Almaniya Bundestaqı “Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın gücləndirilməsi” adlı qətnamə qəbul edib
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata əsasən, Almaniya Bundestaqı bu ölkənin parlamentinin tarixində ilk dəfə olaraq, "Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın gücləndirilməsi" adlı qətnamə qəbul edib.
Parlament respublikası olan AFR-in ali orqanı-Bundestaq bu qətnamənin qəbul edilməsi ilə Cənubi Qafqazın hər üç dövlətinin ərazi bütövlüyünü tanıyır və regiondakı münaqişələrin məhz bu dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həllini dəstəkləyir. Qətnamədə beynəlxalq hüququn münaqişələrin həlli məsələsində dövlətlərin razılığı olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinə dair əsas prinsip üstün tutulur. Qəbul olunan qətnamədə deyilir: "Bütün dövlətlər Azərbaycanın, Gürcüstanın və Ermənistanın ATƏT-in Paris Xartiyası ilə müəyyən edilmiş öz tərəfdaşlarını və müttəfiqlərini azad seçmək hüququnu tanımalıdır. ATƏT Xartiyasının prinsipləri ərazi bütövlüyü və suverenlik hüquqlarını təmin edir. Sərhədlər yalnız tərəflər arasında razılaşma əsasında dəyişdirilə bilər. Bu prinsiplər Cənubi Qafqazda və eləcə də, Avropanın digər regionlarında münaqişələrin həlli üçün bütün səylərin əsasını təşkil edir".
Sənəddə Bundestaq Almaniya hökumətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrin, eləcə də, Avropa Şurası və ATƏT-in qərar və qətnamələrinin tələblərini bütün tərəflərin yerinə yetirməsi üçün səylərini səfərbər etməyə çağırır. Almaniya Bundestaqı hökumətdən, eyni zamanda, Cənubi Qafqazdakı münaqişələrin həlli məqsədilə göstərilən səylər çərçivəsində bütün qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtması da daxil olmaqla, bu məsələnin həlli ilə bağlı fəallığı artırmağı tələb edir. Bundan başqa, qətnamə ilə bağlı canlı keçirilmiş birinci parlament dinləmələrində Almaniya Bundestaqında təmsil olunan bütün fraksiyalar (Xristian-Demokrat və Xristian-Sosialist İttifaqları, Azad Demokratlar Sosial Demokratlar, Solçular və Yaşıllar) birmənalı şəkildə Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasını pisləyib, Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən geri çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar. Dinləmələrdə işğal olunmuş ərazilərdə etnik təmizləmə aparılaraq əhalinin öz yurd-yuvalarından qovulması pislənilib, qaçqın düşmüş insanların geriyə qaytarılmasının zəruriliyi qeyd olunub.
İkinci parlament dinləmələrində isə qətnamə canlı müzakirələr keçirilmədən yekdilliklə qəbul olunub. Qətnamədə münaqişələrin mövcud olduğu Cənubi Qafqaz regionundakı vəziyyətin beynəlxalq birlik və Avropanın diqqətini cəlb etməsi, həll olunmamış münaqişələrin hər zaman gərginliyin artması və silahlı qarşıdurmalara, bunun da həm regionun özü, həm də qonşuluqda yerləşən dövlətlər, o cümlədən, Avropa üçün arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi fikri əksini tapıb. Sənəddə regional münaqişələrlə yanaşı, Cənubi Qafqazda sabitliyin gücləndirilməsi, demokratiyanın inkişafı, infrastrukturun bərpası, enerji sahəsində əməkdaşlıq, viza rejiminin sadələşdirilməsi və s. məsələlər də yer alıb.