PDF Oxu

Araşdırma

  • 7

Sərhəd pozucuları zərərsizləşdirilib

Sərhəd pozucuları zərərsizləşdirilib
Azərbaycan Respublikası (AR) Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala sərhəd dəstəsinin xidməti ərzində, Azərbaycanın Rusiya ilə dövlət sərhədi yaxınlığında, Balakən rayonu Mahamalar kəndi istiqamətində səyyar sərhəd xidmətini təşkil edən sərhəd naryadı tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin respublika dövlət sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alınıb.
Mütəşəkkil silahlı dəstənin üzvləri tərəfindən sərhəd naryadına qarşı odlu silah tədbiq edilib, nəticədə sərhəd naryadının üzvü əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Cavab atəşilə dəstə üzvlərindən biri - hazırda şəxsiyyəti dəqiqləşdirilən xarici ölkə vətəndaşı məhv edilib, digər dəstə üzvü isə yaralanıb. Öz iradələrindən asılı olmayaraq niyyətlərini başa çatdıra bilməyən silahlı dəstənin üzvləri havanın qaranlıq, ərazinin dağlıq, meşəlik olmasından istifadə edərək hadisə yerindən qaça biliblər.
Hadisə ilə əlaqədar dərhal zəruri tədbirlər görülüb, əraziyə DSX-nin çevik bölmələri cəlb olunub. Silahlı dəstə üzvlərinin izlənilməsi zamanı onların atıb qaçdıqları səhra kisələrində xeyli miqdarda əl qumbaraları, hərbi sursat, dağlıq ərazidə uzun müddət qalmaq üçün təyinatlı olan ərzaq, geyim əşyaları, digər ləvazimat və avadanlıqlar aşkar olunaraq götürülüb.
Baş verən hadisə barəsində AR-nın Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri məlumatlandırılıb. Fakt üzrə Respublika Baş Prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd etmə), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanılıb.
Mütəşəkkil silahlı dəstənin digər üzvlərinin aşkar edilərək yaxalanması üzrə birgə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər