Yaponiya Azərbaycanla əməkdaşlığa böyük önəm verir
Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Taro Aso ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə Azərbaycan ilə Yaponiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti, regional və qlobal məsələlər müzakirə olunub.
Yaponiyanın Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini bildirən Baş nazir T.Aso siyasi və iqtisadi sahələrdə əlaqələrin mövcud səviyyəsindən məmnunluğunu ifadə edib. Xüsusilə, ölkələrimiz arasında enerji sahəsində səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edərək, yapon şirkətlərinin Azərbaycanda "Azəri-Çıraq-Günəşli" və Bakı-Tbilisi-Ceyhan layihələrindəki iştirakını vurğulamış, Yaponiya hökumətinin Azərbaycan ilə digər sahələrdə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Nazir E.Məmmədyarov Prezident İlham Əliyevin Yaponiyanın Baş naziri T.Asoya ünvanlanmış dəvət məktubunu təqdim edib. Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan E.Məmmədyarov əksər regional və beynəlxalq məsələlərə münasibətdə ölkələrimizin eyni mövqeyi bölüşdürdüyünü bildirib. Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində mövcud əməkdaşlığından məmnunluğunu ifadə edən nazir digər sahələrdə də əlaqələrin səmərəli olacağını vurğulayıb. E.Məmmədyarov qeyd edib ki, Azərbaycan qeyri-neft sektoruna yapon texnologiyalarının cəlb olunmasında maraqlıdır. Görüşdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsinin və regiondakı qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Nazir E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində nizamlanmasına verdiyi dəstəyə görə Yaponiya tərəfinə təşəkkür edib.