Serj Sarkisyan Ermənistanı vətəndaş müharibəsinə sürükləyir
Bu günlərdə Ermənistanda, Gürcüstanda baş verənlər böyük bir qeyri-sabitliyə və qalmaqala səbəb olmuşdur. Gürcüstanda müxalifətin səngimək bilməyən kütləvi etiraz mitinqləri, Ermənistanda aparılan qeyri-qanuni seçkilər və onun nəticəsində mövcud hakimiyyətə qarşı keçirilən etiraz mitinqləri xarici müşahidəçilərin də gözündən yayınmır. Hətta Ermənistanda elə bir qarışıq vəziyyət yaranıb ki, beynəlxalq təşkilatlar buraya müşahidəçi göndərilməsini zəruri hesab edir. Belə ki, artıq Avropa Şurası Parlament Assambleyasının Ermənistan üzrə həmməruzəçiləri Corc Kolumbye və Con Preskot Yerevanda səfərdədir.
Onların səfərinin məqsədi qurumun yay sessiyası qabağı Ermənistandakı siyasi vəziyyət, eləcə də 2007-ci il1-2 mart hadisələrinin istintaqı ilə maraqlanmaqdır. Görünür, artıq beynəlxalq qurumlar tərəfindən də Ermənistan hakimiyyətinə inam qalmayıb. Belə ki, 2007-ci il mart hadisələri və bu il may ayının 31-də Yerevanda keçirilən mer seçkiləri böyük qalmaqallar və qarşıdurmalarla yadda qalmışdır. Hətta vəziyyət elə bir həddə gəlib çatmışdı ki, müxalifət kütləvi şəkildə meydanlara çıxaraq öz etiraz səsini ucaltmağa və hakimiyyətin istefaya getməsini tələb etməyə başlamışdı. Artıq mövcud hakimiyyətin bu mitinqlərin qarşısını almağa qadir olmadığı da göz qabağındadır.
Ölkə ərazisində elə bir hərc-mərclik yaranıb ki, bunun qarşısını almaq və yaxud hansısa bir müdaxilə etmək mümkünsüz hala çevrilib. Zor gücünə yaradılmış Serj Sarkisyan hakimiyyəti artıq baş verən proseslərdən baş çıxartmaqda çətinlik çəkir.
Bir sözlə, Ermənistan artıq idarəolunmaz vəziyyətə düşüb. Digər bir tərəfdən də ölkədə hiss olunan iqtisadi çətinlik artıq xalqın səbr kasasını doldurub. Hər zaman öz xarici himayədarlarına ümid edən Ermənistan artıq, demək olar ki, onların da böyük bir hissəsindəni məhrum olub. Belə ki, bu günlərdə ABŞ hökumətinin verdiyi açıqlamaya görə Ermənistana verilən illik maliyyə yardımı dayandırılıb. Beləliklə, Ermənistan böyük miqdarda pul vəsaitindən məhrum edilib. Lakin bütün bunlara baxmayaraq, bu günlərdə yayılan məlumata görə, Ermənistan tərəfi Azərbaycan və Gürcüstana daha böyük maliyyə yardımı ayrılmasına görə də öz etirazını bildirib. Bu da ənənəvi Ermənistan siyasətinin bir göstəricisidir.
Yuxarıda qeyd etdiyimiz kimi, artıq beynəlxalq müşahidəçilər də bu barədə məruzə hazırlamaq üçün Ermənistana göndəriliblər. Parlamentarilər yay sessiyasında rəsmi Yerevanın bu sahədə öhdəlikləri yerinə yetirməməsi haqda məruzə ilə çıxış etməlidirlər. Həmməruzəçilər bu sahədə hələ də irəliləyişin əldə olunmadığı haqda artıq indidən məlumatlandırılıblar. Onlara məlumat verilib ki, hüquq-mühafizə orqanları Ermənistanda prezident seçkisindən sonrakı hadisələrin şahidlərini dindirərkən, təzyiq metodlarından istifadə edirlər. Üstəlik, istintaq xidməti və respublika prokurorluğu, ombudsman aparatı bu iddialara saymazyana yanaşır. Nəticədə şahidlər məhkəmə salonunda bir çox hallarda öz ifadələrindən imtina etməli olurlar.
Belə antidemokratik bir vəziyyətin mövcudluğunu nəzərə alsaq, Ermənistana qarşı qəti sanksiyaların tətbiq olunması artıq qaçılmazdır. Lakin, məruzəçilərin yay sessiyasında Ermənistan haqqında edəcəkləri məruzə də bu mənada böyük rola malikdir. Qeyd edək ki, Ermənistanda prezident seçkiləri zamanı baş verən qarşıdurmalara da münasibət bildirilərkən ikili standartlara yol verildiyinin şahidi olmuşduq. Görəsən, bu dəfə necə olacaq?