PDF Oxu

Araşdırma

  • 12

Ermənistan münaqişənin həllində razılığa gəlməlidir

Ermənistan münaqişənin həllində razılığa gəlməlidir
İyul ayında Moskvada keçirilən prezidentlərin görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda müəyyən qədər fasilə yaranıb. Bu fasiləni də fəaliyyətsizlik kimi qiymətləndirmək olmaz. Belə ki, bu ərəfədə keçirilən müxtəlif səviyyəli görüşlərdə də bu problem müzakirə olunub. Münaqişə ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri davamlı olaraq tərəflərin razılığa gətirilməsi üzərində ciddi səylər göstərirlər. Bundan başqa, Dağlıq Qarabağ müxtəlif beynəlxalq təşkilatların və dünya dövlətlərinin də diqqət mərkəzindədir.
Bəlli olduğu kimi, Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün oktyabr ayında keçirilməsi nəzərdə tutulur. Bu vaxta kimi prezidentlər və onların başçılıq etdiyi hökumət və dövlət nümayəndələri tərəflər arasında mənafelərin yaxınlaşdırılması üçün qarşılıqlı müzakirələrin genişləndirilməsini də nəzərdə tutub. Həmsədrlərin də bəyan etdiyi kimi, danışıqlarda yeganə həll olunmayan məsələ Dağlıq Qarabağın statusu məsələsidir. Məhz bu məsələnin həlli üçün regionda çox böyük siyasi danışıqlar aparılır. Bu günlərdə Azərbaycana səfər edən Latviya prezidenti də Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və prinsiplər çərçivəsində həll olunmasının tərəfdarı olduğunu bildirdi. Bununla yanaşı, beynəlxalq təşkilatlar da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarında bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının düzgün olduğunu vurğulayıblar.
Sentyabr ayında BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında da Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması gözlənilir. BMT-də Dağlıq Qarabağdakı vəziyyətin müzakirə olunması və çıxarılacaq qərarın prezidentlərin növbəti görüşündə veriləcək qərara öz təsirini göstərə biləcəyi də istisna edilmir. Lakin bu müzakirənin hansı qərarla nəticələnəcəyi də çox mühümdür. Belə ki, ötən sessiyalarda münaqişənin müzakirəsi zamanı müşahidə olunan vəziyyət heç də ürəkaçan olmamışdı, desək, yanılmarıq. Çünki həmsədr olan ölkələrin nümayəndələri belə Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşmış və çıxarılan qərarda bitərəf qalmağı üstün tumuşdular. Bu qərardan keçən müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda aparılan danışıqlarda irəliləyişlər əldə olunmasına baxmayaraq, həmsədrlər öz mövqelərində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını birmənalı şəkildə bəyan etməkdən çəkinirlər. Görəsən, onların budəfəki sessiyada göstərəcəkləri mövqe nədən ibarət olacaq? Bu suala aydınlıq gətirilməsi də məhz həmsədrlərin öz işlərinin öhdəsindən necə gəldiklərini nümayiş etdirəcək.
Oktyabr ayında keçiriləcək görüş həm də o cəhətdən mühüm və əhəmiyyətlidir ki, bu görüş Madrid prinsiplərinin yenilənməsindən sonra keçiriləcək ilk görüşdür. Ötən görüşdən keçən müddət ərzində prezidentlərə bu prinsipləri diqqətlə nəzərdən keçirmək üçün oktyabr ayına qədər vaxt verilməsi də onların düzgün qərar çıxarmaları üçün çox əhəmiyyətlidir. Qeyd edək ki, Madrid prinsiplərinin yenilənmiş variantı məhz həmsədr ölkələrin prezidentləri tərəfindən tərtib olunub və "Böyük Səkkizliy"in iclasında da müzakirə edilib. Buradan da bir daha aydın olur ki, Dağlıq Qarabağ nəinki regionda, həmçinin, dünya dövlətlərinin də diqqət mərkəzində olan bir məsələdir. Əlbəttə, bu gün dünya ictimaiyyəti dünyanın hər hansı bir nöqtəsində münaqişə ocaqlarının qalmasının əleyhinədir və bu münaqişələrin dinc yolla öz həllini tapması üçün yardım göstərməyə hazırdır. Dağlıq Qarabağ münaqişəsi də belələrindəndir. Dünyanın və regionun ən aparıcı və söz sahibi olan dövlətləri problemin həlli ilə yaxından maraqlanır və onun beynəlxalq hüquq və normalar çərçivəsində həll olunması üçün əllərindən gələni edirlər. Ötən bir il ərzində belə hallar daha çox müşahidə edilib. Ən yüksək səviyyəli görüşlərdə bu münaqişənin müzakirə olunması onun həlli üçün müsbət perspektivlər açmış olur. Lakin bütün bu danışıqların aparılmasına baxmayaraq, münaqişə hələ də davam etməkdədir. Onun həllini əngəlləyən yeganə qüvvə isə Ermənistan rəhbərliyi və onun həyata keçirdiyi yarıtmaz və heç bir səmərə verməyən xarici siyasətdir. Lakin Ermənistan rəhbərliyi hələ də başa düşmür və yaxud başa düşmək istəmir ki, münaqişənin uzanması yalnız Ermənistan üçün mənfi bir haldır. Artıq Ermənistanda iqtisadi və sosial həyatın çox böyük çətinliklər məngənəsində olması onun münaqişəli vəziyyətdə olması ilə birbaşa bağlıdır, desək, yanılmarıq. Öz mövcudluğunu davam etdirmək üçün Ermənistan münaqişənin həllində daha maraqlı tərəf olmalı və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.

Digər xəbərlər