PDF Oxu

Araşdırma

  • 10

Həsən Mirzəyev: “”Elm haqqında” qanunun təkmilləşməsinə böyük ehtiyac var”

Həsən Mirzəyev: “”Elm haqqında” qanunun təkmilləşməsinə böyük ehtiyac var”
Milli Məclisin payız sessiyasında "Elm haqqında" qanun üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Qanun layihəsinin iki oxunuş müzakirələrində iştirak etmiş, əməkdar elm xadimi, professor Həsən Mirzəyevin qəzetimizə verdiyi məlmata əsasən, "Elm haqqında" qanunun müzakirəyə çıxarılması zəruridir və onun qəbuluna böyük ehtiyac var. Hansı ölkədə intellekt güclü olarsa, həmin ölkənin bütün sahələrdə inkişafı da sürətli olar. Elmin qazandığı və kəşf etdiyi hər hansı bir məsələ ölkəni dünya miqyasında irəli çıxarar və yeraltı-yerüstü sərvətlərdən daha çox gəlir gətirə bilər. Bu səbəbdən də, elmi inkişaf etdirməyin, mövcud qanunları daha da təkmilləşdirməyin əhəmiyyətindən söhbət açdı.
Qeyd etdi ki, vaxtilə Amerika, Yaponiya və s. ölkələr dünyanın əksər ölkələrindən intellektliləri, savad və zəka sahiblərini öz ölkələrinə cəlb edirdilər. Bu amili həmin ölkələrin irəli çıxmasının əsas səbəblərindən biri kimi qiymətləndirən əməkdar elm xadimi, intellektdə xüsusi diqqət yetirilməsinin vacib olduğunu vurğuladı. Onun sözlərinə görə, elmi gücü olan dövlətin xarici əlaqələri də ürəkaçan olur. Yəni, dövlətlər onunla əlaqələr qurmağa can atır və onunla hesablaşır.
H.Mirzəyev, yeraltı və yerüstü sərvətlərin nə zamansa qurtara biləcəyini, ancaq elm və zəkanın gətirdiyi sərvətlərin heç zaman qurtarmadığını bildirdi: "Əksinə, elm günü-gündən cilalanır, inkişaf edir, yeni-yeni kəşflərə imza atır. Bir sözlə, elm sahəsində kapital böyüyür. Dünyada ən böyük və tükənməz kapital elmin vasitəsilə əldə olunur. Çünki elm zaman-zaman elə nəzəriyyələr irəli sürür ki, ölkə iqtisadi və hərbi cəhətdən inkişaf edir".
Elmin inkişafı nəticəsində fəzanın kəşf olunduğunu və daha bir sıra uğurlara imza atıldığını söylədi. Hətta Müqəddəs Qurani-Kərimdə də deyildiyi kimi, insanın yerin cazibə qüvvəsindən çıxa bilməsi də elmin vasitəsilə mümkün ola bilər. Bu baxımdan, "Elm haqqında" qanunun yeni variantda qəbuluna böyük ehtiyac olduğunu və Azərbaycanın gələcək inkişafı üçün əhəmiyyətli olduğunu qeyd etdi: "Elm sahəsini tənzimləyən qanunlar olmalıdır ki, təhsil müəssisələrinin yüksək səviyyədə inkişaf etdirilməsi üçün təməl olsun. Təbii ki, elm inkişaf etdikcə, insanların iqtisadi-sosial vəziyyəti də yaxşılacaq".
Qanunda elm üçün zəruri olan bütün məsələlərin müzakirəyə çıxarılmasını vacid saydı və elmin kompleks şəkildə inkişaf etdirilməli olduğunu söylədi: "Çalışmaq lazımdır ki, burada heç bir nöqsana yol verilmədən, bütün çatışmazlıqlar aradan qaldırılsın" deyə H.Mirzəyev fikrini tamamladı.

Digər xəbərlər