PDF Oxu

Araşdırma

  • 8

Ermənistan reallıqla hesablaşmalı olacaq

Ermənistan reallıqla hesablaşmalı olacaq
Geosiyasi əhəmiyyətinə görə seçilən Cənubi Qafqazda sabitliyin bərqərar olması beynəlxalq ictimaiyyətin xüsusi maraq dairəsindədir. Dünya dövlətləri və qurumlar regionda mövcud münaqişələrin, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həll olunmasına daha çox diqqət yetirməkdədirlər.
Bu məsələyə dair fikirlərini açıqlayan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu Azərbaycan ordusunun qüdrətinin münaqişəni hərb yolu ilə istənilən an ölkəmizin lehinə çözməyə imkan verdiyini bildirdi. Vurğuladı ki, günü-gündən silahlı qüvvələrimiz gücləndiyindən, dünya dövlətləri məsələnin daha tez həllinə nail olmaq üçün Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin zəruriliyini daha qabarıq şəkildə gündəmə gətirirlər:
- Məlum olduğu kimi, ölkəmiz atəşkəs rejimi başlanandan sonra ötən 15 il ərzində konstruktiv mövqe nümayiş etdirərək problemin sülh yolu ilə çözümündə maraqlı olduğunu göstərib. İndi məsələnin həlli üçün tələb olunan əsas şərt Ermənstanın da konstruktiv mövqedən çıxış edərək işğal altında saxlanan əraziləri azad etməyə razılıq verməsidir. Əslində, Ermənistan ictimaiyyətinə də yaxşı məlumdur ki, zəbt olunmuş əraziləri uzun müddət işğal altında saxlamaq və burada hər hansı dövlət yaratmaq mümkün olmayacaq. Həm Azərbaycan, həm də dünya birliyi bunun mümkünsüz olduğunu dəflərlə bəyan edib. Bu məqama toxunan Prezident İlham Əliyev bildirir: "Ermənistan bilməlidir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla, etnik təmizləmə siyasəti ilə, torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacaqdır. Öz torpaqlarımızı azad etmək üçün bizim tam əsaslarımız var, beynəlxalq hüquq bunu təsdiq edir. Bu yaxınlarda beynəlxalq təşkilatlarda, o cümlədən, BMT-də müzakirə olunan və qəbul edilmiş qərarlar bir daha bizim haqlı olduğumuzu göstərir".
Onu da vurğulamaq lazımdır ki, bu gün Ermənistanda ən çox ehtiyat edilən məqam ondan ibarətdir ki, kifayət qədər güclənən Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlaması ermənilər üçün əsil fəlakətə çevriləcək. Ən əvvəl ona görə ki, Azərbaycanın qarşısında durmaq üçün Ermənistanın gücü yoxdur, ikinci bir tərəfdən, Ermənistan daxilində onsuz da pisləşməkdə olan vəziyyət hərbi əməliyyatların başlanacağı təqdirdə, fəlakət həddini də keçəcək. Bütün bunlar beynəlxalq birliyin Ermənistanın işğalçı siyasətinə son qoymasında maraqlı tərəflərdən biri kimi çıxış etdiyini göstərir. Bu səbəbdən dünya ictimaiyyətinin Azərbaycan ərazilərini işğaldan azad etməsi və Cənubi Qafqazda daha təhlükəsiz vəziyyətin yaradılması üçün Ermənistana təzyiqlərini bir qədər də gücləndirəcəyi şübhə doğurmur. 
Bir məqamı da vurğulamaq istərdim ki, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul etdiyini xatırladan dövlət başçısı digər beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT-in də müvafiq qərarlar qəbul etdiyini bildirib: "ATƏT-in Lissabon sammitinin qərarı da indiyədək qüvvədədir. Təbii ki, həmin münaqişə bu prinsiplər əsasında nizama salınmalıdır. Ərazi bütövlüyü prinsipi pozulmazdır. Xalqların öz müqəddəratını təyin etməsinə gəldikdə, bu, vahid Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində uğurla reallaşdırıla bilər".
Əgər xatırlayırsınızsa, Rusiya prezidenti D.Medvedev də bu cür problemlərin yalnız möhkəm beynəlxalq hüquqi baza əsasında nizama salına biləcəyi ilə tam razılaşmaq istədiyini bildirmişdi: "Həmin baza məlumdur. Söhbət bir vaxtlar sivil adlandırılan xalqlar tərəfindən işlənib hazırlanmış beynəlxalq hüququn ümumi prinsiplərindən və təbii ki, əsas beynəlxalq təşkilatların və ilk növbədə, Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair qərarlarından və qətnamələrindən gedir. Münaqişənin çox yaxın perspektivdə həll olunması üçün bütün imkanlar var və Rusiya digər dövlətlərlə birlikdə münaqişənin maksimum səmərəli şəkildə nizama salınmasına çalışacaq".
Qeyd edək ki, D.Medvedevin bu çıxışı Ermənistanda narahatlıqla qarşılanıb. Hətta bəzi mətbuat orqanları bu çıxışı D.Medvedevin Ermənistanı təcavüzkar hesab etməsi kimi təqdim edib. Son günlərdə Dağlıq Qarabağ münaqişəsi istiqamətində ciddi mesajların verilməsi problemin həlli istiqamətində irəliləyişləri sübut edir. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Rusiya prezidentinin "Münaqişənin lap yaxın perspektivdə həlli mümkündür" bəyanatı bir sıra ciddi məsələlərdən xəbər verir.
Azərbaycan rəhbərliyi də bəyan edib ki, münaqişənin tənzimlənməsi prosesi yekun mərhələdədir. Yekun mərhələ isə sülh prosesində yeni nüanslardan xəbər verir. Azərbaycanın artan iqtisadi və siyasi mövqeyi Dağlıq Qarabağ probleminin həllini yaxınlaşdırır.

Digər xəbərlər