Almaniyada iqlim dəyişikliklərini öyrənən ilk beynəlxalq institut açılıb
Almaniyanın "Şpigel" qəzetinin yazdığına görə, iyunun 30-da Almaniyanın Potsdam şəhərində iqlim dəyişikliklərinin öyrənilməsi üzrə dünyada birinci beynəlxalq tədqiqat institutu açılmışdır. Yeni xüsusi elmi mərkəz prespektiv sabit ekoloji tədqiqat institutu adını daşıyacaqdır. Almaniyanın elm naziri Anetta Şavanın dediyinə görə, institutun özünəməxsus nadir keyfiyyətləri vardır. Onun dediyinə görə, institutda iqlim dəyişmələrini öyrənən beynəlxalq səviyyəli gənc alimlərlə yanaşı, Nobel mükafatı laureatları da işləyəcəkdir. Bütövlükdə, institutda 50-yə yaxın "ən ağıllı başlar" fəaliyyət göstərəcəkdir. İnstituta keçmiş ətraf mühit naziri Klaus Topfer başçılıq edəcəkdir.
Birinci 7 il ərzində institutun illik büdcəsi 9 milyon avro məbləğində olacaqdır. İnstitutda, əvvəlki institutlarda olduğu kimi, laboratoriyalar yox, işçi qrupları çalışacaqdır. Hakimiyyət dairələri yeni elmi mərkəz üçün ayrı bina ayırmayacaqlar. Alimlər Potsdam iqlim tədqiqatı institutunun laboratoriyalarından istifadə edəcəklər. İnstitut payızda fəaliyyətə başlayacaqdır.