PDF Oxu

Araşdırma

  • 13

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çərçivə sazişi imzalana bilərmi?

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çərçivə sazişi imzalana bilərmi?

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun keçmiş amerkalı həmsədri Metyu Brayza Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq çərçivə sazişi imzalanacağını bəyan edib. Ümumiyyətlə, belə bir razılaşmanın imzalanması nə dərəcədə real görünür?

Mais Səfərli, "Yurddaş" partiyasının sədri:

- Uzun illərdir ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar olaraq, ATƏT-in Minsk Qrupunun vasitəçiyi ilə danışıqlar gedir. Son vaxtlar bu danışıqlar daha da intensivləşib və tez-tez prezidentlər səviyyəsində görüşlər olur. Ona görə də, mən hesab edirəm ki, bu gözləniləndir. Qeyd etmək istəyirəm ki, belə bir saziş Azərbaycanın milli maraqlarına uyğun şəkildə imzalanacaq. Yəni Azərbaycanın milli maraqlarına uyğun olmayan, konstitusiyasına uyğun olmayan hər hansı bir sazişdən söhbət gedə bilməz. Bunu Prezident İlham Əliyev də dəfələrlə bəyan edib. Əgər belə bir çərçivə sazişi imzalanacaqsa, bu, Azərbaycanın xeyrinə ola biləcək çərçivə sazişi olacaq. Bildiyiniz kimi, Dağlıq Qarabağ məsələsi haqqında gedən danışıqlarda Azərbaycanın mövqeyi üstündür, respublikamız öz mövqelərini bu danışıqlarda kifayət qədər möhkəmləndirib. Bu, Azərbaycan beynalxalq hüquq normalarına söykənir. Həmçinin, onu da qeyd etməliyəm ki, bu məsələdə dünya ölkələri Azərbaycanın mövqeyini BMT səviyyəsində və digər beynəlxalq təşkilatlar səviyyəsində də dəstəkləyirlər. Yəni bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq.

Qabil Hüseynli, politoloq:

-Dağlıq Qarabağ münaqişəsinin həll olunması kompromislərdən asılıdır. Burada artıq hər şey açıq-aşkar şəkildədir. Yəni həm Ermənistan tərəfinin nə istədiyi, həm də Azərbaycan tərəfinin nə istədiyi artıq məlumdur. Ermənilər öz mövqelərində barışmazdı və geri çəkilmək istəmirlər. Lakin bu sazişin alınması üçün də kompromis lazımdır, yəni ya tərəflərin hər ikisi kompromisə getməli, ya da tərəflərdən biri kompromisə gedir. Çərçivə sazişi o deməkdir ki, artıq bu, Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı prinsiplər ideyaca razılaşdırılıb və bunları bir lahiyə xarakterli saziş şəkilində qurmaq olar. Əgər Metyu Brayza bu mənada belə inamla danışırsa, nə isə baş verə bilər. Dağlıq Qarabağ məsələsinin həll olunması ilə bağlı Milli Məclisdə millət vəkilləri arasında ciddi söhbətlər gedir. Oktyabrın əvvələrində MDB-nin sammiti çərçivəsində Ermənistan və Azərbaycan prezidentləri arasında baş tutacaq görüşdə çox şeylər bəlli ola bilər. Biz də ümid edirik ki, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız azad olunacaq və tezliklə qaçqın və məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaqlar.

Digər xəbərlər