“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” dəyirmi masa keçirildi
Dünən "Hyatt Reycens" otelində Milli Məclisin (MM) Sosial siyasət komitəsi, "Lider Qadınlar" və "Demokratik İnkişaf İnstitutu" ictimai birliklərinin birgə təşəbbüsü ilə "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirildi.
Dəyirmi masanı giriş sözü ilə "Lider Qadınlar" İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı açdı. O bildirdi ki, tədbirin keçirilməsində məqsəd təhlükəsiz analıq və reproduktiv sağlamlığın əsas problemlərindən olan süd vəzisinin, o cümlədən, uşaqlıq boynunun xərçənginin vəziyyətini aparıcı ekspertlər, hökumət və qeyri-hökumət təşkilatları, ictimaiyyət, həmçinin, kütləvi informasiya vasitələri nümayəndələri ilə müzakirə etməkdir. M.İbrahimqızı onu da vurğuladı ki, aparılacaq fikir mübadilələrinin nəticələri MM-in qarşıdan gələn payız sessiyasında "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanunun müzakirələri zamanı millət vəkillərinin diqqətinə çatdırılacaq: "Bu gün dünyada 20 milyondan artıq insan xərçəng xəstəliyindən əziyyət çəkir. Bu insanların da böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrin vətəndaşlarıdır. Eyni zamanda, reproduktiv sağlamlığa təsir göstərən xəstəliklər, həmçinin, xərçəng xəstəlikləri sırasında, xüsusilə, qadınlar arasında süd vəzisinin və uşaqlıq boynunun xərçənginin vəziyyəti daha acınacaqlıdır".
Millət vəkili onu da qeyd etdi ki, məsələnin bu cür geniş auditoriyada müzakirə olunması ilk dəfədir. Onun sözləroinə görə, bu ilin əvvəlində sözügedən qanun layihəsi MM-də müzakirəyə çıxarıldı və onun ətrafında çox ciddi, qızğın müzakirələr aparıldı: "Bu sənəd heç də birmənalı qarşılanmadı. Qanun layihəsindəki bir sıra maddələr haqlı olaraq millət vəkillərinin etirazları ilə qarşılandı. Daha doğrusu, qanun layihəsindəki "surroqat ana" və "donor bankı" ilə bağlı maddələrin qanun layihəsindən çıxarılması tələbləri öz kəskinliyi ilə ortaya qoyuldu. Ancaq bununla belə bildirmək istəyirəm ki, istər o zaman, istərsə də, elə indinin özündə əksəriyyət belə bir qanunun qəbulunun tərəfdarıdır".
Tədbirdə çıxış edən "Demokratik İnkişaf İnstitutu" İctimai Birliyinin sədri, MM-in komitə sədrinin müavini Gültəkin Hacıbəyli isə qeyd etdi ki, bu gün dünyanı narahat edən qlobal problemlər sırasında onkoloji xəstəliklərin artması problemi özünü daha qabarıq şəkildə büruzə verir: "Dünyada baş verən proseslərə qlobal şəkildə nəzər salsaq, görərik ki, heç şübhəsiz, ekoloji vəziyyətin korlanması, içməli, keyfiyyətli suyun çatışmaması üzündən meydana gələn onkoloji xəstəliklər digər problemləri üstələməkdə, deyərdim, bəlkə də bu problemlər sırasında ilk yerləri tutmaqdadır. Xüsusilə də, onkoloji xəstəliklər arasında süd vəzisinin və uşaqlıq boynunun xərçəngi daha acınacaqlı, təhlükəli bir hal almaqdadır. Bu isə bütün bəşəriyyəti həyəcan təbili çalmağa səsləyir. Əgər bizlər, xüsusilə, qadınlar bu məsələdə geciksək, daha ağrılı, bəlkə də qarşısı alınmayacaq bəlalarla, fəsadlarla üzləşə bilərik. Elə bugünkü tədbiri də təşkil etməkdə məqsədimiz kütləvi informasiya orqanları vasitəsilə insanların, bütövlükdə cəmiyyətin bu problemə diqqət və marağını artırmaq istəyidir".
ACQUİRE Reproduktiv Sağlamlıq/Ailə Planlaşdırılması layihəsinin direktoru Mavjuda Babamuradova qeyd etdi ki, uşaqlıq boynunun xərçəngi dünyanı ən çox narahat edən problemlərdəndir: "Əsasən, resursları zəif olan ölkələrdə qadınların təxminən 85 faizi bu xəstəlikdən əziyyət çəkirlər. Hər il bu xəstəliyə tutulanların sayı təxminən yarım milyona çatır. Eyni zamanda, hər il bu xəstəlik üzrə ölüm hallarının sayı 300 mini adlayıb keçir. Döş vəzisinin xərçəngi son illər Avropa ölkələrində bu xəstəliyə tutulanların sayı getdikcə artmaqdadır. Hər 16 qadından birində bu xəstəliyə rast gəlinir. Bunun özü də çox böyük rəqəmdir".
Tədbirdə çıxış edən ATU-nin rektoru, akademik Əhliman Əmiraslanov bildirdi ki, "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsinin ictimai müzakirələri, əslində, gecikib. Onun sözlərinə görə, bu qanun layihəsi parlament müzakirələrinə çıxarılmazdan öncə ictimaiyyətin müzakirəsinə təqdim olunmalıydı: "Hesab edirəm ki, biz bu məsələdə bir qədər gecikmişik. Əgər ictimai müzakirələr daha öncə təşkil olunsaydı, o, daha məqsədəuyğun və effektli olardı".
Ə.Əmiraslanov onu da vurğuladı ki, ekstrakarpal (süni mayalanma) müayinə-müalicə nəticəsində neçə-neçə insanlarımızın ailələrinin dağılmasının qarşısı alınıb: "Əvvəllər Azərbaycanda bu müayinə-müalicə üsulu olmadığı üçün insanlar xaricə üz tutmağa məcbur olurdu. Ölkədən xeyli valyuta kənara axırdı. Ancaq bu gün tam əminliklə demək olar ki, Azərbaycanda ekstrakarpal müayinə-müalicə sahəsində də çox uğurlu işlər görülməkdədir. Hətta mən özüm bəzi insanlara bu məsələdə köməklik göstərmişəm. Onların az qala övladlarının olmaması səbəbindən ailələri dağılmaq üzrəydi".
Tədbirdə omburdsman Elmira Süleymanova, millət vəkili İlham Məmmədov, Milli Onkologiya Mərkəzinin baş həkimi İdrak Kazımov, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov və digərləri iştirak edirdilər.