Türkiyənin regionda nüfuzunun artması...
Bildiyimiz kimi, Rusiyanın baş naziri Vladimir Putinin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında qaz və enerji sahələrinə dair saziş imzalanıb. Əksər iqtisadçılar bu müqavilələrin regiona və regionun aparıcı lider ölkəsi olan Azərbaycana təsirini müsbət qiymətləndirirlər. "Səs" qəzetinə açıqlama verən iqtisadçı-ekspert Vüsal Qasımlının sözlərinə görə, bu müqavilələr bölgədə Sovet İttifaqından sonra qüvvələr nisbətinin dəyişməsinə gətirib çıxaracaq.
V.Qasımlı bu gün Türkiyənin əsas məqsədinin bölgənin əsas neft və qaz arteriyasına çevrilməkdən ibarət olduğunu bildirdi. Mövcud vəziyyətdə isə Türkiyə öz kəmərlərinin buraxıcılıq gücünə görə Avropanın ən böyük dördüncü qaz arteriyasıdır. Onun bildirdiyinə görə, əgər gələcəkdə "Cənub Axını" Türkiyənin ərazi sularından keçərsə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Türkiyənin tranzit ölkə kimi yükü artacaq. Eyni zamanda, "Mavi Axın" kəmərinin İsrailə qədər uzanması da Türkiyənin Yaxın Şərqin enerji təchizatında əhəmiyyətini artıran bir faktordur.
O, daha sonra Türkiyənin Samsunq-Ceyhan neft boru xəttinin çəkilməsində Bosfor boğazından keçən və illik 100 milyon tona çatan neft buraxıcılığını bir qədər yumşaldacağını söylədi: "Çünki Bosfor boğazında neftin həcminin artması təhlükəlidir. Türkiyə bunun 50 min tonunu Samsunq-Ceyhan neft kəməri vasitəsilə keçirəcək, həmçinin, ekoloji və iqtisadi cəhətdən üstünlüklər qazanacaq. Yəni, Türkiyənin Rusiyanı özünün layihələrinə qoşması onun Avropa Birliyi (AB) üçün əhəmiyyətini artırır. Türkiyənin AB-də əhəmiyyətinin artması da onun çoxdandır arzusunda olduğu həmin beynəlxalq quruma üzv olması üçün bir vasitədir". V.Qasımlının fikrincə, Türkiyənin regionda nüfuzunun artması, şübhəsiz ki, onun əsas müttəfiqi olan Azərbaycanı sevindirməyə bilməz. Bu, Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi layihələr üçün də əlavə bir dəstəkdir deyən iqtisadçı strateji müttəfiqliyimizin regionda daha böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Eyni zamanda, Türkiyənin regionda əhəmiyyətinin artması və bununla bərabər Rusiya ilə yaxından əməkdaşlıq etməsi, təbii ki, Ermənistanı kifayət qədər narazı salır. Bu narahatlığın əsası isə odur ki, Ermənistan Rusiyanın Azərbaycan və Türkiyə ilə strateji müttəfiqliyə yaxınlaşdıqdan sonra ondan uzaqlaşacağını bilir. Və ya bu, hansısa bir şəkildə Rusiyanın Ermənistanı qurban verməsinə gətirib çıxara bilər. Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə getməkdən qəti şəkildə imtina etməsini də onun diplomatik manevrlərinin deyil, məhz çıxılmazlığının nümunəsi olduğunu diqqətə çatdırdı.
