“ERMƏNİSTANIN ALƏTƏ ÇEVRİLMƏSİ VƏZİYYƏTİMİZİ DAHA DA ÇƏTİNLƏŞDİRƏCƏK”
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vaxtlar Rusiya və Türkiyənin fəallaşması və buna rəğmən bu mövzuda müzakirələrin intensivləşməsi xarici politoloqları da özünəməxsus şərh və mülahizərə sövq edib.
Uzun müddət Gürcüstanda və Qafqazda çalışmış amerikalı hüquqşünas Ted Conasın fikrincə, Qafqazın regional inteqrasiyasında Gürcüstan, Ermənistan və Azərbaycan arasında mövcud sədlərin məhv edilməsi əsas məqsəd olmalıdır: "Əminəm ki, Cənubi Qafqaz dövlətləri regional inteqrasiya olmadan uğurlu inkişafa malik ola bilməz". Ekspertin fikrincə, mədəni problem də mövcuddur. "Azərbaycan, Ermənistan və Gürcüstan xalqları bir-birlərini pis tanıyır. Halbuki sovet dövründə onlar arasında əlaqələr daha sıx idi" deyə T.Conas vurğulayır.
Hərb və Sülh İnstitutunun "Qafqaz layihəsi"nin əlaqələndiricisi Tomas de Vaal isə hesab edir ki, bu gün Qafqaz vahid bölgə deyil: "Düzdür, bu coğrafi bölgədir. Lakin iqtisadiyyat və siyasət terminləri baxımından vahid bölgə hesab edilə bilməz. Halbuki SSRİ dövründə 3 Qafqaz respublikası daha fəal əməkdaşlıq edirdi". Ekspertin fikrincə, Qafqazın yenidən qurulması üçün iki vacib amil mövcuddur: "Birincisi, yerli hakimiyyətlər başa düşməlidirlər ki, uzunmüddətli perspektivdə regional kooperasiya onlar üçün daha sərfəli ola bilər. Hazırda Qafqaz "qara bazar"dan və kriminal iqtisadiyyatdan asılı vəziyyətdədir".
Onun fikrincə, ikinci amil məhz Dağlıq Qarabağ münaqişəsidir. T.Vaalın sözlərinə görə, Ermənistan və Azərbaycan bir-biri ilə əlaqə qurmaq istəmir və nəticədə onların sərhədi bağlıdır: "Problem heç də xoş iradənin və tənzimlənmə üzrə gerçəkliyə uyğun planların olmamasında deyil. Bölgənin bütün respublikalarını birləşdirən SSRİ artıq mövcud deyil. Avropa və Amerika isə uzaqdadır".
Brukinqs Tədqiqat İnstitutunun baş elmi əməkdaşı Fiona Hillin fikrincə, Qafqazda bütün regional oyunçular yalnız öz oyunlarını oynayırlar: "Qafqazı Baltikyanı respublikalarla müqayisə etmək çox maraqlıdır. Qafqazda da Avropaya inteqrasiya, NATO ilə əməkdaşlıq məsələləri üzrə müzakirələr gedir. Baltikyanı dövlətlər bu məsələləri uğurla həll etdilər. Çünki onlar birgə fəaliyyət göstərdilər. Onlar ümumi məqsədləri formalaşdıra bildilər. Halbuki bu, heç də asan deyildi. Lakin Qafqazda proseslər başqa məcrada davam edir. Cənubi Qafqaz respublikalarının birgə inkişafına gətirib çıxaracaq ümumi gündəlik mövcud deyil. Əsas problem onlar arasında qarşılıqlı münasibətlərin olmamasındadır. Rəqabət təkcə bölgə çərçivəsində deyil, Parisdə, Londonda, Moskvada və Vaşinqtonda aparılır".
Müdafiə İnformasiyası Mərkəzinin Rusiya və Asiya proqramları direktoru Nikolay Zlobinin fikrincə isə, Rusiya hazırda Qafqaz inhisarçısı rolunda çıxış edir: "SSRİ-nin süqutundan sonra dünya Qafqazı səhv olaraq Rusiyaya saxladı. Bu səbəbdən bölgədə sabitlik bərqərar olmur". Bütün bunlara rəğmən, xarici ekspertlər tərəfindən Cənubi Qafqazın əsas problemlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin diqqətə alınması obyektiv mülahizə hesab oluna bilər.
Ermənistanın özündə isə regionda qeyri-sabitliyin təminatçısı rolunda çıxış etməsi barədə fikirlər artıq bu ölkənin politoloqları tərəfindən də etiraf olunmaqdadır. Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryanın mətbuat konfransında səsləndirdiyi fikirlər diqqəti xüsusi olaraq cəlb edir. Ermənistanın olduqca çətin bir vəziyyətdə olduğunu etiraf edən sabiq nazir hesab edir ki, regionda baş verən proseslər ölkəni məhvə sürükləyir: "ABŞ çevik qüvvələrinin bölgədə yerləşdirilməsi ehtimalı, Rusiya tərəfindən bölgəyə qarşı yeridilən çox təhlükəli siyasət, Ermənistanın faktiki olaraq Rusiyanın əlində alətə çevirilməsi getdikcə vəziyyətimiz daha da çətinləşdirəcək".