Ermənistan yenə də öz ampluasında
Artıq son bir neçə aydır ki, Ermənistan-Azərbaycan sərhədindən Azərbaycana tərəf tək-tək və yaxud da kütləvi şəkildə keçməsi müşahidə olunur. Əlbəttə, onlar dərhal tutularaq saxlanılır. Belə bir halın bir deyil, bir neçə dəfə təkrar olunması bir tərəfdən Azərbaycan tərəfində narahatlıq doğurursa, digər tərəfdən Ermənistan ordusunda olan acınacaqlı vəziyyətdən xəbər verir.
Maraqlı cəhət də ondan ibarətdir ki, Azərbaycan ərazisinə keçən erməni əsgərlərinin əksəriyyəti Dağlıq Qarabağda hərbi xidmətdə olanlardır. Onların cəbhə xəttini keçmələrini əsas səbəbi kimi isə orduda olan neqativ hallar və aclıqdır. Onlar ordunun çox pis vəziyyətdə olduğunu və buna görə də gənclərin kütləvi şəkildə ordudan yayınması halının müşahidə olunduğunu bildirirlər. Görünür, Ermənistan ordusunda elə bir acınacaqlı ab-hava hökm sürür ki, bu, əsgərləri düşmən tərəfinə keçməyə vadar edir. Əlbəttə, onlar buradan üçüncü bir ölkəyə keçmək istədikdə də Azərbaycan tərəfi beynəlxalq normalara əməl edərək onların üçüncü ölkəyə keçmələrində yardımçı olur.
Lakin son günlərdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər maraqlı olduğu qədər də, absurddur. Belə ki, o, verdiyi bəyanatda Azərbaycanın BMT-nin normalarına qarşı çıxaraq erməni əsgərlərini televiziyaya çıxartmaqda ittiham etmişdir. Lakin görünür, Ermənistan XİN-in özü beynəlxalq normaları yaxşı dərk etmir. Belə ki, BMT-nin Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi barədə qəbul etdiyi dörd qətnamənin icrasını həyata keçirmək tələb olunduğu halda, Ermənistan bundan boyun qaçırır. Görünür, E.Nalbandyan və onun hakimiyyəti bunları arxa plana salmaqla, yalnız özünə sərf edən qanunları önə çəkir. Buna görə də, onların Azərbaycana heç bir irad tutmaq ixtiyarları yoxdur.
Digər bir tərəfdən də, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ikili standartların tətbiq olunması da bu məsələdə ona haqq qazandırılacağına şübhə yaradır. Elə, ermənilər də buna güvənərək belə bəyanatlarla çıxış etməkdən çəkinmirlər. Belə hallar tez-tez müşahidə olunmaqdadır.
Lakin ermənilərin Azərbaycan tərəfinə keçmələrinin məqsədli şəkildə Ermənistan hakimiyyəti tərəfindən həyata keçirildiyini də iddia edənlər az deyildir. Məhz Ermənistan XİN-in bəyanatından sonra buna bir daha əmin olmaq olar. Deməli, ermənilərin gəlib özlərini burada yazıq vəziyyətdə göstərmələrindən də Ermənistan hakimiyyəti istifadə edərək bundan öz xeyri naminə faydalanmağa çalışır.
Lakin bütün bunlara baxmayaraq, erməni əsgərləri hər zaman öz çıxışlarında Ermənistan ordusundan narazı olduqlarını, ümumiyyətlə, Ermənistanda sosial, siyasi, iqtisadi vəziyyətin ağır olduğunu və Ermənistanda yaşamağın mümkünsüzlüyü barədə ətraflı şəkildə məlumat vermişlər. Bu isə nəinki Ermənistan ictimaiyyətinin, həmçinin, dünya ictimaiyyətinin diqqətinə dəfələrlə çatdırılmışdır. İndi beynəlxalq təşilatların buna layiqli qiymət verməsi daha düzgün olardı. Bu gün bütün siyasi-iqtisadi, sosial proseslərin qeyri-demokratik şəkildə həyata keçirildiyi, hərc-mərcliyin baş alıb getdiyi bir ölkəyə qarşı heç bir sanksiyanın tətbiq olunmaması, əlbəttə ki, bu ölkənin rəhbərliyi tərəfindən ittihamedici bəyanatların səsləndirilməsinə səbəb olur. Sonda isə ikili standartlardan əziyyət çəkən Azərbaycan dövləti olur ki, onun da artıq səbri tükənmişdir. Biz Ermənistanda baş verənlərə layiqli qiymət verilməsinin tərəfdarıyıq.