PDF Oxu

Araşdırma

  • 12

“Donuz qripi” epidemiyası ilə bağlı təşviqat işləri aparılır

“Donuz qripi” epidemiyası ilə bağlı təşviqat işləri aparılır
Bu ilin mart ayının sonunda və aprelin əvvəlində insanlar arasında A/H1N1 virusunun (donuz qripi)  yayılması haqda ilk xəbərlər ABŞ-ın Cənubi Kaliforniya ştatından daxil olub. Son vaxtlar dünyada sürətlə yayılan A/H1N1 virusunun (donuz qripi) Azərbaycanda da ortaya çıxması insanlar arasında müəyyən narahatçılığa səbəb oub. Bu virusa yoluxmuş iki nəfər azərbaycanlı artıq tam sağalıb. Lakin bütün bu hallara baxmayaraq, yenə də önləyici tədbirlər gücləndirilməlidir. Xüsusən, xaricdən Azərbaycana giriş qapılarında, gömrük keçid məntəqələrində, hava limanlarında  bu virusa yoluxmiş insanların ölkə ərazisinə girişinin qarşısını almaq üçün xüsusi tədbirlər həyata keçirilir.
Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) dünyada yayılmış A/H1N1virusunun (donuz qripi) epidemiyası ilə bağlı ölkənin dəmiryol vağzallarında təşviqat işləri aparır.  ADDY-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, vağzallarda müntəzəm olaraq təşviqat işləri görülür, xəstəliyin simptomları və təhlükəsizlik tədbirləri barədə məlumatlar verilir. Həmçinin, həkim-sanitar xidməti marşrutlarda çalışan bələdçi heyətləri ilə müntəzəm olaraq seminarlar keçirir və əməkdaşlara xəstəliyin simptomları və sərnişinlərdə xəstəliyin olması şübhəsi yarandıqda görülməli tədbirlər izah olunur.
"Bu istiqamətdə tərəfimizdən görülən işlər təşviqat xarakteri daşıyır" deyən N.Əzməmmədov bildirib ki, A/H1N1 virusu artıq qonşu İran İslam Respublikasında da aşkar  olunub. Bu, o deməkdir ki, bu virus əhatə dairəsini getdikcə genişləndirir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın 99 ölkəsində 52 160 insanın A/H1N1 qripinə yoluxması barədə məlumat var. Qripə yoluxmuş 231 insan vəfat edib. ÜST iyunun 11-də ilk dəfə olaraq 40 il ərzində rəsmi olaraq A/H1N1 virusunun dünyada sürətlə yayılması ilə bağlı pandemiya təhlükəsinin 6-cı səviyyəyə (maksimal səviyyə) çatması barədə məlumat verib.
Xatırladaq ki, donuz qripi donuzlarda müşahidə olunan nəfəs yolu infeksiyasıdır ki, onu da doğuran qrip virusudur. Bu virus insanlarda qrip yaradan virusdan fərqlənir. Donuzlarda olan bu virusa donuzla yaxın kontaktda olan insanlar da yoluxa bilər, amma bu, çox az hallarda baş verir. "Donuz qripi"nin adamdan adama keçməsi də olduqca nadir fenomen sayılır. Əvvəllər də "donuz qripi" epidemiyası qeydə alınıb. Bunlardan ən geniş məlum olanı 1976-cı ildə Amerika ordusunda baş verən epidemiyadır. Hazırda dünyada yayılan virus yeni tipli virusdur və əvvəllər nə insanlarda, nə də donuzlarda qeydə alınmayıb.

Digər xəbərlər