Azərbaycan-Avropa Şurası mədəni əməkdaşlığı: imkanlar və perspektivlər
Dünən Park İnn mehmanxanasının Dan Ulduzu zalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının Bakıdakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Şurasının 60 illik yubiley ili çərçivəsində "Azərbaycan-Avropa Şurası mədəni əməkdaşlığı: İmkanlar və Perspektivlər" mövzusunda mərasim keçirildi. Mərasimdə 7-11 iyul tarixində Bakıda səfərdə olan Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə direktoru cənab Robert Palmerin rəhbərliyi ilə nümayəndə heyəti, xarici ölkələrin Bakıdakı səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin təmsilçiləri, bir sıra dövlət qurumların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə ilk olaraq iştirakçılara Avropa Şurasının 60 illik fəaliyyət dövrünü əks etdirən sənədli film nümayiş olundu. Filmdə xüsusilə son illəri əhatə edən fraqmetlər öz əksini tapmışdır.
Tədbiri giriş sözü ilə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Avropa Şurasının 60 illik yubileyinin bütün Avropa üçün böyük bayram olduğunu bildirdi: "1949-cu ildə yaradılan Avropa Şurası insan hüquqlarını müdafiə edən bir təşkilatdır. Azərbaycan bu təşkilata üzvlüyə ümumilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı sənəd əsasında qəbul olunmuşdur. Əməkdaşlıq əsasında fəaliyyətdə olan dövr ərizində bir sıra pilot layihələr həyata keçirilmişdir. Avropa Şurasının dəstəyi ilə Bakıda "Avropa Şurasına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin konfransı keçirildi. "Bakı bəyannaməsi" qəbul edildi. "Sənətçilər Dialoq naminə" layihəsinin "Bakı Prosesi" çərçivəsində 2008-ci il 2-3 dekabr tarixində keçirilən Avropa Şurasına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin konfransında əsası qoyulmuşdur. Layihənin məqsədi müxtəlif sivilizasiya və mədəniyyətləri, xüsusilə də Avropa və ona qonşu regionlarda yerləşən dövlətlərin sənət adamları vasitəsilə dialoqu təşviq etmək və bu istiqamətdə layihələr həyata keçirməkdir."
Nazir onu da bildirdi ki, Bakıda islam ölkələri mədəniyyət nazirlərini 6-cı konfransı keçirləcək. Budəfəki konfransda islam ölkələri ilə yanaşı, Avropa ölkələrini səlahiyyətli nümayəndələri də iştirak edəcək. Belə ki, növbəti konfransda Avropanı təmsil edən 10 səlahiyyətli nümayəndənin və nazirlərin iştirakı nəzərdə tutulub. Bu və digər layihələri həyata keçirən Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini möhkəmlətmişdir: "Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında 2011-ci ildə "Mədəniyyətlərarası dialoqa dair" Bakı prosesi"nin davamı olaraq Bakıda mədəniyyətlərarası forum keçiriləcək. Bu mədəniyyətlərarası körpünün olmasını sübut edən bir amildir." Nazir onu da qeyd etdi ki, keçirilməsi nəzərdə tutulan foruma Heydər Əliyev Fondu dəstək olacaq.
Əbülfəs Qarayev çıxışının sonunda Avropa Şurasının yaranmasının 60 illiyi münasibəti ilə təbrik etdi.
Təbdirdə Avropa Şurasının baş katibliyinin Bakıdakı nümayəndəsi Veronik Kotek, Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə direktoru cənab Robert Palmerin çıxış edərək Avropa Şurasının 60 illik fəaliyyəti, Azərbaycan ilə təşkilat arasında mövcud olan mədəni əməkdaşlığın vəziyyəti ətrafına fikirlərini bildirdilər.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Avropa Şurasının 60 illik dövründə fəaliyyəti və onun Azərbaycanla olan münasibətləri çərçivəsində iştirakçıları məlumatlandırdı. O, bildirdi ki, ötən müddət ərizində mədəniyyət sahəsində həyata keçirilən layihələr, Azərbaycanın Avropaya inteqrasiya olunması mədəniyyətin yüksək səviyyədə formalaşmasına təsirini göstərmişdir: "Avropa Şurası ilə Azərbaycanın birgə həyata keçirdiyi layihələrin hər bir qarşılıqlı anlaşma əsasında reallaşmışdır. Azərbaycan Avropa Şurasına üzv olduğu ilk illərdə regional məsələlərə cəlb olunurdusa, bunun əhatəsi tez bir zamanda genişləndi."
Avropa Şurasının "Sənətçilər dialoq naminə" layihəsinin Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın dəstəkləməsini bildirən Sevda Məmmədəliyeva bunun böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırdı. Nazir müavini Azərbaycan mədəniyyətinin geniş məkanda təqdimi ilə bağlı gerçəkləşən bir sıra tədbirlərin əhəmiyyətini də vurğuladı. "Şərq Qərb rəsm müsabiqəsi", "Beynəlxalq caz festivalı", "Beynəlxalq Rastropoviç musiqi festivalı" və s. layihələrin həyata keçirilməsi bir daha təsdiqlədi ki, Azərbaycanla Avropa arasında əlaqələr yüksək səviyyədə inkişafdadır. "Bəşər övladlarının sülh və əmin-amanlıq şəraitində işləməsi üçün bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik"- deyən Sevda Məmmədəliyeva Avropa Şurasını 60 illik yubileyi münasibəti ilə təbrik edib, iştirakçılara minnətdarlığını bildirdi.
Tədbirdə Avropa Şurası ilə birlikdə Azərbaycanın həyata keçirdiyi layihələri əks etdirən sənədli görüntülər də təqdim olundu. Kompenium layihəsi, Kiyev təşəbbüsü regional planı və s. haqqında dəyərli məlumatlar iştirakçıların nəzərinə çatdırıldı.
Mərasim bitdikdən sonra günün ikinci yarısı Avropa Şurasının "Sənətçilər dialoq naminə" layihəsinə həsr olunun I Ekspert Görüşü öz işinə başlandı. Xatırladım ki, görüş iki gün davam edəcəkdir.