Türk-sovet kollokviumun iyirmi illiyi qeyd edildi
1988-ci ildə Bakıda "Kitabi-Dədə Qorqud" eposuna həsr edilmiş "Türk-Sovet kollokviumunun keçirilməsi Azərbaycan ictimai-mədəni həyatında əlamətdar bir hadisə oldu. Sovet hakimiyyətinin son illərinə təsadüf edən bu böyük hadisə, sanki gələcək günlərdən, müstəqillik illərində daha da möhkəmlənən bugünkü Azərbaycan-Türkiyə dostluq və qardaşlığından xoş müjdələr verirdi.
İlk mənəvi-elmi körpü rolunu oynayan kollokviumda həmin vaxta qədər "Kitabi-Dədə Qorqud"u ayrı-ayrılıqda tədqiq edən rusiyalı, türkiyəli, azərbaycanlı, türkmənistanlı, qazaxıstanlı filoloqların bir araya gəlməsi tədbirin dəyərini təkcə elm adamları arasında deyil, geniş ictimaiyyət arasında da artırdı. Bu kollokviumun keçirilməsi ilə Sovet İttifaqı ölkələrində və digər dövlətlərdə "Kitabi-Dodə Qorqud"" dastanının elmi problemlərinə diqqət daha da artdı.
Əsərləri Azərbaycanda böyük maraqla oxunan türkiyəli məşhur türkoloqlar-Orxan Şaiq Gökyay, Bahəddin Ögəl, Əhməd Bican Ercilasun, Osman Fikri Sərtqaya, Fikrət Türkmən, Saim Sakaoğlu, Tuncər Gülənsoy ilk dəfə Bakıya təşrif buyurdu. Rusiya, Azərbaycan və Orta Asiya alimlərindən Aydın Məmmədov, Tofiq Hacıyev, Kamal Abdullayev, Tofiq Məlikli, Süleyman Əliyarlı, Kamil Vəliyev, Şakir İbrayev, Xaliq Koroğlu, Erden Kajıbayov, Süleyman Qayıpov, Annaqurban Aşırovun kollokviumda iştirakı, Dədə Qorqud abidələri haqqında məruzələri təkcə elmi önəm kəsb etmədi, eyni zamanda, Dədə Qorqud dastanlarının bir-birinə bağlılığı türk xalqlarının çağdaş dönəmdə də yaxınlaşması və daimi işbirliyi perspektivlərini də işıqlandırdı.
İyunun 20-dən 22-dək davam edən ötən üç gün ərzində Bakı Slavyan Universitetində həmin tarixi kollokviumun 20 illik yubiley tədbirləri keçirildi. İyirmi il sonra keçirilən tədbirdə yenə də o zaman kollokviumda iştirak edən alimlər toplaşmışdılar. İştirakçılar - Türkiyədən professorlar Əhməd Bican Ercilasun, Osman Fikri Sərtqaya, Fikrət Türkmən, dosent Ayşə Yücəl Çətin, Rusiyadan professor Tofiq Məlikli, Azərbaycandan professorlar Kamal Abdulla, Tofiq Hacıyev, Süleyman Əliyarlı və s., eləcə də onların görüşünə toplaşan müəllim və tələbələr ötən illər ərzində dünyasını dəyişmiş kollokvium iştirakçılarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Bu tədbirlər çərçivəsində müxtəlif görüşlər, elmi disputlar, müzakirələr və sonda iştirakçı alimlərin kitablarının təqdimat mərasimi keçirildi. Görüşlər özünün səmimi ab-havası və işgüzar xarakteri ilə seçilirdi. Əlavə olaraq tədbir iştirakçılarının BSU tələbələrinə ustad dərsləri təşkil olunmuşdu.
Tədbir zamanı səslənən maraqlı təkliflərdən biri Bakı Slavyan Universitetinin nəzdində "Dədə Qorqud Mərkəzi"nin yaradılması ilə bağlı idi. "Dədə Qorqud" mövzusunda yazılan elmi əsərlərin sayı olduqca çoxdur. Bəzi gənc alimlər dünyanın müxtəlif yerlərində bu mövzuda çap olunan məqalələrdən, əsərlərdən xəbərsizdirlər. "