MOSKVADA NƏŞR OLUNAN “VESTNİK AKUALNIX PROQNOZOV” JURNALINDA E.AXUNDOVANIN “HEYDƏR ƏLİYEV. ŞƏXSİYYƏT VƏ ZAMAN” KİTABINA DAİR RƏY DƏRC EDİLİB
Moskvada "Vestnik aktualnıx proqnozov" jurnalında yazıçı Elmira Axundovanın fundamental əsəri - üzərində işini hələ davam etdirdiyi "Heydər Əliyev. Şəxsiyyət və Zaman" dörd cildlik roman-tədqiqat kitabına dair rəy dərc edilib.
Məlum olduğu kimi, bu nəşrin təqdimatı Moskvada Dövlət Kütləvi Kitabxanasında, habelə Sankt-Peterburqda böyük uğurla keçib. Azərbaycan haqqında dəfələrlə maraqlı materiallar dərc etdirmiş görkəmli Rusiya tənqidçisi, "Vestnik aktualnıx proqnozov" jurnalının şöbə müdiri Lyudmila Lavrova jurnalda dərc olunmuş məqaləsində görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev Şəxsiyyətinin tədqiq olunması sahəsində yazıçı Elmira Axundovanın ən mühüm nailiyyətlər əldə etdiyini vurğulayıblar. Lyudmila Lavrova müəlifin topladığı tarixi materialın əhatəliyinə və nadir olmasına diqqət yetirərək, XX əsrin ortalarında və axırlarında Sovet İttifaqının siyasi həyatında çox da sadə olmayan vəziyyətin və faktların işıqlandırılması üsulunun konstruktiv xarakterini qeyd edib. Bu gün tarixi həqiqəti təhrif etmək üçün həmin dövr haqqında bir çox əfsanələr yaradılır, şəraitlə əlaqədar bütöv konsepsiyalar irəli sürülür və L.Lavrovanın fikrincə, müasir Rusiya tarixşünaslığı əsasən bundan əziyyət çəkir. Elmira Axundova şüurlu surətdə obyektiv tədqiqatçı yolunu seçmiş və nəticədə zamanın mənzərəsi, onun personajları və ən əsası Baş Qəhrəman-Heydər Əliyev Şəxsiyyəti parlaq, geniş təcəssümünü tapıb.