PDF Oxu

Araşdırma

  • 11

Rudolf İvanovun əsərlərinin beşcildliyinin yeni nəşrinin Heydər Əliyev Fondunda təqdimatı keçirilib

Rudolf İvanovun əsərlərinin beşcildliyinin yeni nəşrinin Heydər Əliyev Fondunda təqdimatı keçirilib
Heydər Əliyev Fondu tarixi keçmişimizin öyrənilməsinə xüsusi diqqət yetirərək rusiyalı tədqiqatçı-alim və tanınmış yazıçı, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının üzvü, professor Rudolf İvanovun tədqiqat işlərinə dəstək verir, əsərlərinin geniş oxucu kütləsinə çatdırılmasına kömək edir.
2005-2008-ci illərdə Fondun dəstəyi ilə Rudolf İvanovun "Bəyazidin müdafiəsi: həqiqət və yalan", "Əlahəzrətin general-adyutantı Hüseyn xan Naxçıvanski haqqında dastan", "Sovet İttifaqı adından" kitabları Moskvada rus dilində nəşr olunub. Bu əsərlərdə müəllif baş verən hadisələri parlaq bədii dillə təsvir etmiş, tarixi şəxsiyyətlərin real faktlar əsasında canlı və maraqlı obrazlarını yaradıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Rudolf İvanovun ayrı-ayrı illərdə nəşr olunan bu əsərləri bu il beşcildlik şəklində yenidən nəşr olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 30 iyun tarixli Sərəncamı ilə Rudolf İvanov "Dostluq" ordeni ilə təltif edilib. Yazıçı-alim bu ali mükafata Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə layiq görülüb.
İyulun 3-də Heydər Əliyev Fondunda "Dostluq" ordenli Rudolf İvanovun əsərlərinin beşcildliyinin yeni nəşrinin təqdimat mərasimi keçirilib.  Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, tanınmış elm xadimlərinin, Milli Məclisin deputatlarının və yazıçının ailə üzvlərinin iştirak etdiyi mərasimi xalq yazıçısı Anar açaraq rusiyalı tədqiqatçı-alimi "Dostluq" ordeni ilə təltif edilməsi və əsərlərinin beşcildliyinin yenidən nəşr olunması münasibətilə təbrik ediblər. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxin Rusiyanın Azərbaycan ilə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafına böyük önəm verdiyini bildirmiş, Rudolf İvanovun Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafındakı rolundan danışıblar. Milli Məclisin deputatları Mixail Zabelin və Elmira Axundova çıxışlarında yazıçının tədqiqat kimi çətin sahədəki titanik fəaliyyətindən, bitib-tükənmək bilməyən əməyindən danışıblar.
Bakı Slavyan Universitetinin rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müdiri, professor Məmməd Qocayev, tarix elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycanın Dövlət mükafatı laureatı Tamilla Musayeva da çıxış edərək bildiriblər ki, yazıçı Qafqaz xalqlarının görkəmli hərbçilərinin həyatından bəhs edən kitabları ilə tanınır. O, uzun illərdir ki, Naxçıvan xanlarının sülaləsindən olan hərbi sərkərdələr Hüseyn xan Naxçıvanski, İsmayıl xan Naxçıvanski, Kəlbalı xan Naxçıvanski, həmçinin Cəmşid Naxçıvanski haqqında tarixi faktların toplanması və tədqiqi ilə məşğul olur. Yazıçının tarixi faktlara əsaslanan monoqrafiyaları onilliklərlə aparılan araşdırmaların məhsuludur. Tədbirin sonunda Rudolf İvanov çıxış edərək "Dostluq" ordeni ilə təltif edildiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, ayrı-ayrı illərdə nəşr olunan əsərlərinin beşcildlik şəklində yenidən nəşrinə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildiriblər. "Azərbaycan mənim ikinci vətənimdir", - deyən tədqiqatçı-alim ona göstərilən diqqətin və ölkəmizin ali mükafatı ilə təltif edilməsinin gələcək fəaliyyəti üçün böyük stimul olacağını bildirib. Mərasim iştirakçılarına yazıçının yeni nəşr olunan beşcildliyi hədiyyə olunub. Tədbirdən sonra ölkəmizin tanınmış elm xadimləri və yazıçıları Rudolf İvanova yaxınlaşaraq onunla səmimi söhbət etmiş, öz əsərlərini bağışlayıblar.

Digər xəbərlər