Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 7 ili tamam oldu
Azərbaycan dövlətinin diaspor siyasətini həyata keçirən dövlət qurumunun yaradılmasının 7 ili tamam olur. Bu təşkilat ulu öndər Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə yaradılıb.
2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyev Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diaspor ilə İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov başda olmaqla təşkilatın kollektivi Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, milli liderin heykəli önünə əklil qoyub, xatirəsinə ehtiram bildiriblər. Ulu öndərin həyat yoldaşı, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın da xatirəsi yad edilib.
7 il əvvəl belə bir qurumun yaradılması ilə dünyadakı soydaşlarımızın Azərbaycan dövlətinin ətrafında sıx birləşməsinə start verilib. İndi Azərbaycan dövlətinin qarşıya qoyduğu ən prioritet məsələlərdən biri dünya azərbaycanlıların sıx birləşməsini təmin etməkdir: "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor təşkilatlarımızın mühüm rolu var. Son vaxtlar dünyanın bir çox dövlətləri Azərbaycanın təcrübəsindən istifadə edərək özlərində diasporla iş üzrə dövlət təşkilatları yaradırlar və Azərbaycanın təcrübəsini öyrənirlər. Müasir dövrümüzdə Azərbaycanın diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha çox təmsil olunmağa çalışırlar.
Xatırladaq ki, xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsasları 2002-ci ilin dekabr ayının 27-də qəbul edilmiş "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir. Dövlət Komitəsinin fəaliyyət göstərdiyi 7 il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Eyni zamanda, Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Xartiyasını hazırlayıb və sənəd Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilən iclasında təkliflər, əlavə və dəyişikliklər nəzərə alınmaqla qəbul edilib. Artıq Xartiyanın son variantı hazırdır və bu günlərdə dərc olunaraq bütün diaspor təşkilatlarına paylanacaq.
Dünyanın əksər ölkəsində 370-dək Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.