PDF Oxu

Araşdırma

  • 9

ABŞ - Rusiya münasibətləri yeni mərhələdə

ABŞ - Rusiya münasibətləri yeni mərhələdə
Bu günlərdə dünyanın diqqət mərkəzinin Rusiyaya yönəlməsi müşahidə olunur. Bunun da səbəbi, məlum olduğu kimi,  digər bir supergüc sayılan ABŞ prezidenti Barak Obamanın Rusiyaya səfəri və prezident Dmitri Medvedevlə görüşüdür. Hər halda hazırda dünyanın siyasi xəritəsində ən mühüm rolları oynayan bu iki ölkədir ki, onlar da dünyanın hər hansı bir yerində baş verən münaqişəyə, problemə müdaxilə etmək iqtidarındadırlar. Belə bir vəziyyətdə onların Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrə də müdaxilə etmək üçün kifayət qədər imkanları var. Hətta burada iki böyük dövlətin maraqlarının toqquşduğunu söyləsək, yanılmarıq. Bu mənada onların bir araya gələ bilmədiyi əsas məsələlər Gürcüstanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsidir. Gürcüstanın ərazi bütövlüyü müəyyən qədər bu iki dövlət arasında mübahisəli məsələ olsa da, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün onlar birlikdə çalışır və regionda öz maraqlarını güdməklə təhlükəsizliyin təmin edilməsinə çalışırlar.
Qeyd etdiyimiz kimi, regionda Rusiya və ABŞ-ın əsas razılığa gələ bilmədiyi məsələ Gürcüstanın ərazi bütövlüyüdür. B.Obamanın D.Medvedevlə görüşü zamanı da bu məsələlərin müzakirə olunması qeydə alınıb. Onlar görüşdən sonra keçirilən mətbuat konfransında da bu məsələyə aydınlıq gətiriblər. ABŞ prezidenti D.Medvedevlə görüşündə bu məsələnin müzakirə olunduğunu və ABŞ-ın rəsmi mövqeyinin Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi yönündə olduğunu qeyd edib. Barak Obamanın sözlərinə görə, Vaşinqton Gürcüstanın hazırkı sərhədləri ilə razı deyil. O, həmçinin, bildirib ki,  bu problemlər sülh yolu ilə həll olunmalıdır. B.Obama prezident Medvedevlə rəqabəti dayandırmaq və irəliyə doğru addımlamaq istəyini də gizlətməyib. Əlbəttə, qeyd etmək yerinə düşər ki, B.Obama hakimiyyətə gəldikdəni sonra ABŞ-Rusiya münasibətlərində yeni mərhələ başlanıb. B.Obama dəfələrlə öz bəyanatlarında bildirib ki, o, Rusiya ilə münasibətlərdə "yenidən başlamaq" düyməsinə basmaq istəyir. Onun buna nə dərəcədə nail olduğunu isə müəyyənləşdirmək, hələ ki, qeyri-mümkündür. Hər halda keçirilən görüşlər onlar arasında olan "buzların əriməsi"ndən xəbər verir.  Belə ki, artıq fəal şəkildə bu iki supergüc arasında silahlanma və informasiya mübarizəsi getmir, əksinə, birgə əməkdaşlıq üçün imkanlar daha da artıb. Bunu ABŞ prezidentinin səfəri zamanı səsləndirilən fikirlər və imzalana birgə əməkdaşlıq sazişləri də sübut edə bilər. Bu sahədə  Rusiya və ABŞ prezidentləri arasında aparılan danışıqların yekunu üzrə imzalanan hərbi əməkdaşlığa dair sənədləri göstərmək olar. Bu sənədlər birgə hərbi təlimlərin keçirilməsini də nəzərdə tutur. Bundan əlavə, prezidentlərin görüşü zamanı  müxtəlif sahələrə aid sazişlərin imzalanması da nəzərdə tutulub. Belə ki, qlobal maliyyə böhranının nəticələrindən xilas olmağın yollarının da nəzərdən keçirilməsi nəzərdə tutulur. Bunların ilk təzahürləri kimi artıq səfərin ilk günündən iki sazişin imzalanması səfərin qalan günləri ərzində daha geniş sahədə danışıqların aparılmasından və sazişlərin imzalanacağından söz açmış olur.
