PDF Oxu

Araşdırma

  • 7

Qəzetlər öz layihələrini necə həyata keçirəcəklər?

Qəzetlər öz layihələrini necə həyata keçirəcəklər?

Məlum olduğu kimi, bir neçə gün öncə, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqənin nəticələri elan edildi. Fondun nəticələrindən razı qalanlar da, narazı olanlar da oldu. Amma hər halda ümumi fikir ondan ibarətdir ki, fond layihələrinin maliyyələşdirilməsi müsbət bir haldır. Amma çoxlarını bir sual düşündürür: "fond tərəfindən layihələrdə qalib olmuş qəzetlər öz layihələrini necə həyata keçirəcəklər? Sizcə, bu qəzetlər bir-birinə informasiya dəstəyi verəcəkmi? Bu və digər suallarla qalib olan qəzetlərin baş redaktorlarına müraciət etdik.
Bahəddin Həziyev,
"Bizim Yol" qəzetinin baş redaktoru:

- Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan bizim layihəmizə ayrılan vəsait çox kiçik məbləğdədir. Ona görə də, bu fonddan udduğumuz layihəni həyata keçirmək bizim üçün bir qədər çətin olmayacaq. Buna baxmayaraq, fondun vasitəsi ilə qazandığımız bu layihəni, öz imkanlarımızdan da istifadə edərək, həyata keçirməyə çalışacağıq.
Biz başqalarının adından danışa bilmərik ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun qalib elan etdiyi qəzetlər öz layihələrini necə həyata keçirəcəklər və s. Amma onu deyə bilərəm ki, sözügedən bu layihədə nə nəzərdə tutulubsa, onlar həyata keçirilməlidir.
Fikrimcə, qəzetlər bir-birinə qarşı informasiya dəstəyi göstərilməsi ilə bağlı belə bir hal olsaydı, yaxşı olardı.

Süleyman Osmanoğlu,
"Proqnoz" qəzetinin baş redaktoru:

- Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun vasitəsi ilə qazandığımız bu layihəni həyata keçirməyə başlamışıq. Layihənin mövzusu "Qaçqınların sosial problemlərinin yaxşılaşdırılması ilə bağlı Dövlət Proqramının həyata keçirilməsinin vəziyyəti" idi. Mən başqa qəzetin adından danışa bilmərəm, çünki həmin qəzetlər öz layihələrini necə və nə tərzdə həyata keçirəcəklər məlum deyil. Öz qəzetimizdən danışa bilərəm ki, layihəmizin mövzusu çox geniş bir mövzuydu. Ancaq təəssüf ki, bizə verilən məbləğ layihəni yazdığımız tərzdə və geniş şəkildə həyata keçirməyimizə bir qədər mane olacaq.
"Proqnoz" qəzeti hər zaman hazırdır ki, bizim başqa həmkarlarımızın, hər hansı qəzetlərin layihələri ilə bağlı materiallar olsa, təbii ki, onları dərc edib, təbliğ edəcəyik.

Cəmaləddin Quliyev,
"Paritet" qəzetinin baş redaktoru:

- KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan qalib olmuş qəzetlərə pul vəsaiti ayrıldı ki, onlar öz layihələrini həyata keçirsinlər. Və bu fond tərəfindən manitorinq aparılacaq ki, ayrılmış vəsait necə xərclənir. İlk olaraq büdcənin 50 faizi həcmində vəsait ayrılır, yəni iki ay ərzində ayrılmış pul fond tərəfindən təsdiq olunmuş büdcə üzrə xərclənsə, layihənin davamına vəsait ayrılacaq. Əgər xərclənməsə, bu layihənin davamına vəsait ayrılmayacaq. Fikrimcə, bu fond vasitəsi ilə qalib olmuş qəzetlər öz layihələrini tezliklə istədikləri şəkildə həyata keçirəcəklər.
Mən güman edirəm ki, qəzetlər bir-birinə informasiya dəstəyi göstərəcəklər. Ən azı onların biri-birinin köməyinə ehtiyacı var ki, öz layihələrini həyata keçirsinlər.

