Qrant Sazişinin imzalanma mərasimi keçirilib
Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında Qrant Sazişinin imzalanma mərasimi keçirilib.
ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, son illər agentliklə şirkət arasında səmərəli işgüzar münasibətlər yaranmışdır və bunun əsasında ABŞ-la Azərbaycan arasında daim genişlənməkdə olan siyasi-iqtisadi münasibətlər dayanır. R.Abdullayev agentliklə ARDNŞ arasında Cənub enerji dəhlizinin öyrənilməsinə dair imzalanmış Qrant Sazişi üzrə işlərin uğurla davam etdirildiyini qonaqların nəzərinə çatdırıb. O, əmin olduğunu bildirib ki, ARDNŞ-nin Müasir Tullantı Mərkəzinin yaradılması məqsədi ilə bu gün imzalanan yeni Qrant Sazişi iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə müsbət təsir göstərəcək.
ABŞ Ticarət və İnkişaf Agentliyinin Avropa və Avrasiya regionu üzrə icraçı direktoru Devid Hester təmsil etdiyi qurumun Azərbaycanla, o cümlədən, ARDNŞ ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib. O, gələcəkdə də şirkətin həyata keçirdiyi ekoloji layihələrə dəstək verəcəklərini bildirib. Qonaq qeyd edib ki, imzalanan sazişə əsasən, Texniki İqtisadi Əsaslandırma sənədinin hazırlanması üçün ARDNŞ-ə 572 068 dollar məbləğində qrant ayrılacaq.
Rövnəq Abdullayev maddi dəstəyə görə ABŞ Ticarət və İnkişaf Agentliyinə təşəkkürünü bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı" çərçivəsində Abşeron yarımadasında ekoloji vəziyyətin bərpası ilə əlaqədar şirkətin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, bu vəzifələrin həyata keçirilməsi şirkətin fəaliyyətinin mövcud beynəlxalq ətraf mühit standartlarına və əməliyyat normativlərinə uyğunlaşdırılmasına, ekoloji risqlərin optimallaşdırılmasına, ətraf mühitə antropogen, texnogen və təbii təsirlərin qiymətləndirilməsinə, eləcə də neft-qaz hasilatı, nəqli və emalı zamanı ekoloji təhlükəsizliyin təmin edilməsinə və sənaye tullantılarının utilizasiyasına nail olmaq kimi məqsədlərə xidmət edir.
ARDNŞ prezidenti vurğulayıb ki, hazırda şirkətin istehsalat tullantısı sayılan qazma şlamının qəbulu və basdırılmasını həyata keçirən Tullantı Mərkəzi 1985-ci ildən fəaliyyət göstərir və artıq fiziki və mənəvi cəhətdən köhnəlib. Şirkətin istehsal prosesləri zamanı əmələ gələn irihəcmli tullantıların idarə olunması zərurəti həmin mərkəzin yeniləşdirilməsini tələb edir. Yeni yaradılacaq mərkəz nəinki müxtəlif neft tullantılarını idarə etməyə imkan verəcək, eləcə də onları müxtəlif texnologiyalar tətbiq olunmaqla təkrar emal etmək, təkrar emalı mümkün olmayan tullantıların isə müvəqqəti və daimi saxlanması və idarə edilməsi üçün kompleks tədbirlər həyata keçirmək gücünə malik olacaq. Müasir Tullantı Mərkəzinin yaradılması məqsədi ilə xarici məsləhətçi şirkətlər arasında tender elan olunacaq, texniki-iqtisadi əsaslandırma nəticəsində gələcək mərkəzin tikilməsinin texniki, iqtisadi və maliyyə baxımından mümkünlüyü təyin ediləcək, alternativ yollar araşdırılaraq müvafiq təkliflər veriləcək. Layihənin həyata keçirilməsi ARDNŞ-nin fəaliyyəti nəticəsində əmələ gələn tullantıların düzgün idarə olunması istiqamətində işlərin yerinə yetirilməsində mühüm rol oynayacaq.
Daha sonra Qrant Sazişi imzalanıb. Sazişi Azərbaycan tərəfdən ARDNŞ prezidenti Rövnəq Abdullayev, ABŞ Ticarət və İnkişaf Agentliyi tərəfdən isə qurumun Avropa və Avrasiya regionu üzrə icraçı direktoru Devid Hester imzalayıblar.