PDF Oxu

Araşdırma

  • 12

Debnad Şounun: “Azərbaycan və Hindistan xalqları arasında mədəni, iqtisadi və elmi əlaqələr çoxminillik tarixə əsaslanır”

Debnad Şounun: “Azərbaycan və Hindistan xalqları arasında mədəni, iqtisadi və elmi əlaqələr çoxminillik tarixə əsaslanır”
Dünən Hindistanın Azərbaycandakı səfiri Debnad Şounun mətbuat konfransı və səfirliyin yeni internet saytının təqdimatı keçirilib.  Azərbaycan ilə Hindistan xalqları arasında dostluğun çoxəsrlik tarixi olduğunu xatırladan səfir bildirib ki, internet saytının ana səhifəsində Atəşgah məbədi yerləşdirilib. Onun sözlərinə görə, bu qədim məbəd Hindistandan Azərbaycana gələn səyyahlara həm ziyarət, həm də sığınacaq yeri olub.
Siyasi əlaqələrin inkişafı üçün liderlərimiz və rəsmilərimiz arasında birbaşa dialoqun əldə olunmasının vacibliyini vurğulayan diplomat deyib ki, onu inkişaf etdirmək üçün xarici işlər nazirləri səviyyəsində məsləhətləşmələr aparılır və növbəti danışıqların bu yaxınlarda Bakıda keçiriləcəyi gözlənilir.
Bundan əlavə, Azərbaycan ilə Hindistan arasında ticarət, iqtisadi və elmi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Komissiyanın həmsədrləri Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Hindistanın ticarət üzrə dövlət naziri Cayram Rameşdir.
Səfir qeyd edib ki, ölkələrimiz arasında iqtisadi sahədə əlaqələr, əsasən, Azərbaycandan xam neftin alınması üzərində qurulub. Keçən il Hindistandan Azərbaycana idxal 110 milyon dollar, Azərbaycandan Hindistana ixrac isə 2,4 milyard dollar təşkil edib.
Debnad Şou bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəndən və Hindistan şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə müqavilə imzalamasından sonra Azərbaycandan neftin alınması xeyli artıb. Hindistandan Azərbaycana isə, əczaçılıq, tekstil və geyim məhsulları, çay, dondurulmuş ət və s. gətirilir.
Humanitar əməkdaşlığa toxunan diplomat bildirib ki, hazırda Azərbaycanda 500-dək Hindistan vətəndaşı yaşayır. Bakıda 50 hind, Hindistanda isə 1 azərbaycanlı tələbə təhsil alır. Bu ilin sonunadək ölkəmizin musiqi və rəqs qruplarının Azərbaycana səfərləri də planlaşdırılır.

Digər xəbərlər