Ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər davam etdirilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata əsasən, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 20-27 iyul tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. Araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 18 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 3 göstəriş verilib.
Yerin təkinin mühafizəsi sahəsində 1 akt tərtib olunmuş, 2 məcburi göstəriş verilmiş, 6 iş üzrə 4800 manat məbləğində iddia qaldırılıb.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 10 akt və protokol tərtib olunub, 1 məcburi göstəriş verilib. 5 iş üzrə 24 000 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 4 akt tərtib olunub, 2 iş üzrə 5700 manat məbləğində cərimə tətbiq edilib.