BMT-nin Baş katibi dünya ictimaiyyətinə müraciət ünvanlayıb
Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, BMT-nin Baş katibi Ban Gi Mun 20 İyun Ümumdünya Qaçqınlar Günü münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, bütün dünyada milyonlarla insan zorakılıq, təqib və münaqişələr nəticəsində yurd-yuvasından didərgin düşüb.
Bu şəxslərin və ailələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələrdəndirlər və onlar qlobal iqtisadi böhranın yaratdığı sərt şəraitə xüsusilə həssasdırlar. Builki Ümumdünya Qaçqınlar Gününün "Real insanlar, real ehtiyaclar" adlı mövzusu da qaçqınların hətta ölkələri də daxil olmaqla nələri itirdiyini və humanitar təşkilatlar tərəfindən onlara kömək etmək üçün nə qədər fəaliyyətə ehtiyac olduğunu vurğulayır.
BMT-nin Baş katibi qaçqınların əsas ehtiyaclarının ödənilməsində boşluqların olduğunu diqqətə çatdırır: sığınacaq, səhiyyə xidmətləri, təhsil, qida, təmiz su, sanitariya, habelə, zorakılıq və sui-istifadədən müdafiə. Zəif qidalanmanın, o cümlədən, ölüm hallarının səviyyəsi yurd-yuvalarından didərgin düşmüş əhali arasında daha da yüksəkdir. Tənha qadın və qızlar istismara xüsusilə məruz qalan təbəqədir. Təcrübə göstərir ki, təhsillərini davam etdirənlər bu cür sui-istifadəyə daha az məruz qalırlar. Qaçqınlar üçün təhsil ocaqlarının tikilməsi və dayanıqlığının saxlanılması üçün daha çox resurslara ehtiyac var. Bu və bir çox digər boşluqları aradan qaldırmaq üçün böyük əmək sərf etmək və səy göstərmək tələb olunur. Bu baxımdan, cavab tədbirlərimizin əsasını həmrəylik təşkil etməlidir. Bu, xüsusən də, iqtisadi böhranın humanitar və inkişaf təşkilatlarının büdcəsinə təzyiq göstərdiyi hazırkı şəraitdə daha vacibdir.
"Bu Ümumdünya Qaçqınlar Günündə gəlin birlikdə münaqişə, təzyiq və çevriliş nəticəsində yurd-yuvasından didərgin düşən insanların daha firavan həyat qurmaq üçün onlara lazım olan dəstək və xidmətləri əldə etdiklərini təmin edək" deyə Ban Gi Mun müraciətini yekunlaşdırıb.