Belə ki, Yol Patrul Xidməti əməkdaşları sürücüləri əsassız saxlayır, onları cərimə edirlər. Bəzən isə respublika əhəmiyyətli magistral yollarda polis adına ləkə gətirən patrul xidməti həyata keçirirlər. Magistral yollarda traktorların, maşınların içərisinə, bəzən isə gülüş doğursa da, atın, eşşəyin üzərinə yerləşdirdikləri "avtoradar"larla sürücülərdən pul yığımı həyata keçirirlər.
Qeyd etmək lazımdır ki, "Yol Patrul Xidməti haqqında" təlimatın 3.2.1 maddəsinə əsasən, yol patrul xidmətinin gizli formada aparılması qanunazidd deyil. Ancaq nəzərə almaq lazımdır ki, Baş Dövlət Yol Polisi hər cür müasir texniki avadanlıqlarla təchiz olunublar. Onlar gülüş doğuran atın, eşşəyin üzərinə "avtoradar" yerləşdirməkdənsə, texniki avadanlıqlarından istifadə edə bilərlər. Bu cür metodlardan yalnız Əfqanıstanda, Birmada, Anqolada və CAR-da istifadə olunur. O, ölkələr də isə inkişafın hansı səviyyədə olduğunu Baş Dövlət Yol Polisinin rəhbərliyi bilməmiş deyil.
Söhbət etdiyimiz ekspert, sabiq polis rəisi Mahmud Hacıyev atın, eşşəyin üzərinə və yaxud traktorun içərisinə "avtoradar" yerləşdirilməsini dünyada analoqu olmayan hal olduğunu söylədi. Ekspertin sözlərinə görə, Yol Patrul Xidməti əməkdaşlarının müəyyən təlimatlara yiyələnməmələri, daxili qaydaları mənimsəməmələri onların Daxili İşlər Nazirliyinin əsas xidmət sahələrindən olan bayır xidmətinin qanunamüvafiq şəkildə yerinə yetirmələrinə problemlər yaradır: "Daxili İşlər Nazirliyinin əsas 3-4 qurumu var. Onların arasında ən yüksək maaş alanı və müasir texniki avadanlıqlarla təchiz olunanı Yol Patrul Xidməti əməkdaşlarıdır. Bunun qarşılığın da onlar sürücələri incidir, etik qaydaları pozaraq qanunazidd əməllərə yol verirlər. Bu cür neqativ halları yalnız daxili və ictimai nəzarətlə aradan qaldırmaq olar."
Ekspert onu da qeyd etdi ki, əksər hallarda Yol Patrul Xidməti əməkdaşları lazımi yerdə, lazımi məqamlarda yerlərində olmurlar. Bəzən bu onların maraqlarında da olmur. Misal üçün Əhmədlidən 8-ci kilometrə girişdə, Babək prospektinə sola dönəndə dəmir lövhə qoyulub. Yəni piyadalar və sürücülər bu istiqamətdə hərəkət edə bilməzlər. Ancaq qadağa ilə bağlı nizamlayıcı nişan yoxdur. Yol Patrul Xidməti əməkdaşları bir dəfə də olsun, həmin istiqamətdə dayanıb yolu tənzimləməyə cəhd göstərmirlər. Məhz bu da dəhşətli sıxlığın, tıxacın yaranmasına gətirib çıxarır.
P.S. Növbəti sayımızda Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidməti əməkdaşlarının Qaradağ və Nərimanov rayon ərazilərində 100 manatı 300 dolarla əvəz etməyi avtomaşın sahiblərindən tələb etmələrindən, Türkiyənin "Arıhan" Kargo şirkətinin Cənubi Qafqaz üzrə marşurutunda çalışan Metin Başaran adlı sürücüdən 3 min dollar tələb etmələrindən, Baş Dövlət Yol Polisi idarəsinin qeydiyyat və texniki baxış, nəqliyyat vasitələrinin ərizəsinin doldurulması, avtomobillərin axtarış bazası üzrə kompüterlə yoxlanılması və nömrələrin verilməsi şöbələrində baş verən pul yığımından söhbət açacağıq. Təbii ki, sonda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidovun və Baş Dövlət Yol Polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidovun baş verən rüsvayçılığa maraqlı mövqelərini qeyd edəcəyik.