Məlum olduğu kimi, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ məsələsinin həll edilməsi ilə bağlı yenidən Moskvada bir araya gəldilər. İki ölkə prezidenti arasında keçirilən görüşün nəticələrini necə dəyərləndirirsiniz? Bu və digər suallarla müsahiblərimizə müraciət etdik.
Fəzail İbrahimli, millət vəkili:
- Fikrimcə, bu məsələ artıq kifayət qədər müzakirə olunmuş bir mələsədir. Bütün dünya dövlətləri çox gözəl bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Ermənistan hökuməti artıq razılığa gəlməlidir ki, işğal etdiyi torpaqları geri qaytarsın. Hər kəsə məlumdur ki, Ermənistan həmişə siyasi cəhətdən Rusiyadan asılı vəziyyətdə olub. Ermənistan-Azərbaycan prezidentləri arasında keçirilən hər görüşdə Serj Sarksiyan Rusiya prezidentinin diqtə etdiyi tərzdə danışıqlar aparır. Ermənistanın dövlət başçısı nə danışa bilər, nə danışa bilməz bunu əvvəlcədən Rusiya prezidenti planlaşdırır və həyata keçirir. Bütün bu məsələlərə baxmayaraq, mən ümid edirəm ki, işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək və haqq-ədalət öz yerini tutacaq.
Elşad Mirbəşiroğlu, politoloq:
- Ümumiyyətlə, bu görüşlər artıq silsilə xarakteri alıb. Bildiyimiz kimi, hər iki ölkə prezidentlərinin görüşü daha çox Rusiyada keçirilir. Bu görüşlərin Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməsi, ondan xəbər verir ki, Rusiya tərəf bu münaqişənin tənzimləmə prosesində təşəbbüsü üzərinə götürməyə çalışır və kənar qüvvələri, yəni ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri - ABŞ, Fransanın bu prosesdə o qədər də həlledici rol oynamadığını sübut etməyə cəhd edir. Çünki Rusiya regionda özünü əsas aparıcı qüvvə hesab edir. Ona görə də, digər qüvvələrin təsirini yaxına buraxaq istəmir. Hər şeydən öncə, sözügedən görüşü bu baxımdan qiymətləndirməliyik. Görüş, birinci olaraq, bu proseslərə Rusiyanın daha yaxından müdaxiləsinə xidmət edib. Rusiya prezidentinin köməkçisi mətbuat konfransında bildirmişdir ki, bu görüş zamanı hər hansı bir razılaşmanın imzalanması gözlənilmir. Sadəcə olaraq, tərəflər arasında kommunikasiya xidmətinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımından görüş çox əhəmiyyətlidir.
Dağlıq Qarabağ probleminin həll edilməsi ilə bağlı prezidentlərin bu görüşləri davam edir və çox böyük güman var ki, 2010-ci ilin əvvələrində işğal altında olan rayonlarımız erməni işğalından azad olunacaq.