Tapdıq Abbas,
"Paralel" qəzetinin baş redaktoru:

- Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondu, bildiyimiz kimi, təzə yaranmış qurumdur. Burada treninqlər keçirilib və həmin layihələrin həyata keçirilməsi üçün konkret istiqamətlər verilib. Bu, ilk təcrübə olduğuna görə, hərə bunu bir cür yozur. Ancaq fonda təqdim etdiyimiz layihə bizə uğur gətirdi və bu layihənin həcminə görə də hərəkət edəcəyik. Bizim qazandığımız layihə "Hökumət qərarlarının qərəzsiz, şəffaf işıqlandırılması problemi" ilə bağlıdır. Bu da, təbii olaraq, bizə imkan yaradacaq ki, oxucularla, ictimaiyyətlə, qəzet nümayəndələri ilə görüşəcəyik və mütəxəssislər dəvət olunacaq. Biz çalışacağıq ki, ölkədə hökumət tərəfindən həyata keçirilən qərarların yerinə yetirilməsi haqqında ictimai rəy yaradaq və bunun qəzet vasitəsi ilə ictimaiyyətə çatdırılmasına nail olaq. Biz belə qərara gəlmişik ki, bir neçə bölgəmizdə hökumətin sosialyönümlü qərarları ilə bağlı olaraq bölgələrdə ictimai müzakirələr aparaq, orada cəmiyyətin ayrı-ayrı təbəqələri ilə görüşlər keçirək. Bu görüşlərə mütəxəssisləri, iqtisadçıları, hüquqşünasları dəvət edək. Qoy onlar orada olan ictimaiyyət nümayəndələri ilə daha yaxından tanış olsunlar. Burada daha sonra qərarların icra mexanizminin yerlərdə necə həyata keçirilirməsini cəmiyyətlə və ictimaiyyətin bunu necə qarşıladığını aydınlaşdıracağıq. Yəni dövlətin qəbul etdiyi qərarların icra vəziyyəti ilə tanış olacaq və cəmiyyətlə hökumət arasında əlaqə yaradacağıq. Sözsüz ki, burada qəzet rol oynayacaq, biz o tədbirlərdə olan bütün istiqamətlərdə cəmiyyətlə dövlət arasında olan vəziyyəti real şəkildə ortaya qoyacağıq.
Mən bu barədə konkret bilgiyə malik deyiləm. Bizdə dövlət birinci dəfədir ki, belə qəzet layihələri həyata keçirir. Ona görə də, biz hələ bilmirik ki, qəzetlər biri-birinə necə dəstək göstərə biləcəklər? Fikrimcə, qalib olan qəzetlər öz layihələrini həyata keçirdikcə öyrəşəcəklər.
Azərbaycanda mətbuatın daha yaxşı inkişaf etməsi ilə bağlı olaraq, onu demək istəyirəm ki, irəliləyişlər var. Ölkə Prezidentinin KİV-lərin inkişafına dəstək istiqamətində böyük proqram imzalanması çox müsbət bir haldır. Düzdür, bütün ölkə mətbuatında olduğu kimi, bizim mətbuatımızda da müəyyən problemlərimiz var. Ancaq keçmiş SSRİ məkanında nəzər yetirsək, görərik ki, bizim mətbuatımız possovet məkanındakı mətbuatdan qat-qat üstündür. Mən qeyd etmək istəyirəm ki, qəzetlər üçün reklam fondu yaradılmalıdır və həmin fonda dövlət tərəfindən pul qoyulmalıdır. İctimaiyyətə təsir edən qəzetlər həmin reklamla təmin olunmalıdır. Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması özlüyündə çox müsbət bir haldır. Fikrimcə, bu fondun təsiri böyük olacaq. Bildiyimiz kimi, mətbuatımızda reketçiliklə məşğul olan qəzetlər var. Yəni belə qəzetlərin mövcud olması mətbuatın adına xələl gətirir. Ona görə də, hesab edirəm ki, bu fondun yaradılması həmin reket qəzetlərin sıradan çıxmasına zəmin yaradacaq.

Digər xəbərlər