Azərbaycan münaqişənin müharibə yox, sivil yolla həllinə tərəfdardır
SSRİ süqut etdikdən sonra 1991-ci il oktyabr ayının 18-də Azərbaycanın müstəqilliyi haqda konstitusiya aktı qəbul olundu və 11 gün sonra ölkəmizin Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması üçün ali sovet bu quruma müraciət etdi. Elə həmin il BMT Baş Assambleyasının 46-cı sessiyasında keçmiş sovet ölkələrinin, o cümlədən də Azərbaycanın təşkilata daxil olması məsələsi müzakirə olunsa da, yekun qərar qəbul edilmədi.
Düz 1 il sonra, Azərbaycanın ən çətin günlərində, Xocalı soyqırımının acısını yaşadığı bir vaxtda 1992-ci il martın 2-də Azərbaycan BMT mandatı aldı və bununla da dünyanın göz yumduğu ağrılı probelminin həllini tapacağına ümid etdi. Ancaq həmin vaxt Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan da, digər possovet ölkələri kimi BMT-yə qəbul edildi. Qurumun Azərbaycana qarşı ədalətsizliyinin təməli də məhz bununla qoyuldu. Dünyanın ən nüfuzlu təşkilatlarından biri sayılan BMT bu işğalçı dövləti sıralarına qəbul edərkən Ermənistandan nə Xocalıda, nə də digər Azərbaycan ərazilərində törətdiyi vəhşiliklərin hesabını soruşdu və işğalçı siyasətini dayandırması üçün Yerevana heç bir tələb irəli sürmədi. Yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul etməsinə nail oldu. Həmin qətnamələrdə Azərbaycanın ərazi toxunulmazlığı təsdiq edildi və işğalçı qüvvələrin tutduqları torpaqlardan qeyd-şərtsiz çıxması tələb olundu. Çox təəssüf ki, BMT-nin bu tələbi indiyədək kağız üzərində qalır. Ermənistan isə onlara əhəmiyyət vermir. Çünki heç kim ondan Azərbaycan torpaqlarından çıxmasını tələb etməyib. Qətnamələrdə işğalçı qüvvələr deyəndə, məhz Ermənistanın nəzərdə tutulduğu göstərilməyib. Həmin qətnamələrdəki qeyri-müəyyənlik bu günədək davam edir.
Onu da xatırlatmaq yerinə düşər ki, BMT nizamnaməsinin 1-ci bəndinə görə, təşkilata üzv dövlətlərin suverenliyi və sərhədləri toxunulmazdır. Nizamnamənin 50-ci maddəsi isə Azərbaycana torpaqlarını işğaldan azad etmək üçün hərbi gücə əl atmaq hüququ verir. Ancaq Azərbaycan bir sivil ölkə kimi BMT sıralarında təmsil olunmağı özünə borc bilirsə, münaqişənin də müharibə yox, sivil yolla həllinə tərəfdardır və bu işdə beynəlxalq təşkilatların dəstəyinə arxalanır. Onu da qeyd edək ki, Azərbaycanın dövlət büdcəsindən hər il BMT-yə 149 min 848 manat vəsait ayrılır. Bunun da 143 min 200 dolları üzvlük haqqıdır və beynəlxalq təşkilat ən azı ödədiyi vəsaitə görə Azərbaycanın da problemlərini gözardı etməməlidir.
Son dövrlər isə Azərbaycanın diplomatik mövqelərinin getdikcə güclənməsi, iqtisadi cəhətdən sürətli inkişaf yoluna qədəm qoyması beynəlxalq aləmdə diqqət mərkəzindədir. Hazırda Azərbaycan regionda deyil, dünyada siyasi arenada söz sahiblərindən birinə çevrilib. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən dövlətdir. Son illər bir sıra iri layihələrin reallaşdırılması ölkəmizin dünya miqyasında mövqelərini daha da möhkəmləndirmiş, inkişaf etmiş qüdrətli dövlətlərlə əlaqələrini genişləndirmişdir.
Dövlət başçısı İlham Əliyevin daxili və xarici siyasətində ana xəttini bölgədə sülh, sabitlik təşkil edir. Münaqişələrin həllində sülh siyasətinə, beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verilməsi Azərbaycanı dünyada sülhsevər dövlət kimi tanıdıb. Məhz bunun nəticəsidir ki, dünyanın əksər ölkələri, həmçinin, tanınmış beynəlxalq qurumları ölkəmizin mövqeyini dəstəkləyir, Azərbaycanın iqtisadi və siyasi uğurları artır. Bütün bunlarda BMT-də münaqişənin bu vaxta qədər uzanmasında Ermənistan tərəfinin günahkar olduğunu açıq şəkildə bəyan etməsinə səbəb olub.
Bütün bunlara baxmayaraq, hələ neçə illərdir ki, Rusiya, ABŞ, Fransa, İran kimi böyük dövlətlərin Azərbaycana qarşı ikili standartlardan çıxış etməsi və bir çox hallarda qeyri-səmimi münasibətlərinin nəticəsi olaraq və Ermənistana qarşı təzyiq vasitələrindən istifadə etməmələrinə görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapmır. Buradan belə bir sual ortaya çıxır. "Güc mərkəzləri" hesab edilən və Azərbaycanda strateji maraqları olan mövcud dövlətlərin Ermənistan işğalını bu və ya digər vasitələrlə müdafiə etməkdə nə kimi məqsəd güdürlər? BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qərarlarına məhəl qoymayan Ermənistana niyə işğalçılıq siyasətindən əl çəkmək üçün təzyiq göstərilmir?
Ölkə Prezidenti İlham Əliyev isə dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz münasibətini bildirmiş və qətiyyətlə bəyan etmişdir: "Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir".