Ermənistan - dərin çətinliklər məngənəsində
Ermənistanda müşahidə olunan qeyri-sabit durum artıq xeyli müddətdir ki, davam etməkdədir. Buna əsas səbəb kimi isə, Ermənistan hakimiyyətinin səriştəsiz siyasəti ilə yanaşı, Yerevan meriyasına sahib olmaq uğrunda gedən mübarizə də göstərilir. Hətta bu günlərdə "Freedom House" təşkilatı da mer seçkilərilə bağlı rəsmi bəyanat yayıb. Təşkilat Ermənistan hökuməti, Ermənistanın bütün siyasi partiyalarını bazar günü keçiriləcək mer seçkilərində beynəlxalq standartlara riayət olunması və seçicilərin iradəsini təmin etməyə çağırıb. Freedom House qeyd edir ki, bu, ötən il Serj Sarkisyanın mübahisəli prezident seçkisində qalib gəlməsindən sonra çoxpartiyalılıq əsasında keçirilən ilk səsvermədir. Təşkilatın Avropa üzrə direktoru Vladimir Sokolnikov deyib ki, İrəvanda mer seçkisi vətəndaşların demokratik proseslərə inamının bərpasına başlamaq üçün əlverişli və mühüm imkandır və bunu əldən vermək olmaz.
Qeyd edək ki, bazar günü keçiriləcək səsvermə Ermənistanın müstəqillik qazanmasından bəri Yerevan merinin ilk dəfə olaraq prezidentin təyinatı ilə deyil, seçicilərin iradəsi ilə seçiləcəyini mümkün edəcək.
Xatırladaq ki, Ermənistanda ötən ilin prezident seçkisi səsvermə saxtakarlığı haqda iddialara və müxalifət nümayişçiləri ilə polis arasında şiddətli toqquşmalara səbəb olmuşdu. Hakimiyyət o zaman 100 nəfərdən çox insanı həbs etdi və 3 həftəlik fövqəladə vəziyyət elan etdi.
Bu amillərin doğurduğu acı nəticələri Ermənistan tarixinə nəzər saldıqda aydın görmək olar. Belə ki, bir müddət bundan öncə hakimiyyətə sahib olmaq uğrunda aparılan mübarizədə müşahidə olunan vəziyyət hamının yadındadır. Hərçənd ki, bu hadisələrə qarşı heç bir beynəlxalq qurum tərəfindən münasibət bildirilməmişdi, lakin Ermənistanda baş verənlər heç də demokratik prinsiplərə sığmayan siyasi proseslər idi. Belə ki, Serj Sarkisyanın hakimiyyətə gəlməsi müqabilində minlərlə əhali öz hüquqlarından məhrum olundu, onlara qarşı zor tətbiq edildi. Bu günlərdə isə Yerevanda hakimiyyətə qarşı müxalifətin kütləvi etiraz mitinqlərində prezident S.Sarkisyanın itefası tələbləri səsləndirildi. Bütün bu baş verənlər isə, əlbəttə ki, hazırkı hakimiyyətin yeritdiyi səriştəsiz siyasətdən xəbər verir. Əslində, həmişə Rusiyanın forpostu olmuş bir ölkədə belə bir vəziyyətin müşahidə olunması heç də təəccüblü deyil. Lakin artıq Rusiyanın dünya maliyyə böhranından xeyli miqdarda əziyyət çəkdiyi bir vəziyyətdə onun Ermənistandan da üz döndərməsi istisna deyil. Hətta belə bir vəziyyətin yaranacağı təqdirdə də Ermənistanın himayəsiz qalmadığını müşahidə edirik. Bu dəfə isə İran tərəfindən Ermənistana yardım göstərilməsi, İranın da yeritdiyi siyasətin birbaşa Azərbaycana qarşı çevrildiyini sübut etmiş olur.
Bir müddət əvvəl Ermənistan prezidentinin İrana səfəri və apardığı danışıqlar da bir daha bunu sübut etmiş oldu. Aparılan danışıqlar zamanı Ermənistanla İran arasında dəmiryol xəttinin çəkilməsi və Ermənistanın İran tərəfindən qaz ilə təchizatı prioritet məsələlər olaraq önə çəkilmişdir. Onu da qeyd etmək lazımdır ki, artıq inşasına başlanılan dəmiryol xəttinin hətta işğal olunmuş rayonlardan - Ermənistan-Azərbaycan sərhədindən keçməsi planlaşdırılır. Bəlkə də, elə bütün bunlar Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri - konstruktiv mövqe göstərməyə vadar edən amillərdir.
Ermənistanın indiki çətin vəziyyətində ona kömək olacaq digər bir qüvvə isə, erməni lobbisi ola bilər ki, o da göstərilən yardım əvəzində Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi mövqeyi yumşaltmaq deyil, əksinə, daha da sərtləşdirmək məqsədi güdür. Ermənilərin güclü dünya lobbisi ilə Ermənistan rəhbərliyinin qarşıdurması ölkənin siyasi və iqtisadi durumuna mənfi təsir etdiyi artıq hamıya məlumdur. Erməni diasporu, həqiqətən də, dünyada böyük gücə malikdir. Lakin problem burasındadır ki, diaspor regiondakı durumu, erməni xalqı qarşısında duran iqtisadi mübarizəni və Qafqazın çətin və sabit olmayan reallıqlarını nəzərə almır. Erməni siyasi ekspertləri də belə düşünürlər ki, ölkə rəhbərliyinin hazırkı siyasəti erməni lobbisinin başadüşülən narazılığına səbəb olur. Onlar belə hesab edirlər ki, diaspor Ermənistanın, eyni zamanda, həm sərvəti, həm də problemidir. Diasporun əsas məqsədi 1915-ci il qondarma erməni "soyqırımı"nın beynəlxalq aləmdə tanınması, Dağlıq Qarabağın öz müqəddəratını müəyyən etməsi və Gürcüstandakı erməni icmalarının hüquqlarının qorunmasıdır.
Hazırda isə Ermənistanın tək ümidi mer uğrunda keçiriləcək seçkilərdə qalib gəlməkdir. Əgər bu seçkilər də digərləri kimi qeyri-qanuni keçərsə, o zaman Ermənistanın vəziyyəti daha da gərginləşəcək.