ABŞ - Rusiya münasibətlərinin “yenilənməsi” MDB ölkələri ilə münasibətlərə təsir göstərməyəcək
Məlum olduğu kimi, bu həftə ABŞ vitse-prezidenti Cozef Bayden iki postsovet ölkəsinə səfər edib. Belə ki, o, səfər çərçivəsində Ukrayna və Gürcüstanda olub. Onun bu səfərini yeni yaranmaqda olan ABŞ-Rusiya münasibətlərinin fonunda bu ölkələrlə münasibətlərin səviyyəsinin necə olacağının aydınlaşdırılması kimi də şərh etmək olar. Yaxın keçmişə nəzər salsaq, görərik ki, bu iki ölkə hakimiyyəti inqilab nəticəsində yaradılmışdır.
Bu inqilablar isə bir növ Rusiyanın əvvəlki ağalığını sürdürməsinə qarşı aparılan mübarizənin nəticəsidir. Lakin bununla belə, Rusiya hökuməti postsovet ölkələrində öz mövqeyinin möhkəmləndirmək üçün daim mübarizə aparır və öz imkanlarından istifadə edərək bu ölkələrin də daxili işlərinə qarışır. Bu mənada, qeyd etmək lazımdır ki, hazırda Rusiyaya rəqib ola biləcək tək dövlət olan ABŞ MDB ölkələrinə yardım etməklə, bu ölkələrdə öz mənafeyini möhkəmləndirməkdən və burada Rusiyaya qarşı davamlı ola biləcək dayaq yaratmaqdan çəkinmir.
Lakin son zamanlar, xüsusilə, B.Obamanın hakimiyyətə gəlişindən sonra ABŞ və Rusiya arasında müşahidə edilən yaxınlaşma bu ölkələrə də təsirsiz ötüşməyə bilməz. Bunun hansı səviyyədə olacağına və bu ölkələrlə ABŞ arasında münasibətlərin hansı səviyyədə olacağına ABŞ-ın vitse-prezidenti Cozef Baydenin məlum səfəri aydınlıq gətirmiş oldu. Baydenin ilk səfəri Ukraynaya baş tutmuşdur ki, bunun da nəticəsində ABŞ-Ukrayna münasibətlərinin perspektivləri aydınlaşdırılmışdır.
Cozef Bayden rəsmi Kiyevi Rusiya ilə yaranan yeni münasibətlər fonunda narahat olmamağa çağırıb. O bildirib ki, Rusiya-Amerika münasibətlərinin "yenilənməsi" ABŞ-ın Ukrayna ilə münasibətlərinin korlanması hesabına baş verməyəcək. Məlum olduğu kimi, bir müddət bundan öncə, Rusiya ilə Ukrayna arasında böyük bir qaz qalmaqalı yaşanmışdı ki, bu da iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olmuşdu. Bundan başqa, Rusiya Ukraynanın NATO-ya üzv olmasına qarşı da öz mövqeyini bildirmişdi. Ukraynaya səfəri zamanı bu məsələyə də aydınlıq gətirən C.Bayden qeyd edib ki, ABŞ Ukraynanın suverenliyini və onun NATO-ya daxil olma səylərini dəstəkləyir. O bildirib ki, ABŞ hansısa bir ölkənin digər ölkələrin müəyyən ittifaqa daxil olub-olmamasına diqtə etmək hüququna qarşıdır. Bütün bu açıqlamalar ondan xəbər verir ki, ABŞ Rusiya ilə münasibətləri yaxşılaşdırsa da onun etdiyi hərəkətləri heç də dəstəkləmir. Birləşmiş Ştatlar postsovet ölkələrinin müstəqil dövlət hüququnu dəstəkləyir və Ukrayna və Gürcüstanın Rusiyanın təsir dairəsinə qayıtmasına razı deyil.
ABŞ-ın Ukraynadakı sabiq səfiri də bu barədə açıqlama verərkən, bildirib ki, vitse-prezident Cozef Bayden, dövlət katibi Hillari Klinton və prezident Barak Obama "yenilənmə" barədə danışarkən, qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyanın keçmiş sovet məkanını yenidən öz təsir dairəsinə qaytarmaq cəhdlərini qəbul etməyəcək və postsovet ölkələrinin müstəqil dövlət hüququnu dəstəkləyəcək.
ABŞ-ın Ukrayna ilə münasibətləri təkcə C.Baydenin səfəri zamanı deyil, eyni zamanda, ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordonun bu həftə verdiyi bəyanatında da diqqət mərkəzində olub. O bildirib ki, Obama administrasiyası Ukrayna və Gürcüstanın NATO-ya üzv olmaq barədə səylərini qətiyyətlə dəstəkləyir. Hətta onu da nəzərə çatdırıb ki, Vaşinqton Tbilisi və Kiyev ilə onları NATO-ya yönləndirməyə kömək etmək məqsədilə çalışır. Bütün bunlar, onu göstərir ki, Rusiya ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlıq səylərinin olmasına baxmayaraq, onların Ukrayna ilə bağlı yeritdikləri siyasədə müəyyən ziddiyyətlər yaranır. Belə ki, ABŞ Ukraynanı "çiçəklənən, demokratik və müstəqil" görmək istədiyi halda, Rusiya yenidən onu öz tabeçiliyi altına salmağa çox ciddi cəhd göstərir.
C.Bayden Ukraynaya səfərini başa vurduqdan sonra Gürcüstana yollanıb və burada da ABŞ ilə olan münasibətlərə aydınlıq gətirilib. Lakin ilk olaraq, onu qeyd etmək yerinə düşərdi ki, Rusiya ilə Gürcüstan arasında da münasibətlər heç də yaxşı deyil və hətta demək olar ki, çox kritik bir vəziyyətdədir. Bunun əsası isə ötən ilin avqust ayında qoyulmuşdu. Belə ki, Cənubi Osetiyada baş verənlər iki ölkə arasında münasibətlərə pis təsir etsə də artıq bir neçə aydır ki Gürcüstanda baş verən kütləvi etiraz mitinqlərində Rusiyanın əlinin olması iddiaları artıq ölklər arasında düşmənçilik münasibətlərinin kəskinləşməsinə səbəb oldu. Lakin ABŞ-ın vitse-prezidenti Cozef Bayden bəyan edib ki, onun ölkəsi bu vaxta kimi Gürcüstanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək. Bayden bildirib ki, amerikalılar "Qızılgül inqilabı"ndan sonra Gürcüstan xalqının demokratiyaya can atdığını müşahidə edib. ABŞ, eyni zamanda, Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. İki ölkə arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində də əhəmiyyətli işlər görülür. ABŞ Gürcüstanda olan separatçı rejimləri - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina edir. Bununla müqayisədə, demək olar ki, Rusiya həmin rejimlərin müstəqilliyini tanımaqla yanaşı, onlara böyük dəstək də verir. Deməli, Gürcüstanda da iki nəhəng ölkənin maraq və mənafeləri toqquşur.