Ermənistanda daxili vəziyyət kritik həddə çatıb
Son vaxtlar Ermənistanda daxili qarşıdurmanın daha da artması və siyasi gərginliyin kəskin xarakter alması yerli və xarici kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilib. Belə ki, ölkədə müxalifət-iqtidar qarşıdurması yeni siyasi gərginlik yaradıb. Ötən ilin mart hadisələrinə görə həbs edilmiş aparıcı müxalifət nümayəndələrinin amnistiya aktına əsasən azadlığa buraxılmaları müxalifəti xeyli fəallaşdırıb.
Səbəb isə, 2008-ci ilin fevralında Ermənistanda keçirilən prezident seçkiləri zamanı yol verilmiş saxtakarlıq, ciddi qanun pozuntuları və seçki zorakılığı ölkədə ciddi narazılıq yaratdı, hətta mühüm vəzifə tutan bir sıra dövlət məmurları bu özbşınalığa etiraz edərək istefa verdi və prezidentliyə sabiq namizəd Levon Ter-Petrosyanın tərəfinə keçdiklərini bildirdilər. Hakimiyyət həmin dövlət məmurlarına və onlara dəstək verən deputatlara qarşı çox amansız hərəkət etdərək, onları müxtəlif bəhanələrlə həbs etdi. Həbs olunan dövlət məmurları arasında Ermənistan baş prokurorunun sabiq müavini Qaqik Cankaryan, keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan və digərləri də var idi. Beynəlxalq təşkilatların təzyiqlərindən sonra onlar amnistiya aktına əsasən azad olundular. Elə həmin hadisədən sonra iqtidara qarşı aparılan mübarizə daha da gücləndi, müxalifətin fəallığı artdı.
Rusiya Federasiyasının aparıcı kütləvi informasiya vasitələrindən biri olan "Trud" qəzetinin yazdığına görə, Ermənistan Milli Konqresində birləşmiş müxalifət qüvvələri bu dəfə "Qarabağ kartı"ndan istifadə edərək hakimiyyətə qarşı güclü etiraz aksiyaları təşkil etməyi planlaşdırıb. Qəzetin yazdığına görə, amnistiya elan olunandan sonra həbsdə olan sabiq dövlət məmurlarının azadlığa çıxmaları Levon Ter-Petrosyanın ətrafında cəm olan Serj Sarkisyan əleyhdarlarının sayını xeyli artırıbdır. Söz yox ki, ölkədə söz sahibi olan, uzun müddət maddi-məsul vəzifədə çalışanların L.Ter-Petrosyanı dəstəkləmələri iqtidarı qorxuya salıb. Növbəti etiraz aksiyalarında "Qarabağ kartı"ndan istifadə edən Erməni Milli Konqresi hakimiyyəti münaqişənin nizamlanmasına dair "Madrid prinsipləri"nə razılıq verməkdə ittiham edir. "Trud" qəzeti yazır ki, bu sənəd Qarabağa bitişik ətraf rayonların qaytarılmasını, Dağlıq Qarabağa Azərbaycanın tərkibində status verilməsini, habelə, bölgələrin yekun statusunun referendumda müəyyən edilməsini nəzərdə tutur. Məqalədə bildirilir ki, Ermənistan müxalifəti referendumun keçirilməsinə inanmır və buna şübhə ilə yanaşır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində beynəlxalq aləmdə baş verən proseslər, habelə danışıqlarda Azərbaycan tərəfinin mövqeyinin böyük üstünlük qazanması da müxalifətin hakimiyyətə qarşı qəzəbini alovlandırıb. Onlar Azərbaycan diplomatiyasının uğurlarını Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağ məsələsində güzəştə getməsi kimi qələmə verir və hakimiyyətin tezliklə istefaya getməsini tələb edirlər. Ermənistanda söz sahibi olan Daşnaksütun Partiyasının da hakimiyyəti dəstəkləməkdən imtina etməsi vəziyyəti daha da mürəkkəbləşdirib. İndi L.Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi Daşnaksütun Partiyası ilə birləşməyə can atır. Bundan sonra korrupsiyaya və rüşvətxorluğa qurşanmış Serj Sarkisyan hakimiyyətini devirmək barədə düşünürlər. Hətta müxalifət nümayəndələri növbədənkənar prezident və parlament seçkiləri keçirmək niyyətinə düşüblər. Artıq onlar bölgələrdə əhali ilə görüşlər keçirir, ölkəni tərk etmək istəyən yerli sakinlərə Ermənistanda oktyabrda ciddi dəyişikliklərin olacağını bildirirlər. Aclıq və səfalətdən, işsizlikdən təngə gəlmiş yerli sakinlər isə heç kimə inanmadıqlarını vurğulayaraq ölkəni tərk edirlər.
Ermənistan Milli Konqresi artıq ümumrespublika mitinqinin vaxtını da müəyyənləşdirib. Bu mitinq sentyabrın 18-ə təyin edilib. Onların deməsinə görə, bu mitinqdə hakimiyyətin istefaya göndərilməsi üçün konkret addımlar atılacaq. Bu, oktyabrda reallaşa bilər. Çünki Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti danışıqlar oktyabrın əvvəllərinə planlaşdırılıb. Bu görüşdən sonra Ermənistanda ciddi dəyişikliklərin olacağını iddia edən müxalifət nümayəndələri Prezident Serj Sarkisyanın istefaya göndəriləcəyində israrlı olacaqlarını bəyan ediblər.
Yerli və xarici ekspertlərin rəyincə, Ermənistanda baş verən hadisələrin, həmçinin, iqtidar-müxalifət qarşıdurmasının getdikcə kəskin xarakter alması xoşagəlməz hadisələrin gözlənildiyindən xəbər verir. Onlar yaxınlaşmaqda olan payızda bunun reallaşacağına əminliklərini bildirirlər.