Ermənilər Gürcüstanda ikinci “Qarabağ problemi”nin layihəsini həyata keçirməyə hazırlaşırlar
Gürcüstan xarici işlər naziri Qriqol Vaşadzenin sentyabrın 4-də Ermənistana işgüzar səfəri gözlənilir. Gürcüstan XİN-nin məlumatına görə, səfər çərçivəsində Q.Vaşadze Tbilisi və İrəvan arasında ikitərəfli münasibətləri, həmçinin regionla bağlı problemləri öz erməni həmkarı Edvard Nalbadyanla, hökumət və parlament üzvləri ilə müqayisə edəcəklər.
Bir əmma olmasaydı, bu adi xəbər olardı. "Regional problemlər" bu gün adi söz birləşməsi deyil. "Problem" hələ yumşaq deyilib. Əslində iki ölkə arasındakı münasibətlərdə bu gün tərəfləri demək olar ki, soyuq müharibə vəziyyətinə gətirən, xeyli fikir ayrılığı yaradan çox böyük və qəliz bir problem yaşanır. Bu problemin adı Gürcüstanın cənub qərbində ermənilər yaşayan Samsxe-Cavaxetiyadır. Özü də ki, sonuncular erməni mənbələri göstərdiyi kimi, əhalinin çoxunu yox, təxminən 40 faizini təşkil edirlər. Bu gün Samsxe-Cavaxetiyada xeyli sayda gürcü, öz tarxi vətənlərinə köçən məshəti türkləri və azərbaycanlılar yaşayır. Samsxe-Cavaxetiyadakı (ermənilərin təbiricə Cavaxkda) vəziyyət Gürcüstan hakimiyyəti üçün son illərdə ən son başağrısıdır. Burada erməni millətçiliyi kəskin artıb. Çox tanış bir vəziyyətdir. 1980-ci illərin sonunda həmin ssenari Azərbaycanın Dağlıq Qarabağ ərazisində həyata keçilmişdi. Ssenari həmin ssenaridi, yalnız tərtibat dəyişilib. Əgər Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının təşəbbüskarı yerli "Krunk" (ermənicədən tərcümədə "durna") təşkilatı idisə Samsxe-Cavaxetiyada seperatçı ideyaların daşıyıcısı "Vahid Cavaxk" təşkilatıdır. İllərlə Abxaziya və Cənubi Osetiya ilə parçalanan Gürcüstanda Samsxe-Cavaxetiyada erməni millətçilərinin iddialarına kəskin reaksiya verməməyə çalışırdılar. Lakin separatçıların fəaliyyəti Gürcüstanın təhlükəsizliyi və bütövlüyü üçün açıq təhlükəyə meyl etdikdə (məlumat var ki, erməni millətçiləri üçün Samsxe-Cavaxetiya hətta silah da göndərilib) "Vahid Cavaxk" və onun tərəfdarlarına qarşı gizli tədbirlər görüldü. Gürcüstan və açıq-aydın Abxaziya və Cənubi Osetiyaya dəstək verən Rusiya arasında qarşıdurma gücləndikcə erməni millətçiləri də özlərini Gürcüstanda daha aqressiv aparmağa başladılar. Bunun nəticəsində keçən ilin iyulunda Gürcüstanda "Vahid Cavaxk" təşkilatının lideri Vaaqn Çaxalyan həbs edildi və o, bu günə kimi həbsdədir. Bu Çaxalyanın Gürcüstan və Ermənistandakı, Tiflis və Moskva arasında 2008-ci ilin avqust ayında yaranmış münaqişədən yararlanmaq istəyən sifarişçi və tərəfdarlarını bərk qəzəbləndirdi. Xoşbəxtlikdən zəifləyən Gürcüstan yenə də özündə güc tapıb yeni milli münaqişənin yaranmasına imkan vermədi və bütün bu kimi təxribatların qarşısını aldı. Saman altı Gürcüstan ərazisindəki seperatçı hərəkatı dəstəkləyən Ermənistan da dərs aldı. Rusiya ilə diplomatik əlaqələri kəsən Gürcüstan faktiki Ermənistanın şimala çıxışını bağladı. Bu vəziyyətdə xəstə fikirlərdən əl çəkmək əvəzinə erməni millətçi dairələrində əvvəlki səmtdə ideoloji fəaliyyət daha da gücləndirildi. Ermənistan hökumətinə ölkənin Qara dənizə çıxışını və Naxçıvanın Ermənistana birləşdirilməsini həyata keçirmək üçün konkret addımların atılması xahişi ilə emosional müraciətlər olundu. Daha sonra destruktiv qüvvələrin əmri və tapşırığı ilə Ermənistan-Gürcüstan sərhəddində vəziyyət gərginləşdirildi. Guya ki, əvvəllər erməni fermerlərinə mübahisəli ərazilərin kiçik sahələrində əkin-biçin işlərinə müdaxilə etməyən Gürcüstan sərhədçiləri onalrı oradan qovmağa başlayıblar. Bəzi erməni ekspertləri iddia etməyə başladılar ki, Ermənistanda Gürcüstanın erməni dilli məktəbləri üçün çap olunan bəzi dərsliklər hakimiyyət tərəfindən yerlərə buraxılmır. Ən sonda isə Q.Vaşadzenin səfəri ərəfəsində Ermənistan prezidenti Serj Sarkisyan rəsmi Tbilisiyə Gürcüstanda erməni dilinə xüsusi statusun verilməsi haqda düşünməyi təklif edib!
Erməni prezidenti aşağıdakı sözləri deyib: "Düşünürəm ki, erməni dilinə regional dil statusunun verilməsi, Erməni Apostol Kilsəsinin qeydiyyatı, erməni abidələrinin mühafizəsinə yönəlmiş addımlar dostluğun gücləndirilməsi və qarşılıqlı etimad ab-havasının dərinləşməsinə töhfə verər". Ekspertlərin rəyinə görə, Sarkisyanın bu bəyanatı Gürcüstanda erməni millətçiliyi ilə bağlı vəziyyəti bir qədər də mürəkkəbləşdirər. Beləliklə, Q.Vaşadzenin səfəri əvvəllər düşündüyündən daha gərgin şəraitdə keçəcək. Yenə də inanmaq istərdik ki, Vaşadzenin danışıqlarının gedişatında rəsmi İrəvan qarşısında Samsxe-Cavaxetiyadakı vəziyyətlə bağlı konkret məsələlər qaldırılacaq və Mixail Saakaşvili hökuməti yaxın vaxtlarda Gürcüstan ərazisində erməni millətçiliyi məsələsini birdəfəlik həll edəcək. Qonşu ölkədə 80-90-cı illərdəAzərbaycanda baş verən hadisələrin təkrarını görmək istəməzdik. Qafqazlılara Qafqazda daha bir Qarabağ lazım deyil.