PDF Oxu

Araşdırma

  • 11

Azərbaycanda tarazlı regional inkişafa nail olunub

Azərbaycanda tarazlı regional inkişafa nail olunub
Bu gün ölkəmizdə inamla həyata keçirilən ulu öndər Heydər Əliyev siyasətinin nəticəsi olaraq Azərbaycan dövləti müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi istiqamətində mühüm addımlar atılmış, tədbirlər həyata keçirilmişdir. Qazanılmış iqtisadi uğurları ilə Azərbaycan artıq beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Dünya birliyinə inteqrasiya olunan müstəqil Azərbaycanda proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla qloballaşma dövrünün tələbləri səviyyəsində qurulur. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan böyük yerli və regional layihələr sayəsində Azərbaycan dövləti uğurlu iqtisadi nailiyyətləri ilə aparıcı dövlətlər sırasında öz mövqeyini möhkəmlətmişdir.
2003-cü ildə prezident seçkiləri ərəfəsi dövlət başçısı İlham Əliyev Azərbaycanın gələcək inkişafını regionların müəyyən edəcəyini, bölgələrdə güclü insan potensialının olduğunu və iqtisadi potensialın da yaradılacağını bəyan edərək, regionların inkişafının sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının başlıca hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Ölkə Prezidenti regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, yeni iş yerləri yaratmaq, məşğulluq səviyyəsini və insanların yaşayış şəraitini yüksəltməklə yoxsulluğu azaltmaq, infrastruktur sahələrini təkmilləşdirmək və yeniləşdirmək, əlverişli investisiya şəraiti formalaşdırmaqla ölkənin, xüsusilə, regionların investisiya cəlbediciliyinə nail olmaq, mövcud potensiala və yerli şəraitə uyğun müasir müəssisələr yaratmaq və beləliklə də, tarazlı regional inkişafa nail olmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) üzrə Dövlət Proqramı"nı təsdiq etmişdir. Eyni zamanda, ölkə başçısı son beş ildə Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran, Aran, Gəncə-Qazax və digər iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə sərəncamlar da imzalamışdır. Qəbul edilən regional proqramın uğurla həyata keçirilməsi nəticəsində ciddi regional iqtisadi potensial formalaşmış və artıq Azərbaycanda əksər sahələrin, bir çox bölgələrin konkret inkişaf proqramları işlənib hazırlanmış, eləcə də müvəffəqiyyətlə icra olunmaqdadır.
Son 5 il ərzində regionların sosial vəziyyətinə, iqtisadi durumuna, eləcə də bu mənzərəni daha əyani şəkildə canlandıran statistik rəqəmlərə nəzər saldıqda, bir daha şahidi oluruq ki, 2003-2008-ci illər ərzində Azərbaycanda 2,6 dəfə iqtisadi artıma nail olunmuş, adambaşına düşən gəlir 5500 dollara çatmış və sənaye istehsalı 2,5 dəfə artmışdır. Bu dövrdə ölkə ərazisində yüzlərlə yeni müəssisə açılmış, Sovetlər Birliyinin süqutundan sonra fəaliyyətini dayandırmış və ya məhdudlaşdırmış bir çox müəssisənin fəaliyyəti bərpa edilmişdir. Bütün bunların nəticəsində isə ölkə üzrə 547 mini daimi olmaqla 766 min yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 49 faizdən 13,2 faizə qədər azalmışdır. Bu müddətdə Azərbaycan Respublikasının dünya iqtisadi sisteminə inteqrasiyası daha da sürətlənmiş, ticarət əlaqələri genişlənmişdir ki, bunun da nəticəsində xarici ticarət dövriyyəsi 9,9 dəfə, o cümlədən ixrac 17,5 dəfə artmışdır.
Keçən 5 ildə əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Minimum əməkhaqqının, pensiya və müavinətlərin, büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının artırılması, eyni zamanda, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına düşən orta aylıq gəlirləri davamlı olaraq yüksəlməkdədir. Konkret olaraq 2003-2008-ci illərdə minimum əməkhaqqının məbləği təxminən 8,3 dəfə artırılaraq 9 manatdan 75 manata çatdırılmış, tələbələrin təqaüdü isə 20 dəfəyə qədər artırılmışdır. Orta aylıq əməkhaqqı 4 dəfə artaraq 250 manatı ötmüşdür. Minimum aylıq əməkhaqqının məbləğinin 25 faiz artırılaraq 75 manat müəyyənləşdirilməsi əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır. Çünki minimum əməkhaqqının artımı ölkə üzrə orta aylıq əməkhaqqının məbləğinin artırılmasına birbaşa təsir edir. Hazırda ölkədə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 75 manat təşkil edir ki, bu da 2003-cü illə müqayisədə 5,4 dəfə çoxdur. Pensiyanın baza hissəsinin artırılması həm də orta pensiyanın məbləğinə təsir göstərir.
2009-cu il aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" isə ötən illər ərzində qazanılmış təcrübədən bəhrələnməklə ölkənin iqtisadi inkişafının struktur baxımından yeni bir mərhələsini əhatə edən kompleks məsələlərin həll edilməsini qarşıya qoyur. Dövlət Proqramında, ümumilikdə, 1066 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bunun da 58-i ölkə əhəmiyyətlidir. 968-i iqtisadi rayonları, 40-ı isə Bakı şəhərinin qəsəbələrini əhatə edən tədbirlərdən ibarətdir. Göründüyü kimi, qəbul edilmiş Dövlət Proqramının əsas prioritetlərini iqtisadiyyatın diversifikasiyası fonunda qeyri-neft sektorunun inkişafı və sosial məsələlərin həlli təşkil edir. Bu isə bir daha təsdiq edir ki, artıq icra edilməsinə başlanılmış Dövlət Proqramında əhatə olunan məsələlər kompleksliliyi ilə səciyyələnir və ölkənin sosial-iqtisadi həyatının bütün sahələrinin kifayət qədər mürəkkəb problemlərini özündə ehtiva edir.
Azərbaycanda sürətli iqtisadi inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindən sayılan sosial-iqtisadi problemlərin yoluna qoyulması üçün geniş imkanlar yaratmışdı. Bütün kateqoriyalardan olan vətəndaşların sosial rifahının yüksəlməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Ölkəmizin dinamik iqtisadi inkişafı isə vətəndaşların sosial rifahının üzümüzə gələn illərdə daha da yaxşılaşacağını qətiyyətlə söyləməyə əsas verir.

Digər xəbərlər