PDF Oxu

Araşdırma

  • 11

Münaqişənin uzanması Ermənistanın ziyanına işləyir

Münaqişənin uzanması Ermənistanın ziyanına işləyir
Son vaxtlar bir sıra ölkələrin Ermənistana yardımı dayandırması və azaltması ölkədə ciddi çaxnaşma yaradıb. Bunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzadılması ilə əlaqələndirən ictimai-siyasi xadimlər, həmçinin, siyasi partiya rəhbərləri Ermənistan hakimiyyətindən öz siyasətində dönüş yaratmağı tələb edirlər. Məsələ ilə bağlı münasibət bildirən politoloq Rüstəm Məmmədov ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin - ABŞ, Rusiya və Fransa prezidentlərinin İtaliyada keçirilən "Böyük səkkizlər"in sammitində verdikləri bəyanatın da Ermənistanda ciddi narahatçılıq yaratdığını dedi.
Bildirdi ki, erməni siyasi dairələri bu faktı də etiraf edirlər. "Respublika" Partiyasının siyasi məsləhətçisi Suren Surenyants mətbuata verdiyi açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzadılması Ermənistanın ziyanına işləyir. O, bunu dünyanın superdövlətlərinin və tanınmış beynəlxalq qurumların Ermənistana qarşı münasibətlərində soyuqluq yaranması ilə əlaqələndirib. Siyasətçi təlaşla bildirib ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin sonuncu bəyanatı Dağlıq Qarabağ probleminin aradan qaldırılmasının sona yaxınlaşmasından xəbər verir. Ən maraqlısı isə ondan ibarətdir ki, S.Surenyants də Azərbaycanın mövqelərini dəstəklədiyini bildirir və qeyd edir ki, belə bir vəziyyətdə artıq Ermənistanın çökməsi hakimiyyətin istefa verməsinə gətirib çıxarır. S.Surenyants Ermənistanda yaranmış bu vəziyyətdən çıxmağın yolunu hakimiyyətin istefasında görür.
Politoloq bu gün Ermənistanda iqtisadi böhran dərinləşdiyini və əhalinin güzəranın daha da pisləşdiyini vurğuladı. Qeyd etdi ki, bu günlərdə ölkənin statistika komitəsinin yaydığı məlumatda bildirilir ki, ümumi daxili məhsul istehsalı əvvəlki illərlə müqayisədə xeyli azalmış, zəruri ərzaq məhsulları bahalaşmış, əhalinin pul gəlirləri kəskin azalmış, ölkədən köçüb gedənlərin sayının artdığı qeydə alınmışdır. Bunu indiki hakimiyyətin yarıtmaz fəaliyyəti ilə əlaqələndirən yerli siyasətçilər əlavə edirlər ki, problemin digər səbəbi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzadılmasıdır.
Politoloq həmsədr ölkələrin, xüsusilə, ABŞ və Rusiya açıq şəkildə Azərbaycanın mövqeyini dəstəklədiyini də vurğuladı. Onun qənaətinə görə, həmsədrlər bu ilin sonuna qədər münaqişəni Madrid prinsipi əsasında aradan qaldırmağa çalışırlar. Çünki problemin aradan qaldırılmasının uzadılması Ermənistanın ziyanına işləyir. İlk növbədə, ona görə ki, Ermənistan beynəlxalq aləmdə tədricən nüfuzdan düşmüş, sülh tərəfdarı olmayan ölkə kimi tanınır, digər ölkələrlə əməkdaşlığı zəifləyir. Bu faktı digər erməni siyasətçisi "İrs" Partiyasının fraksiya rəhbəri Armen Martirosyanın mətbuata verdiyi açıqlamasında da bildirib. A.Martirosyan bildirir ki, "bilmək olmaz ki, növbəti on ildən sonra bizim aqibətimiz necə olacaq. Ona görə də hakimiyyət öz xarici siyasətində dəyişiklik etməli, ölkənin və xalqın gələcək taleyi barədə düşünməlidir. Ermənistanın beynəlxalq aləmdə tamamilə nüfuzdan düşdüyü nəhayət ki, dərk edilməlidir. Çünki Serj Sarkisyan hakimiyyəti yarıtmaz siyasətlə məşğuldur. ATƏT-in Minsk Qrupu həmsədr ölkələri prezidentlərinin son bəyanatı Ermənistanın süqutu hesab etmək olar".
R.Məmmədov Rusiyanın Azərbaycanın mövqelərini dəstəklədiyini və bununla da ölkəmizin haqlı olduğunu bildirir: "ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan ABŞ və Rusiyanın münaqişənin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəkləməsi vəziyyətin Ermənistanın əleyhinə getdikcə pisləşməsindən xəbər verir".
Politoloq bu günlərdə ABŞ-da fəaliyyət göstərən bir sıra təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezident Barak Obamaya ünvanlanan məktubla bağlı öz münasibətini bildirərək qeyd etdi kn, məktubda deyilənlər bu faktın əyani şəkildə nümayişi deməkdir. Çünki Ermənistan prezidenti həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib. Lakin bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi beynəlxalq aləmə artıq məlumdur. Dövlətimizin başçısı problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində aradan qaldırılması barədə mövqeyini dəfələrlə bildirib. Dövlət başçımızın bu mövqeyi dünyanın superdövlətlərinin başçıları, habelə, nüfuzlu beynəlxalq qurumların nümayəndələri tərəfindən də dəstəklənir. Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən əvvəlki danışıqlarda Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi göründüyü kimi, beynəlxalq aləmdə qınaq obyektinə çevrilib. Artıq Ermənistan tərəfi açıq-aydın hiss edir ki, beynəlxalq aləmdə işğalçı dövlətlə əməkdaşlıq etmək arzusunda olan yoxdur. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizamlanması beynəlxalq aləmdə ən çox diqqət yetirilən problemlərdəndir. Artıq dünyanın inkişaf etmiş ölkələri münaqişənin həllində açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. Bu da Ermənistanı bərk qorxuya salıb. Münaqişənin nizamlanmasında Rusiyanın fəallıq göstərməsi və Azərbaycanı dəstəkləməsi Ermənistanda ciddi narahatlıq yaradıb.
Politoloq onu da bildirdi ki, Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən müstəqil dövlətdir. İqtisadi cəhətdən qüdrətli olan dövlətdə qarşıya çıxan problemləri aradan qaldırmaq mümkündür. Əminik ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bundan ötrü bizim qüdrətli ordumuz var. Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında da dövlətimizin başçısı bunu xüsusi vurğulayaraq dedi: "Ordu quruculuğu məsələlərinə ənənəvi olaraq diqqətimizi əsirgəmirik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, ilk növbədə, bu məsələlərə ən böyük diqqət göstərilməlidir. Keçən ay ordu günü ərəfəsində keçirilmiş genişmiqyaslı hərbi təlimlər bir daha bizim gücümüzü göstərdi. Keçən il biz hərbi paradı keçirməklə öz hərbi texnikamızı nümayiş etdirdik, bu il öz döyüş qabiliyyətimizi nümayiş etdirdik. Mən çox şadam ki, bu gün Azərbaycan ordusunun vəziyyəti elədir ki, qarşıda duran istənilən vəzifəni uğurla icra edə bilər. Bizim bütün səylərimiz bir məqsədə xidmət edir - Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğalçı qüvvələr ölkəmizin zəbt edilmiş torpaqlarından çıxarılsın".
Dövlətimizin başçısı daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesindən söhbət açdı. Qeyd olundu ki, danışıqlarda Azərbaycanın mövqeyi həmişəki kimi birmənalıdır və dəyişməzdir. Möhtərəm Prezidentimiz bir daha bildirdi ki, Azərbaycanın mövqeyi bütün beynəlxalq normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar əsasında qurulub. O, diqqətə çatdırdı ki, məsələ bu hüquqi müstəvidə öz həllini tapa bilər. Dövlətimizin başçısı ümidvar olduğunu bildirərək dedi ki, əgər Ermənistan tərəfi real vəziyyəti nəzərə alsa və Azərbaycanın artan imkanlarını, - həm hərbi, həm iqtisadi, həm siyasi, həm diplomatik uğurlarını təhlil edərək nəzərə alsa, məsələ tezliklə öz həllini tapa bilər. Təbii ki, bu razılaşma ilk növbədə ədalətli olmalı, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilməlidir.

Digər xəbərlər