Bu baxımdan, V.Qasımlı iki ölkə arasındakı yaxınlaşmanın Azərbaycan üçün çox əhəmiyyətli olduğunu qeyd etdi: "Bəziləri belə hesab edir ki, "Cənub Axını" ilə NABUCCO rəqib layihələrdir. Ancaq mən belə düşünmürəm. Əksinə, bu layihələr bir-birini tamamlayır və baş verən hadisələr kontekstində Azərbaycan Rusiyanın qıcıqlandırmadan NABUCCO layihəsinə asanlıqla qoşula biləcək. Çünki "Cənub Axını"nın Türkiyənin ərazi sularından keçməsi ilə Rusiyanın maraqları təmin olunur. Belə olan halda, Azərbaycan Rusiyanın sərt reaksiyası ilə üzləşməyəcək. Bu gün Azərbaycan Rusiya ilə maraqlarının pisləşməsində maraqlı deyil. Xüsusilə, Dağlıq Qarabağ probleminin həlledici məqama daxil olduğu bir vaxtda. Bu proseslərin fonunda Türkmənistanın Xəzərin bölgüsü ilə bağlı məsələni beynəlxalq arenaya çıxarması və s. davranışı onun Rusiyadan qorxduğu üçün NABUCCO-dan uzaqlaşdığını göstərir. Bu da nəticə etibarilə Azərbaycanın xeyrinədir".
V.Qasımlı "Türkiyənin son zamanlar Rusiya ilə münasibətlərinin yaxınlaşması onun Avropa ilə münasibətlərinə mənfi təsir etməyəcəkmi" sualına da aydınlıq gətirdi. O, Avropada enerji təhlükəsizliyi ilə bağlı vahid vəziyyətin mövcud olmadığını qeyd etdi. Vurğuladı ki, Almaniya "Şimal Axını" ilə Rusiyadan qazanmaq, Avropanın şimalında yerləşən ölkələr Norveç və Britaniyanın qaz yataqlarından istifadə etmək istəyir. Fransa üzünü Afrikadakı müstəmləkəçilərinə çevirib və oradan qaz almaq barədə fikirləşir. Avropada alternativ enerji mənbələri barədə fikirləşən isə yalnız Cənubi və Şərqi Avropa dövlətləridir. Bu, nə Azərbaycanın, nə də ki, Türkiyənin deyil, sırf Avropanın özünü qazla təmin etmək qayğısıdır. Həmin ölkələrin öz enerji təhlükəsizliyini ciddi şəkildə təmin etmək istədikləri halda, Azərbaycan və Türkiyə ilə daha dərindən əməkdaşlıq etmək və onların maraqlarını nəzərə almaq məcburiyyətində olduqlarını bildirdi. Əgər həmin Avropa dövlətləri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı obyektiv və ədalətli mövqelərini hələ də ortaya qoymayıblarsa və Türkiyənin AB-yə üzvlüyü məsələsi həll edilməyibsə, onda Azərbaycan və Türkiyə də AB-yə görə Rusiya ilə münasibətlərini pisləşdirən deyil. Yəni, AB ilə Rusiya arasındakı gərginlik onların öz problemidir deyən iqtisadçı, əksinə, Azərbaycan və Türkiyənin yaranmış vəziyyətdən öz maraqlarını təmin etmək üçün istifadə etməli oduğunu söylədi: "Beləliklə də, öz enerji resurslarımız və tranzit imkanlarımızı regionda əmin-amanlıq və sülh üçün istifadə olunmasına yönəltməliyik. Mən Azərbaycanla Türkiyənin Rusiya ilə yaxınlaşması müqabilində Avropa ilə münasibətlərinin pisləşməsi prinsipinə inanmıram. Belə bir situasiya təxminən 10 il bundan öncə yaransaydı, biz Avropanın təzyiqi barədə düşünərdik. İndi isə vəziyyət tamamilə başqadır. 2020-ci ilə qədər Avropanın qaza olan tələbatı 100 milyard kubmetr artacaq idi. Artan qaz tələbatını ödəmək üçün də ən güclü alternativ mənbə Azərbaycan, ən böyük tranzit imkanına malik ölkə isə Türkiyədir. İndiki vəziyyətdə Azərbaycan və Türkiyə deyil, məhz Avropanın Rusiyadan kənar qaz ehtiyatları əldə etmək istəyən ölkələri diqtə altına düşüblər".