PDF Oxu

Araşdırma

  • 7

Gürcüstan işğalçı rejimə yardım edir

Gürcüstan işğalçı rejimə yardım edir
Ötən ay ərzində regionda cərəyan edən hadisələr öz aktuallığı ilə yadda qaldı. Belə ki, bu hadisələr içərisində ən yadda qalanı Gürcüstanda müxalifətin etirazlarının müəyyən qədər səngiməsi və Gürcüstan prezidentinin Ermənistana səfər etməsi oldu. Əslində, bu iki hadisəni bir-biri ilə əlaqələndirmək də olar. Lakin ilk olaraq Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ermənistana səfərini nəzərdən keçirmək daha məqsədəuyğun olardı.
Gürcüstanda müxalifətin etiraz aksiyalarının, prezidentin istefası tələbləriniin hələ tam səngimədiyi bir vaxtda, ölkə başçısının qonşu ölkəyə səfər etməsi heç də birmənalı qarşılanmadı. Hətta Ermənistan paytaxtında onun gəlişinə qarşı etiraz aksiyaları təşkil olundu. Bununla yanaşı, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ermənistanda apardığı danışıqlar, qarşılıqlı əməkdaşlığa dair razılaşmalar əldə etməsi və gördüyü işlər, xüsusilə də, Azərbaycan ictimaiyyəti tərəfindən maraqla izlənirdi.
M.Saakaşvilinin Yerevana səfəri zamanı ermənilərin "soyqırımı abidəsi"ni ziyarət etməsi və ora gül-çiçək dəstələri qoyması heç bir azərbaycanlı tərəfindən müsbət qarşılana bilməzdi. Bizimlə düşmən olan bir dövlətin qondarma soyqırımı iddialarını qəbul etmək və buna qarşı öz ehtiramını bildirmək, Gürcüstanın bizə qarşı olan münasibətini heç də səmimi olmadığına bir işarədir. Hələ Ermənistana səfər etməmişdən bir müddət öncə, M.Saakaşvilinin Azərbaycana səfəri və ən yüksək səviyyələrdə danışıqlar aparması, dövlətlər arasında olan qarşılıqlı mehribançılıq əlaqələrindən söz açması hamımızın yadındadır. Məhz bu prinsipləri əsas gətirərək dövlətlər arasında müxtəlif sahələrdə əmkdaşlığın qurulmasının vacib olduğunu bildirmişdi. Lakin onun Ermənistana səfəri və burada gördüyü işlər, onun bütün bu səmimi bəyanatlarının üstündən xətt çəkmiş oldu.
Bəlkə Gürcüstan ikili siyasət yeridir? Bir tərəfdən Azərbaycanı razı salmaqla onunla əməkdaşlığa nail olur, digər tərəfdən isə Ermənistana yardım göstərməklə onunla arasında narzıçılıq yaranmamasının qarşısını almış olur. Belə bir vəziyyətin müşahidə olunduğu halda, Gürcüstanın hansı mehriban qonşuluğundan və strateji müttəfiqliyindən danışmaq olar. Hətta bildiyimiz kimi, Gürcüstan Ermənistanın qazla təmin olunmasında çox böyük əhəmiyyətə malik olan bir ölkədir. Əgər belə olmasaydı, onda Ermənistan prezidenti Serj Sarkisyan Yerevana gələn kimi M.Saakaşvilinin boynuna medal asmazdı. Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, Gürcüstan Ermənistanla çox böyük strateji müttəfiqliyə malikdir.
Qeyd etdiyimiz kimi, Gürcüstan prezidentinin Ermənistana səfəri heç də birmənalı qarşılana bilməz. Belə ki, Gürcüstanda siyasi vəziyyətin çox qeyri-sabit olduğu halda, Rusiyanın tabeçiliyində olan bir ölkəyə səfər etməsidir ki, bu da Gürcüstanın artıq Rusiyaya yaxınlaşmasının göstəricisi ola bilər. Gürcüstanda olan qeyri-sabit vəziyyəti dəyərləndirsək, burada ilk zamanlar Rusiyanın əlinin olması iddia edilirdi. Görünür, M.Saakaşvili artıq Rusiyanın təzyiqinə dözməyərək, onun tələblərinə cavab vermək qərarına gəlib. Bəlkə də, elə Gürcüstan müxalifətinin öz mövqelərini zəiflətməsi də bununla bağlıdır. Rusiyanın himayədarlıq etdiyi bir dövlətlə əməkdaşlığın qurulması bütün hallarda bu ölkənin işğalçı rejimi dəstəklədiyinin göstəricisidir.

Digər xəbərlər