Şamaxı Astrofizika Rəsədxanasına maddi vəsait ayrılıb
Azərbaycan Prezidentinin 2008-ci il 5 sentyabr tarixli Sərəncamına uyğun olaraq, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi üçün ehtiyat fondundan 5 milyon manat vəsait ayrılmışdır.Həmin vaxtdan bu nadir elm mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi, təmir-tikinti işlərinin aparılması məqsədi ilə tədbirlər həyata keçirilir.
Obyektin müasir tələblər səviyyəsində yenidən qurulmasının başa çatdırılması üçün dövlətimizin başçısı 2009-cu il iyulun 21-də daha bir Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılmışdır.
Hazırda təmir-tikinti və yenidənqurma işləri sürətlə davam etdirilir.
Xatırladaq ki, Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir və buna görə dünyanın bir sıra astronomik rəsədxanalarını qabaqlayır. Rəsədxananın yerləşdiyi nöqtə çətin müşahidə olunan cənub göyünün öyrənilməsində müəyyən üstünlüklərə malikdir. Burada müşahidə olunan aydın gecələrin sayı 190-200 təşkil edir ki, bu mənada da ŞAR dünya rəsədxanalarının əksəriyyətini üstələyir.
ŞAR fəaliyyət göstərdiyi dövrdə minlərlə səma cisminin xassələri öyrənilmiş və bir sıra kosmik proqramlarda bilavasitə iştirak etmişdir. Əməkdaşların aldığı elmi nəticələr dünya alimləri tərəfindən layiqincə qiymətləndirilmiş, iyirmiyədək əməkdaş bir sıra nüfuzlu beynəlxalq elmi təşkilatlara üzv seçilmişdir. Marsda və Ayda bir neçə krater ŞAR əməkdaşlarının adı ilə adlandırılmışdır. Azərbaycan astronomlarının qazandığı nüfuz sayəsində Beynəlxalq Astronomiya İttifaqı bir sıra kiçik planetlərə Azərbaycan adları (Nizami, Tusi, Cavid, Maqomayev, Azərbaycan, Şamaxı rəsədxanası və s.) vermişdir. 2007-ci ilin sentyabrında ABŞ rəsədxanalarında kəşf olunmuş daha bir kiçik planetə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin adı verilmişdir. Hazırda dünya rəsədxanalarının sayı sürətlə artaraq mini keçmişdir. Buna baxmayaraq, Şamaxı rəsədxanası öz teleskoplarının sayına (7 teleskop), çeşidinə, gücünə və bir sıra parametrlərinə görə dünyanın böyük rəsədxanalarından sayılır. Qurumun astronomları Rusiya, Almaniya, Ukrayna, İsrail, Rumıniya, Bolqarıstan, Avstriya və başqa ölkələrin astronomları ilə sıx əməkdaşlıq edirlər.