Dövlət başçılarının Azərbaycana səfərləri ölkəmizə olan maraqdan xəbər verir
İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri rəsmi Təl-Əvivin müsəlman ölkələri ilə dost olmadığını deyənlərə mesaj məqsədi daşıyır. Ekspertlər hesab edir ki, tarixi səfər hər iki ölkə arasında yeni mərhələnin başlanğıcını qoyacaq. İsrail Ermənistanla müqayisədə Azərbaycana strateji tərəfdaş kimi daha çox üstünlük verir, rəsmi Bakı ilə münasibətlərin genişlənməsinin əhəmiyyətini dərindən dərk edir. Azərbaycanla İsrail arasında rəsmi əlaqələr Azərbaycan müstəqilliyini elan edəndən bir il sonra, yəni 1992-ci ildə yaradılmışdır.
Azərbaycandan ilk öncə neft idxal etmək istəyən İsrail, eyni zamanda, mədəni əlaqələr yaratmaqda da maraqlıdır. Əsasən, kənd, su təsərrüfatı sahələrinə, eyni zamanda, neft sənayesinə önəm verən İsralin nə suyu, nə qazı, nə də nefti var. Ona görə də, bu ölkədə əsas diqqət elmə, yüksək texnologiyaya yönəldilib. İsrail də özündə olanlarla Azərbaycanın istədiklərini bölüşdürmək istəyir, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bir ölkənin gəlib digər bir ölkənin ərazisinə təcavüz etməsini düzgün hesab etmir. Tarixən Azərbaycan və yəhudi xalqı arasında münasibətlər yaxşı olub. Yəhudilərin Azərbaycandakı qədər sərbəst, rahat yaşadıqları ölkə çox azdır. Azərbaycanın yalnız İsraillə deyil, eləcə də, xaricdəki yəhudi icmaları ilə yaxın münasibət qurması bizim üçün sərfəli, bəlkə də vacibdir.
Politoloq Cümşüd Nuriyev hesab edir ki, bu həftə ərzində Azərbaycana səfər etmiş və edəcək İsrail, Rusiya və Polşa prezidentləri arasında ən önəmlisi İsrail prezidenti Şimon Peresdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra, hətta ondan əvvəldə İsrailin dövlət başçısının ölkəmizə ilk səfəridir.
Dünyada ən böyük,güclü lobbilərdən biri olan yəhudi lobbisidir. Belə bir ölkənin prezidentinin Azərbaycana gəlməsi Azərbaycanın haqq işinin dünya ictimaiyyətinə çatdırılmasında müsbət rolu olacağını tam əminliklə demək olar. Çünki Azərbaycanda yəhudi icması üçün çox gözəl şərait var. Eyni zamanda, Azərbaycan-İsrail münasibətləri hal-hazırda çox yüksək səviyyədədir.
Rusiya prezidenti Medvedevin isə prezident seçiləndən sonra Azərbaycana ikinci səfəridir. Təbii ki, burada Azərbaycan-Rusiya münasibətləri müzakirə olunacaq. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də müzakirələr aparılacaq. Rusiya həm ATƏT-in həmsədri kimi,həm də bu problemi əvvəlcədən yaradan bir dövlət kimi bu işlərin içindədir. Rusiya Azərbaycanla münasibətlərində səmimilik istəyirsə, Azərbaycanın ərazi bütövlüyünün bərpasını tanımalıdır. Doğrudur, sözdə tanısa da, əməldə tanımır. Polşa prezidenti Kaçinskinin də ölkəmizə növbəti səfəridir. Polşa daha çox yeni qaz kəmərinin çəkilməsində maraqlıdır. Daha dəqiq desək, Ukrayna üzərindən Polşaya yeni qaz kəmərinin çəkilişi ilə bağlıdır. Hər halda bu səfər Polşa-Azərbaycan münasibətlərinin yaxşılaşmasına xidmət göstərən bir səfərdir. Diplomatiyada olan bu sıxlıq Azərbaycanın önəmli bir mövqeyini gündəmə gətirir. Əslində, heç bir dövlətdə bir həftə ərzində üç ölkə prezidentinin səfəri olmur. Eyni zamanda, nəzərə alsaq ki, bunlar müxtəlif təyinatlı və coğrafi olaraq müxtəlif yerlərdə yerləşən dövlətlərdir, bu da Azərbaycanın nə dərəcədə əhəmiyyətli bir dövlət olmasını sübut edir. Azərbaycan artıq Qafqazın lideri səviyyəsindən yuxarı çıxıb. Artıq MDB-də önəmli bir dövlət kimi gündəmə gəlməsi faktıdır. Hal-hazırda isə MDB-də 3 dövlət - Rusiya, Azərbaycan və Qazağıstan gündəmdədir.
Diplomatik cəhətdən Azərbaycanın, Ermənistan xaric olmaqla, bütün dövlətlərlə yaxşı münasibətdə olduğunu qeyd edən C.Nuriyev bildirdi ki, Azərbaycanın özünün dövlət maraqlarına uyğun gələn ona yaxın dövlətlər də var. Amma bunlardan Azərbaycanın əməyini itirənlər də var. Bu, xüsusilə, Gürcüstana aiddir. Gürcüstan prezidentinin sonuncu Ermənistan səfəri, oradakı çıxışı, sözdə soyqırım abidəsini ziyarət etməsi Azərbaycan üçün xoş bir şey deyil. Çünki bizim haradasa İranın Ermənistanla bağlı tutduğu mövqe ilə bağlı narazılığımız var idisə, Gürcüstan hər şeyi üstələdi. Azərbaycan isə Gürcüstanın ən çətin anlarında əl tutmuş, kömək etmişdir.Qonşu dövlət olan Rusiya ilə də bizim yaxşı münasibətlərimiz var. Baxmayaraq ki, müəyyən gərginliklər də yaşanır. Azərbaycan öz maraqlarına uyğun olaraq bütün dövlətlərlə yaxşı münasibətdədir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düzgün xarici siyasət Azərbaycana daha çox dost qazandırıb.
Hər 3 ölkə prezidentinin Azərbaycana eyni həftədə səfərini ölkəmizin önəmini bir daha sübut edir deyən politoloq Cümşüd Nuriyev, onu da qeyd etdi ki, Rusiya prezidentinin İsrail prezidenti ilə Azərbaycanda görüşməsi nəzərdə tutulub və bunun özü də çox önəmlidir.Həftənin sonu isə Polşa prezidenti Kaçinskinin səfəri olacaq və onun digər prezidentlərlə görüşü gözlənilmir. Təbii ki, bu görüşlərin hərəsinin öz yeri, əhəmiyyəti var. Yalnız bizim üçün daha önəmli İsrail və Rusiya prezidentlərinin səfəridir. Çünki bu dövlətlərin Azərbaycanın ərazi bütövlüyünün bərpasında təsir imkanları böyük olan dövlətlərdir. Eyni zamanda, Azərbaycanla yaxşı münasibətdə olan dövlətlərdir. Polşa, təbii ki, Şərqi Avropa dövləti olsa da, daha çox Qərbyönümlüdür. Öz iqtisadi maraqları üçün Azərbaycana gəlir, bu da təbiidir. Bir şeyi qeyd edək ki, onların Azərbaycana gəlməsi həmin dövlətlər üçün zərurətdir.Bizim üçün isə təsadüfdür.Çünki həmin dövlətlər Azərbaycanda olan maraqları üçün gəlib. Əgər Azərbaycan Prezidentinin səfəri bu şəkildə olsaydı onda bizim üçün zərurətə çevrilərdi.