Bu gün dünyanın bu iki güc mərkəzi arasında bu səviyyədə danışıqların aparılması dünya ictimaiyyəti üçün sevindirici hal olmalıdır. Çünki uzun illər davam edən soyuq müharibənin bitməsindən sonra yeni bir müharibənin başlamamsı üçün qarşılıqlı əmkdaşlığın yaradılmasına ehtiyac var. Bu sahədə xüsusilə hərbi sahəyə diqqət yetirilməlidir ki, prezdentlər də bunu görüş zamanı nəzərdən qaçırmayıblar. Rusiya və ABŞ prezidentləri aparılan danışıqların yekununa dair strateji hücum silahları üzrə çərçivə sazişi imzalayıblar.  Hüquqi öhdəlik statusuna malik olmayan siyasi sənəddə onun mətni üzərində gələcəkdə görüləcək işlərin istiqamətləri öz əksini tapıb.
Sənəddə bildirilir ki, Rusiya və Birləşmiş Ştatlar nüvə başlıqlarının sayının təqribən iki dəfə, yəni 1500-1675 ədədə, nüvə daşıyıcılarının isə 500-1100 ədədədək azaltmaq niyyətindədir. Belə olan halda qarşılıqlı silahlanmaya qarşı aparılacaq böyük bir mübarizənin təməli qoyulmuş olur. Bu gün dünyanın ən çox əziyyət çəkdiyi məsələ olan müharibələrin baş verməməsi üçün bu addımın atılması vacibdir.
Əslində, Obamanın səfəri əvvəlcədən də iki ölkə arasında münasibətləri normallaşdırmağa yönəldilən bir addımdır. Lakin burada diqqətiçəkən bir məsələ də ondan ibarətdir ki, Obama Rusiyaya səfər etməmişdən öncə, Rusiyanın baş naziri və keçmiş prezident Vladimir Putini tənqid edən bir bəyanatla çıxış etmişdi. O bildirmişdi ki, V.Putin öz fəaliyyətində heç də müasir dəyərlərlə ayaqlaşmır və müasir dünyanın tələbləri ilə hərəkət etmir. Görünür, məhz buna görə də, Obama Rusiya prezidenti D.Medvedevin müasir dünyagörüşündən istifadə etməklə  keçirilən görüşlərdə maksimum sayda qarşılıqlı əməkdaşlıq təşəbbüslərini gerçəkləşdirməyə çalışır.  Bunu səfər öncəsi açıqlamasında Rusiya lideri D.Medvedev də bildirib. O, verdiyi açıqlamasında bu səfərin Rusiya-Amerika münasibətləri tarixində vacib bir mərhələ olduğuna və Rusiya- Amerika münasibətləri tarixində bir çox çətin səhifəni bağlayacağına, yeni səhifə açacağına ümid etdiyini də nəzərə çatdırıb.
Bütün bu yuxarıda qeyd etdiyimiz məsələlərlə yanaşı bu iki superdövlət arasında müəyyən ziddiyyətlərin olduğunu da qeyd etmək lazımdır. Bu ziddiyyətləri keçmiş dövrün qalıqları kimi də təsvir etmək olar. Belə ki, bu ziddiyyətlər hər iki dövlət arasında məhz keçmişlə gələcəyin mübarizəsi kimi qiymətləndirmək olar. Belə ki, ABŞ daha müasir daha yenilikçi olduğu halda, Rusiya daha çox mühafizəkar və sovet dövründən qalmış dəyərlərin qorunması baxımından çıxış edir. Amma onu da nəzərə almaq lazımdır ki, bu iki dövlətin hansı inkişaf yolunu seçməsindən asılı olmayaraq onların yalnız bir məqsədi var - dünya ağalığına sahib olmaq. Dərindən nəzər salsaq, bu ideyanın onların milli ideologiyası olduğunu görərik.

Digər xəbərlər