PDF Oxu

Araşdırma

  • 12

AŞPA Bürosu azərbaycanlı deputatın qətnaməsini nəzərə alıb

AŞPA Bürosu azərbaycanlı deputatın qətnaməsini nəzərə alıb
Ölkəmizi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil edən nümayandə heyətinin üzvü Rafael Hüseynov indiyədək bu qurumda 70-dən çox müxtəlif sənəd hazırlayıb. AŞPA-nın yaz sessiyası zamanı onun müəllifi olduğu və nəşr edilərək yayılan növbəti sənəd "İqtisadi böhranlar zamanı iqtisadi cinayətkarlığın qarşısının alınması zəruriyyəti" adlanan tövsiyə üçün qətnamə idi.
Həmin sənəd assambleyada böyük maraq doğurub, Avropanın bir sıra ölkələrini təmsil edən nüfuzlu deputatlar bu sənəddə qaldırılan fikirlə həmrəy olduqlarını bidirib və tövsiyə üçün qətnaməyə imza atıblar. Parlament Assambleyası daimi komitəsinin mayın 29-da keçirilən toplantısında tövsiyə üçün bir sıra qətnamələrlə yanaşı, bu sənədlə də bağlı ayrıca məruzəçi təyin edilməsinin zəruriyyəti ifadə edilib.
AŞPA-nın yay sessiyasının ilk iş günündə qurumun bürosunun və daimi komitənin inkişaf haqqında hesabatı dinlənilərkən, müzakirə edilən məsələlərdən biri də, ayrı-ayrı qətnamələr üzrə məruzəçilərin təyin edilməsi idi.
Sessiyanın gedişinin ilk günündə qərara alınıb ki, problemin aktuallığını nəzərə alaraq, azərbaycanlı deputatın hazırladığı tövsiyə üçün qətnamə ilə əlaqədar iqtisadi məsələlər üzrə komitə xüsusi məruzəçi təyin etsin.
Deputat R.Hüseynov bununla bağlı AzərTAc-ın xüsusi müxbirinə verdiyi müsahibəsində deyib: "Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında fəaliyyət göstərdiyi 9 il ərzində bizim əsas 3 fəaliyyət istiqamətimiz olub.
İlk növbədə, bizim maraqlandığımız və mütəmadi olaraq həm partiya qruplarında, həm ayrı-ayrı komitələrdə, həm də assambleyanın sessiyalarında müzakirəsində fəal iştirak etdiyimiz və irəli sürdüyümüz problemlər Ermənistanın Azərbaycana qarşı yönəlmiş təcavüzü və Dağlıq Qrabağla əlaqədar məsələlər olub. Bununla bağlı nümayəndə heyətimiz onlarla sənəd hazırlayıb və bu istiqamətdə fəaliyyətlərini yenə də davam etdirir.
Lakin lap əvvəldən bizim fəaliyyət istiqamətlərimizdən biri də budur ki, AŞPA-da bərabər hüquqlu bir üzv olaraq yalnız Azərbaycanın problemlərini deyil, Avropa problemlərinin həllinə də öz töhfəmizi verək".
AŞPA-dakı deputatımız qeyd edib ki, Azərbaycandan daha əvvəl Avropa Şurasının üzvü olan bir sıra ölkələr var ki, indiyədək onlardan ayrı-ayrı məsələlər üzrə məruzəçi təyin edilməyib.
Onun sözlərinə görə, Avropa Şurasında hansısa problem üzrə məruzəçi təyin edilmək etimadın ən yüksək göstəricisi hesab olunur:  "İndiyədək Azərbaycan nümayəndə heyətinin bir neçə üzvü Ümumavropa problemləri və mühüm məsələlər üzrə məruzəçi təyin edilib və AŞPA sessiyalarında uğurla çıxış edib.
Eyni zamanda, nümayəndə heyətimizin üzvlərinin hazırladığı ayrı-ayrı qətnamələr və tövsiyələr üzrə təkliflər əsasında da məruzəçilər təyin edilir. Yəni, azərbaycanlı deputatlar yalnız hazırladığı təkliflər üzrə özləri məruzəçi olmur, onlar, həmçinin, digər tanınmış avropalı deputatların da məruzəçi təyin olunması, problemlərin araşdırılması üçün meydan açırlar. Ona görə də bizim hazırladığımız bu qətnamə üzrə məruzəçinin təyin edilməsi, əlbəttə ki, çox əlamətdar bir hadisədir".
R.Hüseynov bildirib ki, ilk növbədə, Azərbaycan bununla sübut edir ki, Avropa Şurasında çox fəal üzvlərdən biri olaraq, Ümumavropa problemlərinin həllinə yaxından müdaxilə edir və onların həlli sahəsində irəliləyişə nail olmaq üçün bacardığı səyləri göstərir.
"İş ondadır ki, bu problem, Avropanın bütün ölkələrinə aid olduğu kimi, Azərbaycana da aiddir. Çünki bu gün dünyanın müxtəlif ölkələrində gedən iqtisadi böhran, istər-istəməz bir sıra arzuolunmaz problemlər ortaya çıxarır ki, hazırladığımız sənəddə həmin məsələlərin qarşısının alınması üçün ölkələr tərəfindən zəruri addımların atılması, eləcə də, Avropa Şurasına üzv ölkələrin bu sahədə istiqamətləndirilərək əlaqələndirmə siyasətinin həyata keçirilməsi tövsiyə edilir.
İqtisadi məsələlər üzrə komitədə bu məsələ müzakirə olunarkən mən də toplantıya dəvət almışam. Komitənin üzvü olmasam da, sənədin müəllifi kimi komitə toplantıda iştirakını zəruri hesab edib"-deyə deputat vurğulayıb.
R.Hüseynov əlavə edib ki, "Avropa Şurasında bizim fəaliyyətimizin ən vacib istiqamətlərindən biri də, Azərbaycanın uğurlarını həm siyasət, həm demokratik tərəqqi, hüquqi dövlət quruculuğu, həm də iqtisadi yüksəliş sahəsindəki nailiyyətlərimizi Avropa ictimaiyyətinə daha yaxından tanıtmaq, Azərbaycanın əldə etdiyi uğurları faktlar əsasında onlara geniş şəkildə təqdim etməkdir".
Deputat AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin gələcək fəaliyyətinə də toxunub: "Həmişə olduğu kimi, yenə də yay sessiyasında və bir sıra komitə iclaslarında ölkəmizin yüksək tərəqqisi və Avropa ailəsində daha artıq inamla irəliləməsi ilə bağlı bir sıra çıxışlar nəzərdə tutmuşuq".
Göründüyü kimi, Azərbaycan nümayəndələri son vaxtlar beynəlxalq təşkilatlarda aktivliyini artırıb, dünyanın yüksək tribunalarından daha əzmlə çıxış edirlər. Bu da ölkəmizin dünya birliyinə inteqrasiyasında mühüm rol oynayır.

Digər xəbərlər