Ermənistanda daxili sabitlik pozulub
Dünən Siyasi İnnovasiya və Texnologiya Mərkəzi iyul ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqladı. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə ötən ay dünyada baş verən mühüm siyasi hadisələrdən danışdı.
M.Əhmədoğlu ABŞ prezidenti Barak Obamanın Rusiya səfərini şərh edərkən bu hadisənin iki ölkənin münasibətlərində ciddi dəyişiklik yaratmadığını dedi. Onun sözlərinə görə, Strateji Hücum Silahları ilə bağlı müqavilə nəzərə alınmasa, səfərin hər hansı ciddi nəticəsinin olduğunu söyləmək mümkün deyil: "Rusiya dünya maliyyə böhranından daha çox əziyyət çəkməsinin günahını ABŞ-da görür. ABŞ özünün iqtisadi qanunlarına baxmağı müzakirə mövzusuna çevirəcəyini ehtiyatla bildirdi. Bu, ABŞ-Rusiya münasibətlərində yeni mövzu oldu".
Mətbuat konfransında SİTM sədri İranda cərəyan edən hadisələrdən də danışdı. M.Əhmədoğlu bildirdi ki, İranda daxili-siyasi gərginlik davam etsə də, bu ölkə Cənubi Qafqazda və Mərkəzi Asiyada cərəyan edən hadisələrə müdaxilə etməkdən çəkinmir: "İran son vaxtlar xeyli fəallaşıb. Üç həmsədr dövlət Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə çalışdığı bir vaxtda İran Ermənistanı dəstəkləməklə sülh prosesini əngəlləməyə çalışır. Mərkəzi Asiyada gərginliyin davam etməsinə görə də məsuliyyəti İran daşıyır. İran Xəzər dənizindəki "Kəpəz" yatağına iddia edən Türkmənistanı, sadə dildə desək, qızışdırmaqla bu ölkəni Azərbaycanla konfliktə sürükləyir".
M.Əhmədoğlu Cənubi Qafqaz regionunda baş verən ictimai-siyasi proseslərə də toxundu. Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət Ermənistanın daxili və xarici siyasətində çox ciddi faktora çevrilib: "Hazırda Dağlıq Qarabağ münaqişəsi Ermənistan üçün bir nömrəli məsələdir. Ermənistanın münaqişənin tənzimlənməsində imitasiya imkanlarının məhdudlaşması, müttəfiq hesab etdiyi dövlətlərin onun mövqeyindən uzaqlaşması, dünya maliyyə böhranı bu məsələdə Ermənistan üçün kifayət qədər əngəllər yaradır. Ölkədə daxili sabitlik pozulub. Ermənilər mövcud vəziyyətin yaranmasına görə "günahkar axtarışı"na çıxıblar".
Mərkəzin rəhbəri iyul ayında Azərbaycanın gündəmini tutmuş önəmli hadisələrdən də danışdı. Politoloq bildirdi ki, Türkiyə-Azərbaycan münasibətləri Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı yayılan məlumatların yaratdığı gərginlikdən sonrakı pozitiv sabitləşmə dövrünü yaşayır: "Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəklədiyini dəfələrlə bəyan etdi. Son zamanlar Rusiya ilə Azərbaycanın münasibətlərinin istiləşməsinə münasibət bildirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan etdi ki, Rusiya ilə Azərbaycanın münasibətlərinin yaxşılaşması Ankaranı narahat etmir. Onun fikrincə, Türkiyə ilə Azərbaycanın münasibətləri daha köklüdür, Azərbaycanın üçüncü dövlətlə olan əməkdaşlığı bu münasibətlərə alternativ ola bilməz".
M.Əhmədoğlu Gürcüstandan danışarkən rəsmi Tbilisi ilə Moskva arasındakı münasibətlərin gərgin olaraq qaldığını vurğuladı: "Rusiya prezidenti Dimitri Medvedev gözlənilmədən Cənubi Osetiyaya səfər etdi. Onun bu səfərini Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ankarada "Nabucco" qaz kəməri ilə bağlı sazişin imzalanma mərasimində iştirakına cavab kimi dəyərləndirdilər. Mixail Saakaşvili Medvedevin Sixinvaliya səfərini "biabırçı və əxlaqsız addım" adlandırdı. Rusiya prezidenti Dmitri Medvedev isə Gürcüstanla Rusiya arasındakı münasibətlərin Saakaşvili hakimiyyətdən getdikdən sonra normallaşacağını bildirdi. Gürcüstan-ABŞ münasibətləərinin səviyyəsi də Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasına imkan vermir".