PDF Oxu

Araşdırma

  • 12

Müəllimlərin işə qəbulu diqqət mərkəzində saxlanılacaq

Müəllimlərin işə qəbulu diqqət mərkəzində saxlanılacaq
Ötən dərs ili ərzində müəllimlərin işə qəbulu ilə bağlı nəzarətin bu il də diqqət mərkəzində saxlanılacağını deyən təhsil naziri Misir Mərdanov bunun səbəbini açıqlayıb. Onun sözlərinə görə, buna səbəb orta məktəblərdə müəllimlərin çoxluğunun olmasıdır: "Ona görə də, bu gün Təhsil Nazirliyin rəyi olmadan orta məktəblərə yeni müəllim götürmək olmaz".
Təhsil naziri onu da bildirib ki, bu qadağa ilk növbədə, təhsilin keyfiyyətinin qaldırılmasına və işləyən müəllimlərin normal əməkhaqqı ala bilməsinə xidmət edir: "Təhsil Nazirliyi müəllimlərə, hələlik, minimum 6 saat dərs yükü verilməsini vacib sayır və bu barədə xüsusi göstəriş də var. Yəni dərs yükü 6 saatdan az olan müəllimi işə götürmək olmaz. Bu qayda indi yox, əvvəldən belədir. Lakin növbəti ildə müəllimlərin minimum dərs yükünü bir az da qaldıracağıq. Çünki açığını deyim ki, 6 saat dərs deyən müəllim nə lazımi səviyyədə işləyə bilər, nə də normal maaş alar".
M.Mərdanov Korrupsiyaya Qarşı Mübarizə Fondunun orta məktəblərdə antikorrupsiyaya dair dərslər keçəcəyini də qeyd edib. Bununla bağlı hazırlamış layihə artıq təsdiq olunub və onun icrasına başlanıb. Layihə çərçivəsində şagirdlər nəzəri biliklər əldə etməklə yanaşı, həm də korrupsiya hallarından qaçmaq üçün davranış qaydalarını, ünsiyyət bacarıqlarını öyrənəcəklər. Bu layihənin məqsədi şagirdləri mənəvi-əxlaqi dəyərlər sistemimizi zədələyən korrupsiya fenomeni ilə tanış etmək, azərbaycanlı ailəsi və təhsil müəssisələrində korrupsiyaya qarşı dözülməz münasibəti formalaşdırmaqdan ibarətdir. Bunun üçün hər məktəbdə bir dərs ili ərzində 4 dərs keçiriləcək. Birinci dərs "Korrupsiyanın coğrafiyası", II dərs "Korrupsiya anlayışı və onun neqativ nəticələri", III dərs "Qanunlar", IV dərs "Korrupsiya və mən" mövzularını əhatə edəcək. Artıq ilk belə dərslər keçirilib.

Digər xəbərlər